Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (87)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1999-cu il 13 oktyabr
Prezident Heydər Əliyev Naxçıvana səfəri
zamanı Cəlil Məmmədquluzadənin Ev-Muzeyinin
açılış mərasimində iştirak edib.
“...Azərbaycan bizi əhatə edən istər uzaq,
istər yaxın – bütün Şərq ölkələrindən
bu gün fərqlənir. Nəyə görə fərqlənir?
Əgər bizim ulu babalarımız, əcdadlarımız Azərbaycanda
mədəniyyəti, elmi, dünyəviliyi, tərəqqini
yaratmasaydılar, onu inkişaf etdirməsəydilər, bəli,
Azərbaycan belə olmazdı. Azərbaycan öz milli ənənələrini,
dəyərlərini, dini dəyərlərini qoruyaraq,
saxlayaraq, inkişaf etdirərək eyni zamanda dünyəvi mədəniyyətə
doğru gedibdir. Azərbaycan xalqının buna nail
olmasında Azərbaycanın böyük simalarının, o
cümlədən dahi insan Cəlil Məmmədquluzadənin
xüsusi xidməti və rolu olubdur.
Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət
dünyaya gəlməsəydi, öz fəaliyyətini
göstərməsəydi, əgər “Molla Nəsrəddin”
jurnalı yatmış insanları qaranlıqdan
çıxarmağa çalışmasaydı, əgər
onun “Ölülər” əsəri insanların
gözünü real dünyaya açmasaydı,
xalqımız bu qədər inkişaf edə bilməzdi. Bu
sözlər təkcə Cəlil Məmmədquluzadəyə
aid deyil, bizim çox dahilərimizə aiddir... Hesab edirəm
ki, onun fəaliyyətinə, yaradıcılığına nə
qədər yüksək qiymət versək də, yenə də
onun borcundan çıxa bilmərik.
...Xatirimdədir, mən 70-ci illərdə Bakıda
bizim bir neçə ədəbiyyat, musiqi, mədəniyyət
xadimlərinin ev-muzeylərinin açılması haqqında
qərarlar qəbul edərkən Cəlil Məmmədquluzadənin
ev-muzeyi haqqında da qərar qəbul etdim. İşlədiyim
dövrdə Üzeyir Hacıbəyovun, Səməd
Vurğunun, Bülbülün, Cəfər Cabbarlının
ev-muzeylərini yaratdım. Amma (Moskvaya) gedəndən sonra
işlər yarımçıq qaldı.
...Mən gəlib Bakıda Cəlil Məmmədquluzadənin
ev-muzeyini yaratdım. Bunu, şübhəsiz ki, burada da etmək
istəyirdim... Bu da mənim arzum idi. Bu arzuma da çatdım.
İndi sizinlə birlikdə Cəlil Məmmədquluzadənin
Naxçıvanda, doğulduğu, yetişdiyi bu torpaqda,
yaşadığı evin qarşısına gəlmişik və
burada yaradılmış muzeyi birlikdə
açırıq... Mirzə Cəlilin irsi, şəxsiyyəti,
xidmətləri Azərbaycan xalqının qəlbində əsrlərlə
yaşayacaqdır...”.
1999-cu il 14 oktyabr
Naxçıvan şəhərində Şərq
memarlığının incilərindən sayılan, XII əsrdə
görkəmli memar Əcəmi Əbubəkr oğlu
Naxçıvaninin yaratdığı Mömünə
xatın türbəsini ziyarət edib. Muxtar respublikanın əməkdar
mədəniyyət işçisi Arif Qədimov türbə
və Atabəylər dövlətinin tarixinə dair
yaradılmış ekspozisiya haqqında ətraflı məlumat
verib. Heydər Əliyev ona təşəkkürünü
bildirib və nitq söyləyib.
“Sən bu gün çox gözəl məlumat verdin,
çox sağ ol, təşəkkür edirəm. Ancaq, əlbəttə
ki, məni incidən odur ki, bizim xalqımız öz tarixini,
mədəniyyətini... birincisi, öz xalqına göstərə
bilməyib, ikincisi də dünyaya göstərə bilməyibdir.
Bu baxımdan, məsələn, mərhum akademik Ziya
Bünyadovun əsəri, deyə bilərəm ki, Azərbaycan
tarixində yazılmış ən qiymətli əsərlərdən
biridir. Azərbaycanda işlədiyim zaman bu əsərə
görə ona Dövlət mükafatı verdim... Allah ona rəhmət
eləsin. Onun irsini, tarixçilik, tədqiqatçılıq
fəaliyyətini davam etdirmək lazımdır... Mən bu
gün buradan Azərbaycanın tarixçilərinə, Elmlər
Akademiyasına öz göstərişlərimi verirəm:
tarixçilərimiz Azərbaycanın qədim tarixi, orta əsrlər
tarixi sahəsində onun kimi fəaliyyət göstərsinlər
və belə dəyərli əsərlər yaratsınlar...
...Əcəmi Naxçıvani və onun
yaratdığı məktəb təkcə
Naxçıvanı əhatə etmir, Şərq aləminin
böyük bir hissəsində onun memarlıq üslubu davam
edib. Ancaq hesab edirəm ki, bu abidənin memarlıq qiyməti
ilə bərabər, bizim üçün bəlkə daha da
böyük qiyməti Azərbaycanın qədim dövlət
olmasını göstərməsidir. Bu, təkcə
memarlığın zənginliyini yox, dövlətçiliyin
nə qədər zəngin olduğunu, nə qədər
möhkəm olduğunu da göstərir...”.
1999-cu il 10 noyabr
Azərbaycanın bir qrup yazıçı və
şairini (xalq yazıçıları Anar, Hüseyn Abbaszadə,
xalq şairləri Bəxtiyar Vahabzadə, Qabil, Fikrət Qoca)
qəbul edib. Onlar İstanbulda keçiriləcək (17-19
noyabr) ATƏT sammitində guya Dağlıq Qarabağ məsələsi
ilə bağlı Azərbaycanın maraqlarına cavab verməyən
sazişin imzalanacağı barədə yayılan xəbərlərin doğurduğu
ictimai narahatlığı nəzərə alaraq belə bir
görüş üçün müraciət etmişdilər.
“...Siz bilirsiniz ki, mənim ədəbiyyat, elm, mədəniyyət,
incəsənət xadimlərinə xüsusi hörmətim
var... Ona görə də sizinlə görüşməyim mənim
üçün də çox maraqlıdır... Siz mənə
məktub yazmısınız. Bu, təbiidir. Çox sağ
olun və indi nə mümkündür, mən sizə deyəcəyəm...
...Biz hər hansı bir nəticəyə gələ
bilsək, heç kəs narahat olmasın, bu, birinci növbədə
Azərbaycanın elə sizin kimi ziyalıları, ağsaqqal
adamları qarşısında qoyulacaqdır. İkinci,
bütün ictimaiyyətə çatdırılacaqdır.
Ücüncü, Məclisdə müzakirə
olunacaqdır... Ona görə də, bilirsiniz, bu
narahatlığın heç bir əsası yoxdur... Mən
Azərbaycanın bütün milli mənafelərini daim
sevmişəm, ona xidmət göstərmişəm və
bundan sonra da göstərəcəyəm...”.
1999-cu il 22 noyabr
Maestro Mstislav Rostropoviçi qəbul edib.
“...Siz hər il Azərbaycana gəlmək və burada
ustad dərsləri keçmək, başqa işlərlə
məşğul olmaq niyyətində olduğunuzu bildirdikdə,
şübhəsiz ki, mən bunu çox böyük məmnunluqla
və böyük fərəhlə
qarşılamışdım... Bu, bizim üçün,
ictimaiyyətimiz üçün, – özü də təkcə
musiqi ictimaiyyətimiz üçün yox, – böyük hadisədir...
Sizin ustad dərsləriniz çox görkəmli işdir...
Sizinlə musiqidə təmasda olanlar üçün, - əlbəttə,
istedadı varsa, Siz isə istedadsız adamları yaxın
buraxmazsınız, – gələcəyə yol
açılır...”.
1999-cu il 26 noyabr
Bakıda Mstislav Rostropoviçin verdiyi konsertdə
iştirak edib.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 20
dekabr(¹94).- S.5.