Özbəkistan Elmlər
Akademiyasının 80 illik yubileyində ölkəmiz də təmsil
olunub
12–13 dekabr tarixlərində Daşkənddə Özbəkistan
Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş
yubiley tədbirləri keçirilib. Tədbirlərdə
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli də
iştirak edib.
Akademik İsa Həbibbəyli çıxış edərək
Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə
olduğu kimi, elm sahəsində də əlaqələrin
daim inkişaf etdiyini bildirib. Elmlər akademiyalarının
qarşılıqlı əlaqələrindən
danışan İsa Həbibbəyli son illərdə təkcə
Azərbaycanla Özbəkistanın deyil, ümumiyyətlə,
Türk dünyasının bütün ölkələrinin
elmi qurumları arasında əlaqələrin yeni mərhələyə
qədəm qoyduğunu xüsusi vurğulayıb.
Mərasimdə Türkiyə, Qazaxıstan, Monqolustan,
Çin, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus Elmlər
akademiyalarının rəhbər şəxsləri də
çıxış ediblər.
Özbəkistan EA-nın 80 illik tarixi yolundan bəhs
edən sənədli film nümayiş etdirilib. Yerli incəsənət
ustalarının konserti olub.
Yubiley tədbirləri bölmə iclasları ilə
davam edib.
***
Özbəkistan Elmlər Akademiyasının yubileyi ilə
bir arada Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal
ideyaları və dövlətçilik” adlı beynəlxalq
elmi konfrans (11–12 dekabr) da təşkil edilib.
Konfransda ölkəmizdən AMEA-nın prezidenti
İsa Həbibbəyli, Elm və Ali Təhsil üzrə
Dövlət Agentliyinin direktoru Ülkər Səttarova,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru Rəvan Həsənov və digər
şəxslərin yer aldığı nümayəndə heyəti
iştirak edib.
Elm və Ali Təhsil üzrə Dövlət
Agentliyindən bildirilib ki, konfransın əsas məqsədi cədidlərin
maarifçilik ideyalarının təhlili və müzakirəsi,
habelə hərəkatın milli dövlətçiliyin
inkişafına verdiyi töhfənin hüquqi və demokratik
cəmiyyət quruculuğu baxımından nəzərdən
keçirilməsidir.
Qeyd edək ki, XX əsrin əvvəllərində
Türküstanda baş qaldırmış cədidçilik
hərəkatı Rusiya imperiyasında və Şərqdə
yaşayan digər müsəlmanlar arasında geniş
yayılmış mədəni-maarif islahatlarının tərkib
hissəsi olub. Cədidçiliyin əsas ideyaları təhsili
müasirləşdirmək, mədrəsələrdəki
köhnə tədris üsullarından uzaqlaşmaq, yeni
pedaqoji metodlardan və dünyəvi təhsildən istifadəyə
çağırış idi.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.6.