“Bu cür layihələr
Türk dünyasının birliyinə xidmət edir”
Xəbər verdiyimiz kimi, dekabrın 10-da “Şuşa
– Türk dünyasının mədəniyyət paytaxtı”
ilinin rəsmi bağlanış mərasimi keçirildi. Zəngin
proqramı olan mərasimdə 2023-cü il üzrə
“TÜRKSOY Media Mükafatı” da sahiblərinə təqdim
edildi.
Tədbirdən sonra mükafata layiq görülən
media nümayəndələrinin bəzilərindən təəssüratlarını
öyrəndik.
“Esrarengiz Azərbaycan” silsilə verilişlərinin
(NTV, Türkiyə) müəllifi və aparıcısı
Esra Gezginci deyir ki, Şuşada TÜRKSOY-dan mükafat almaq
çox qürurverici hissdir: “Çünki “Esrarengiz Azərbaycan”
verilişini hazırlayarkən Şuşada da çəkilişlərimiz
oldu. “Paytaxt ili”ndə Şuşada rəngarəng tədbirlər
keçirildi. Türkmənistanın Anev şəhəri
2024-cü ildə “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilib. Ümidvaram ki, gələn il orada da
çəkiliş edə biləcəyəm”.
Müəllifi və aparıcısı olduğu
veriliş haqqında məlumat verən Esra Gezginci bildirdi ki,
proqram üzrə Azərbaycanla bağlı ümumilikdə
10 veriliş çəkilib: “Proqramın 5 verilişi isə
Şuşa şəhərində lentə alınıb. Bu
verilişlər Bakıdan Şuşaya qədər uzanan
gözəl bir səyahəti özündə əks etdirir.
Deyə bilərəm ki, Şuşa ilk çəkilişimizdən
bu yana daha da abadlaşıb, gözəlləşib. Bu
gün Şuşa öz əvvəlki əzəmətini bərpa
edir. Bu da bizi çox xoşbəxt edir”.
Qazaxıstanın “Xabar 24” televiziyasının
müxbiri Merüyert Pambetova Şuşaya ilk dəfə gəldiyini
deyir: “Bu gözəl şəhəri görmək
üçün mənimlə birlikdə həyat
yoldaşım və 4 yaşlı oğlum da buradadırlar. Mənə
dedilər ki, oğlum Şuşaya xarici vətəndaş vəsiqəsi
ilə gələn ilk uşaqdır. Günortaya qədər
Şuşanı gəzmək fürsətimiz oldu.
Şuşa o qədər mükəmməl, o qədər
gözəl bir yerdir ki... Yaxşı ki, bu gözəl şəhəri
görmək imkanım oldu. Bu imkanı bizə
yaratdığı üçün TÜRKSOY-a öz minnətdarlığımı
bildirirəm. Bildiyiniz kimi, “TÜRKSOY Media Mükafatı”
alanların siyahısında mənim də adım var. Buna
görə quruma ayrıca təşəkkür edirəm”.
“Özbəkistan 24” televiziyasının müdir
müavini Şunkor Choriyev də Azərbaycana ilk dəfəfdir
gəlib: “Şuşa haqqında mətbuatdan çox məlumat
almışdım. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin rəhbərliyi ilə Vətən
müharibəsi zamanı Şuşanın azad edilməsi xəbəri
o vaxt bizim radio və televiziyalarda geniş
işıqlandırılmışdı. 30 ilə yaxın
bir müddətdən sonra Azərbaycan şanlı Zəfər
qazanaraq Şuşanı, Qarabağı azad etdi. Bir türk
olaraq Şuşanın azad olunması məni çox
sevindirmişdi. Bu gün artıq buradayam, valehedici təbiəti,
gözəl mənzərəsi olan Şuşa şəhərindəki
bağlanış tədbirində iştirak edirəm. Burada
iştirakıma və mükafata görə TÜRKSOY-a
xüsusi təşəkkür edirəm. Arzu edirəm ki,
Türk dünyasının bu birliyi daim olsun. Bildiyim qədər,
Şuşa şəhəri 2024-cü il üçün
“İslam dünyasının mədəniyyət paytaxtı”
elan edilib. İnanıram ki, Şuşa bu missiyanın da
öhdəsindən layiqincə gələcək”.
Qaqauz Yazıçılar Birliyi jurnalının
baş redaktoru Konstantin Kurtoğlu (Moldova) Şuşa şəhərində,
Azərbaycan torpağında olmağından məmnunluğunu
bildirir: “Sağ olsun TÜRKSOY ki, bu gün onların sayəsində
buradayıq. “Türk dünyasının mədəniyyət
paytaxtı” layihəsinə görə quruma ayrıca təşəkkür
edirəm. Bu layihə Türk dünyasının daha da
yaxınlaşmasına, türk xalqlarının mədəniyyəti
ilə tanış olmağımıza köməklik göstərir.
Gələn il Türkmənistanın Anev şəhəri bu
missiyanı yerinə yetirəcək. İnanıram ki,
Şuşada olduğu kimi, orada da bir-birindən zəngin və
yaddaqalan tədbirlər həyata keçiriləcək”.
Qaqauz Radio və Televiziyasının əməkdaşı
Alyona Terzi (Moldova): “Türk dünyasının bir qolu, qaqauz
olaraq bugünkü tədbirdə iştirak edirik. Ümidvaram
ki, belə tədbirlər daha çox olacaq. Çünki bu
cür layihələr Türk dünyasının birliyinə
xidmət edir. Var olsun, Türk dünyası!”.
Nurəddin
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.6.