Muzey Mərkəzində
sərgi və konsert
Muzey Mərkəzinin sərgi qalereyası dekabrın
15-də ata və oğul – rəssam, heykəltaraş
İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin
“Metamorfik bağlar:70/30” adlı yubiley sərgisini sənətsevərlərə
təqdim edir.
Bu il İbrahim Həsənovun 70 yaşı tamam olur.
Sərgidə onun 22 heykəl və 28 rəngkarlıq əsəri
yer alıb. 30 yaşlı Ruhulla Həsənzadə isə
30-dək rəngkarlıq nümunələrini nümayiş
etdirir.
İbrahim Həsənovun ilk fərdi sərgisi
1990-cı ildə Bakıda təşkil olunub, ikinci sərgisi
1991-ci ildə Londonda keçirilib. Bir çox əl işi əcnəbi
kolleksiyaçılar tərəfindən alınıb.
Daşdan yonulmuş “Gözləmə” əsəri Tokio şəhərindəki
Şərq Muzeyində saxlanılır. Azərbaycanın
şəhər və rayonlarında da onun əsərlərinə
rast gəlmək olar.
Ruhulla Həsənzadə rəssamlıq, heykəltaraşlıq,
illüstrasiya və konseptual incəsənət sahəsində
tanınır. 2018-ci ildə Bakı Müasir İncəsənət
Mərkəzində ilk sərgisi açılıb.
***
Muzey Mərkəzi “Muzeydə musiqi gecələri”
layihəsi ilə də intellektual musiqisevərləri bir araya
toplayır.
Dekabrın 25-də “Muzeydə musiqi gecələri”
silsiləsinin növbəti konserti bəstəkar Tahir
İbişova həsr olunacaq. Onun əsərlərini Bakı
Müasir Musiqi Cəmiyyətinin təşkilati dəstəyi
ilə “Cadenza” orkestrinin üzvləri və digər dəvətli
musiqiçilər ifa edəcəklər.
Görkəmli bəstəkarlarımız Xəyyam
Mirzəzadənin, Nazim Mirişlinin siniflərində dərs
almış T.İbişov yaradıcılığında fərqli
dövrlərə aid üslub və yazı metodlarına
müraciət edir. Avstriyada təhsil aldığı
dövrlərdə Yeni Vyana Məktəbinin
davamçıları Beat Furrer, Georg Friedrich Haas, Alexander
Stankovski və s. kimi bəstəkarlardan da dərs alıb.
Humay Qasımzadə (piano) və İslama Abdullayeva
(soprano) konsertin solistləridir. Bu konsertlə muzeydəki
davamlı musiqi gecələrinin silsilə tədbirlərinə
“portret-konsert” adlı yeni format əlavə olunur. Konsertin
moderatoru və bəstəkarla həmsöhbət
musiqişünas Şəfaqət Məmmədova olacaq.
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.5.