Sənətin Mirzə
Cəfər ehtişamı
Orta əsrlərdə yaranan xəttatlıq sənəti
incəsənətin bir növü olmasa da, ayrıca sənət
qolu kimi daim inkişaf edib. Bu sənətin bənzərsiz
nümunələrini yaradan xəttatlarımızdan biri Mirzə Cəfər Təbrizi olub.
Görkəmli sənətkarın üzünü
köçürdüyü əsərlər Parisdən
Sankt-Peterburqadək məşhur kitabxana və muzeyləri bəzəyir.
Mirzə Cəfər Əli oğlu Təbrizi 1415-ci
ildə Təbriz şəhərində dünyaya göz
açıb. Erkən çağlardan sənətə
böyük maraq göstərib. Valideynləri onu görkəmli
xəttat Zərrinqələm Təbrizinin yanına
aparırlar. Ustad sənətkar əvvəlcə Cəfərin
əl işlərinə baxır. İstedadlı gənc
olduğunu görür və yanında saxlayır. O, burada xəttatlığın
sirlərini dərindən öyrənir. İllər bir-birini
əvəz etdikcə Cəfərin təcrübəsi
artır. Nəstəliq, təliq və süls xətlərinin
ustad bilicisi kimi tanınır.
Sənətinin şöhrəti gedib saraya da
çatır. Əmir Teymurun o zaman Azərbaycanda
hökmdarlıq edən oğlu Miranşah onu saraya dəvət
edir. Cəfər sarayda özünü ustad sənətkar
kimi göstərir. Bir müddət sonra onu digər xəttatlarla
birlikdə Herata – Əmir Teymurun digər oğlu Şahruxun
sarayına aparırlar. Onun xüsusi istedadını orada da
görürlər. Sarayda kiçik bir kitabxana-emalatxanaya rəhbər
təyin edilir.
Şahruxun oğlu Baysunqur Cəfərlə çox
maraqlanır və onu himayə edir. Qırx xəttatla səhərdən
axşamacan kitab üzü köçürən Cəfər
Təbrizi tez-tez kitabxanada görülən işlər
haqqında Baysunqura hesabat verir. Araşdırmalardan aydın
olur ki, həmin hesabatlardan biri
(1427) bu gün də İstanbuldakı Topqapı
sarayının muzeyində saxlanılır. Hesabatda
kitabxananın fəaliyyətinin təsviri ilə birlikdə
18 miniatürçü, xəttat, cildçi, tərcüməçi
və qızıl suyu ilə işləyən usta və digərləri
haqqında səhih məlumatlar yer alıb.
Cəfər Təbrizi fitri istedadı və
böyük təcrübəsi sayəsində iki məşhur
xətt növünü – “nəsx” və “təliq” xətlərini
sintez edərək nəstəliq xəttini yaradır. Bu xətt
növü sonralar “İslam xətt növlərinin gəlini”
adlandırılır. Cəfər Təbrizi ustad xəttat
kimi Xorasan və Türküstanda böyük şöhrət
qazanır...
A.Qazıyev araşdırmasında yazır ki, Cəfər
Təbrizi o zaman təzə ortaya çıxan nəstəliq
xəttinin formalaşması üçün böyük
iş görür. Yazı üsullarının
yaşadılması naminə istedadlı gənclərdə
bu sənətə maraq oyadır, onlara sənətin sirlərini
öyrədir. Araşdırmalarda o da qeyd edilir ki, C.Təbrizi nəstəliq
ustası kimi tanınmasına baxmayaraq, klassik xətlərlə də məşğul
olur. O dövrdə nəstəliq yazısının iri, həm
də xırda növləri olub. İri nəstəliq adətən
qitə üzərində yazılıb. Bu, üzərində
üç dünyəvi məzmunlu nəzm nümunələri
yazılan və naxışlarla bəzədilən
kağız vərəqin karton üzərinə
yapışdırılması ilə düzəldilir.
Kiçik və orta nəstəliqlə bir qayda olaraq poetik əsərlərin
əlyazma nüsxələri köçürülüb.
Kiçik nəstəliq yazısı XV əsrin ikinci
yarısında Heratda özünün daha mükəmməl
formasını alıb. Yerli xəttatları bunun sonralar
“Herati” adlanan xüsusi növünü yaradırlar. Həmin
xətt növünün yaradıcısının da Cəfər
Təbrizi olduğu qeyd edilir.
Şərqdə məşhur xəttat kimi
tanınmış Əzhər Təbrizi də nəstəliq
xəttini ondan öyrənib. Cəfər Təbrizi Baysunqurun
sarayında çalışdığı dövrdə bir
sıra kitabların – Sədi
Şirazinin “Gülüstan”, Əbülqasım
Firdovsinin “Şahnamə”, Nizami Gəncəvinin “Xəmsə”sinin
üzünü köçürüb. Həmin nüsxələr
Paris, Dublin, Tehran, İstanbul və Sankt-Peterburqun kitabxana və
muzeylərində saxlanılır.
Görkəmli xəttat həm də şair kimi
tanınıb. Söz yox ki, onun şairlik təbi xəttatlıq
əsərlərinə də öz təsirini göstərib.
Baysunqurun ölümünə yazdığı mərsiyə,
Şahruxun sarayında çalışarkən
yazdığı müxtəlif məzmunlu şeirləri
zamanın sınaqlarından çıxıb.
Cəfər Təbrizi 1480-ci ildə, 65 yaşında
Herat şəhərində vəfat edib.
S.Fərəcov
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.6.