Tbilisidəki Azərbaycan
teatrında yeni tamaşa
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar
Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvin
Nurəliyevanın “Mən öləndə ağlama” əsəri
əsasında hazırlanmış tamaşanın təqdimatı
olub.
Psixoloji dram janrında tamaşanın süjet xəttini
Leyla adlı bir xanımın ağır həyatı təşkil
edir.
Müəllif Pərvin Nurəliyeva deyib ki,
qadınların həyatda üzləşdiyi problemlər,
keçirdiyi çətinliklər dünyanın hər
yerində aktual məsələlərdir. Əsərin qəhrəmanı
Leylanın timsalında qadın həyatının incəliklərini
göstərməyə çalışmışıq.
Teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib
ki, tamaşa qastrol səfərlərində də
nümayiş etdiriləcək. Hazırda aktyorlar
tamaşanı gürcü və rus dillərində də
hazırlayırlar.
Qeyd edək ki, səhnə əsərində
teatrın aktyorları Nərmin Həsənova, Telman
İsfahanlı, Mədinə Həsənova və Fuad
İsfahanlı rol alıblar. Tamaşanın rəssamı
Nino Kitiadır.
Mədəniyyət .- 2023.- 15
dekabr(№93).- S.4.