Kuklaçılar Bursada festivalda
iştirak edirlər
Azərbaycan Dövlət Kukla Teatrının heyəti
11–16 dekabr tarixlərində keçirilən XX Bursa Beynəlxalq
Qaragöz Kukla və Kölgə Oyunları Festivalında
iştirak edir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi
və Bursa Böyükşəhər Bələdiyyəsinin
dəstəyi ilə gerçəkləşən festival
TÜRKSOY təşkilatının 30 illiyi münasibətilə
türkdilli ölkələri bir araya gətirib. Sənət
bayramında Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan,
Türkmənistan və Qırğızıstanın kukla və
uşaq teatrlarının tamaşaları göstərilir. Həmçinin
UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası)
üzvü 10-dək ölkənin kukla teatrı mütəxəssisləri
festivala qatılıb.
Kuklaçılarımız 13 dekabrda “Məlikməmməd”
tamaşasını göstəriblər. Birhissəli uşaq
tamaşasının (Azərbaycan dilində) səhnələşdirəni
və quruluşçu rejissoru Anar Məmmədov,
quruluşçu rəssamı İqbal Əliyevdir.
Azərbaycan xalq nağılı əsasında
hazırlanan tamaşa uşaq və yeniyetmələrə cəsarət,
dürüstlük və mübarizlik aşılayır. Məlikməmməd
cəsur, qəhrəman, xeyirxah bir obrazdır.
Qardaşlarının xəyanəti nəticəsində
zülmət dünyasına düşən qəhrəman
Simurq quşunun köməyilə işıqlı dünyaya
çıxır. Rejissor tamaşanı Vətən
müharibəsində tarixi Zəfərimizlə əlaqələndirərək
nağıla fərqli prizmadan baxmağa
çalışıb.
Musiqi tərtibatında Fikrət Əmirovun əsərlərindən
istifadə olunan kukla tamaşasının yeni quruluşda
premyerası 2022-ci ilin sentyabrında olub.
Mədəniyyət .- 2023.- 15
dekabr(№93).- S.5.