Aktyor əbədiyyətə
qovuşanda...
Aktyor ölmür? Bunu hansı xəyalpərəst
uydurub? Ölür, özü də ən birinci mənən.
Nə vaxt? Boş zala oynayanda, tamaşaçısının
gül-çiçək dəstələri o yana, adicə
alqışını duymayanda, kulisdə rejissorun
arxalarınca etdiyi “bacarmırlar, əllərindən ancaq bu gəlir”
qeybətini eşidəndə... Bir də hər yaxşı
tamaşaya “mənimdir!” deyib sinəsini qabağa verən
rejissordan üz gizləyəndə... Adını təltif
siyahısında, afişaların yuxarı sırasında
görməyəndə, küçədə-meydanda
tanınmayanda. “Qarderobdan başlayan” teatra – gündəlik
iş yerinə illərlə nimdaş geyimdə gəlib-gedəndə...
Dahası da var, amma məncə, yetər...
Çünki həm də bütün bunları
kulisdə unudub səhnəyə çıxan, oradan
yalnız öləndə düşmək kimi müqəddəs
arzulu bəxtəvərlərdi (bəlkə də bədbəxtlər)
aktyorlar. Yəqin elə buna görə də amerikalı
aktyor, ssenarist Lourens Barret aktyoru qardan heykəllər düzəldən
insanlara bənzədir və onları bu mənada
dünyanın ən məsumu sayır.
...Ötən həftə yolumu Şuşa Dövlət
Musiqili Dram Teatrından saldım. İki aktyorun birgə
işi olan “Aktyor əbədiyyətə qovuşanda” adlı
səhnə aktını izləməyə getmişdim.
Bütün texniki parametrləri, səhnə həlli
və oyun üslubu baxımından tamaşa orijinal, təsirli,
maraqlı və həm də bir aktyorun rejissura cəhdi
baxımından cəsarətli idi. Əməkdar artist Nazir
Rüstəmov özü və tərəf-müqabili,
istedadlı, səhnədə də həyatda olduğu kimi zərif
və məsum Bahar Həmzəyevaya öz potensialını
nümayiş etdirmək üçün yetəri qədər
meydan vermişdi. Unutmadan onu da deyim ki, iki personajlı səhnə
əsərinə quruluş verməklə musiqi tərtibatçısı
da Nazir Rüstəmovdur.
Psixoloji dram janrında olan birhissəli tamaşa xorvat
yazıçı-dramaturqu Miro Qavranın eyniadlı əsəri
əsasında hazırlanıb. Deyəsən, yaradıcı
heyət indi onu başqa adla – “Ölməz sevgi” kimi təqdim
edəcək. Hər halda, hər iki ad uğurludur. Amma və
lakin bu iş kütləvi tamaşaçı
üçün deyil. Niyə? Çünki burada bir aktyor
ömrünün ağır, hüznlü, xiffət dolu yolu
var və onu yalnız bu yük çiyinlərində iki
dünya arasında qalanlar – yəni məhz aktyorlar gözəl
anlaya bilərlər. Sözsüz ki, bir də sənətin
mahiyyətini duyan həssas tamaşaçılar...
Müəllif bir aktrisa, onun rol, səhnə, sənət
arzularını, eləcə də bir rejissorun, daha
doğrusu, nə vaxtsa təhsilini başlamadan bitirən,
istedad və peşəkarlığını qayğılara
qurban verən bir rejissorun – qısacası, sənətdə və
həyatda səadəti yalnız səhnədə tapan
ikilinin xəyal ilə gerçəklik arasındakı oyununu
təqdim edir. Əsərdə bir teatr aktrisasının, bir
aşiq, özü də tapınacaq qədər aşiq
kişinin hiss və həyəcanının, itirmək qorxusu
ilə qovuşmaq kimi əlçatmaz xülyasının
ustalıqla verilməsi ədəbi materialı orijinal edən
bəlkə də yüz səbəbdən biridir. Yəqin ilk
səbəb müəllifin həyat yoldaşının da
aktrisa olmasıdır.
Səhnə tərtibatı çox sadədir. Səhnənin
ortasında “qurulan” kiçik səhnə, arxa fonda qara pərdə
üzərində asılmış ağ-qara qadın şəkilləri,
üstünə qrafin və iki qədəhin qoyulduğu
jurnal masası və iki stul. Yanda kabinet təəssüratı
yaratmaq üçün asılqana keçirilmiş kişi
pencəyi və “kəpənək”. Yerdə hazırlıq
prosesini göstərən yarımçıq çərçivə
və yanında usta alətləri.
Həzin musiqi səslənir və bu zaman zərif, səliqəli
geyinmiş bir qadın tamaşaçılardan teatrın rəhbəri
Toması (Tom – N. Rüstəmov) soruşa-soruşa var-gəl
edir. Bu dəm kulisdən ortayaşlı bir kişi sevinc
qarışıq həyəcanla ona tərəf gəlir və
məşhur aktrisa Yevaya (B. Həmzəyeva) özünü təqdim
edir.
Mübahisə, müzakirə, mühakimə,
mülahizə və daha bir neçə bu kimi məlum və
naməlum münasibətlər burulğanında biz ikinəfərlik
oyunu və bu oyun üçün mübarizə aparan
kişini görürük. Həyatda və sənətdə
məğlub Tom gec də olsa Yevanı qazanmaq istəyir. Amma
çifayda. Yeva xəstədir və məşq
yarımçıq qalır. Buna bir səbəb də
qadının yubileyi münasibətilə şəhərin əsas
(aparıcı) teatrından təklif alması olur və o yenə
də – 60 yaşında
şöhrətin arxasınca sürünür. Amma bu da
çox çəkmir və əsəbləri dözmür,
daha doğrusu, ruhu onu bu balaca səhnəyə səsləyir
və o, son monoloqunu, yəni “qu quşunun son rəqsi”ni bu səhnədə
edir. Özü də yarımçıq. Beləcə, Yeva
üçün əsər yazan və bütün həyatı
boyu bu arzu ilə yaşayan Tom özünü əbədi tənhalığa
qərq edir...
Tamaşa boyu ən xoşuma gələn və ən
yerinə düşən keçidlər arasında hər
iki qəhrəmanın dilindən səslənən monoloqdur.
Özü də bu monoloq yalnız Yevanın deyil,
bütün teatr dünyasının, aktyorluğu sənət
yolu, alın yazısı seçənlərin taleyi, aqibəti,
bir növ həqiqəti kimi üsyan edir: “Aktyor əbədiyyətə
qovuşanda yalnız bir insan ömrü deyil, onun ətrafındakı
bütün kölgələr yox olur. Heç vaxt
oynamadığı, oynaya bilmədiyi qəhrəmanlar da
ölür. Hətta onun tamaşaçıları özləri
də bilmədən yox olurlar. Aktyor öləndə heç
vaxt yanmayan projektorlar da sönür. Heç vaxt qoyulmayan
tamaşalar da ölür. Aktyor əbədiyyətə
qovuşanda onun oynadığı bütün rollar da
ölür...”.
Birsaatlıq tamaşa boyu məqam-məqam
darıxdırıcı, bir növ boşluq, daha doğrusu,
boşluğu doldurmaq üçün
düşünülmüş (tapılmamış)
keçidlər olsa da, ümumilikdə
tamaşaçını həyəcanlandıran dinamik oyun da
var idi.
Quruluşçu tamaşanın musiqi tərtibatında
da xorvat musiqiçilərinin yaradıcılığına
müraciət edib. Pianoçu Maksim Mrvicanın ifasında
Tonçi Huljiçin və Klod Debüssinin əsərləri
təsirli məqamların, bəraət və etirafların,
mühakimələrdən öz həqiqətinə
sığınan hər iki qəhrəmanın bir-biri və
həyata münasibətlərini anlamağa kömək edir.
Ölüm, bir insanın başqa bir insan həyatına
buraxdığı faciəli nəticənin yükü ilə
bitən səhnə aktı qəhrəman və onun
ideyası uğrunda qurban getməsi haqqında həzin etiraf
da sayıla bilər...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2023.- 15
dekabr(¹93).- S.7.