Peyzajın bənzərsiz vurğunu
Əsərləri təkcə öz ömrünü
yox, incəsənət sevənlərin də
ömrünü rəngləndirib
“Rəssamlıq mənə inamımı, ümidimi həyata
keçirmək üçün nəfəs
aldığım həyatdır” deyirdi Səttar Bəhlulzadə.
Ömür yolu da kətan üzərindəki rəsm əsəri
kimidir...
Dünyaya qədəm qoyanda biz insanlar
üçün cızılmış yol olur. Bu yol rəssamın
kətan üzərindəki çəkdiyi cizgilərə bənzəyir.
Rəngləri isə biz özümüz vururuq ora.
Yaşıl, çəhrayı, mavi, narıncı, bənövşəyi,
sarı, ağ, qara... Hərəsinin də özünə
görə mənası var. Al-əlvan rənglər yaz
sevincini, rəngarəngliyi xatırladırsa, ağ və qara
yarı yolda qalmış, cığırını tapa bilməyən
insanlardır sanki. Həyatı rəngləndirmək
insanın özündən asılıdır. 1909-cu ilin 15
dekabrında dünyaya gələn Xalq rəssamı, ustad sənətkar
Səttar Bəhlulzadə də Tanrı tərəfindən
cızılmış yolu ömrü boyunca rəngləndirməyi
bacarmışdır.
1909-cu ilin 15 dekabrında Əmircanda doğulmuş rəssamın
əsərlərində doğma yerin-yurdun, torpağın
ab-havası duyulur. Vətənin təbii gözəlliklərindən
ilhamlanan rəssam peyzajın bənzərsiz vurğunu idi.
Ancaq bununla belə yaradıcılığının ilk illərində
tarixi mövzulara da müraciət etmişdi. “Babək
üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və
s. bunu isbat edir. Sonra isə təbiətə vurğunluğu
onu başqa mövzulara apardı. “Qudyalçay vadisi”, “Xəzər
üzərində axşam”, “Kəpəzin göz
yaşları”, “Şahnabat”, “Torpağın arzusu”,
“Qızılbənövşəyə gedən yol”, “Vətənimin
baharı”, “Əmircan”, “Şamaxı üzümlükləri”
və s. rəssamın yaradıcılıq xəzinəsini təşkil
edən sərvətdir.
Bütövlükdə milli təsviri sənətimizdə
mənzərənin tamamilə yeni konsepsiyasını irəli
sürən Səttar Bəhlulzadə əsərlərində
onun emosional-poetik təsdiqini rəng-forma münasibətlərində
göstərə bilmişdir. Əsərlərindəki
günəşin parlaq işartıları, havanın şəffaflığı,
rənglərin təmizliyi, incə, çalar dəyişkənliyi,
plenerə verdiyi üstünlük rəssamın
yaradıcılıq üslubunda impressionizmə olan meyili
aydın ifadə edir.
Onun 60-cı illərdə dəfələrlə
müraciət etdiyi badam ağacı motivi (“Abşeron motivi”,
“Abşeronun tacı”, “Çiçəklənən badam
ağacı”) də bu qəbildəndir. Belə nümunələr
rəssamın təxəyyülünün fəlsəfi məzmunu
ilə yanaşı, həm də təbiətin heyranediciliyinə
maraq oyadan incilərdir.
“Dədəgünəş” (1964) tablosu da rəng
palitra və kompozisiyasının bədii həlli
baxımından olduqca maraqlı əsərlərindəndir.
Burada rəssamın rəng duyumu yüksək ifadə tərzini
tapmışdır. Ön planda iri yaxılarla intensiv vurulan yaşıl,
qırmızı, sarı və ağ rənglər
torpağın zənginliyinin rəmzi ifadəsidir.
Formaların dəqiq təsvirindən imtina edən rəssam
yalnız rəng plastikası və rəmzi rəng
seçimi vasitəsilə güllü-çiçəkli
torpaq təəssüratının ümumiləşdirilmiş
obrazını yaratmağa nail olmuşdur.
“Kəpəzin göz yaşları” əsərində
rəssam reallıqda mövcud olan mənzərəyə “yerdəyişmə”
edərək Kəpəzi Göygölün sahilinə gətirmişdir.
Kəpəzlə Göygöl bilavasitə təmasda
verilmiş, əsərin ideyası məhz bu yerdəyişmə
sayəsində reallaşmışdır. Əsərdə
günəş çıxmasına baxmayaraq, gecədən
qalmış ay da görünməkdədir. Göz
yaşları da əsərə xüsusi məna qatan rəmzi
amildir. Rəssam təkcə mənzərəni
canlandırmamışdır. Kəpəz burada həm də
xalqımızın tarixi yaddaşını əks etdirən
şahid kimi qarşımızda durur.
Düşündürücülüyü rəng
çaları ilə seçilən əsərdə Cavad
xanın igidlik və şücaətinə, tarixin çox
hadisələrinə şahid olan Kəpəz də,
Göygöl də təkcə dağ kimi yox, həm də
qürur təcəssümü kimi ifadə olunur.
Rəssamın “Novxanı bağlarında” (1965),
“Şamaxı üzümlükləri” (1971), “Girdiman təpələri”
(1971) əsərləri də çox maraqlıdır. Hər
bir əsərdə kompozisiyanın ümumi və daxili poetik
ritmi, rəng qammalarının seçimi və onun icra
texnikası ilə bağlı şəkildə meydana
çıxır. Rəng yaxılarının
qatılığı, dolğunluğu, ölçüləri,
forma ilə ahəngdarlığı ilə məxsusi funksiya
daşıyıcısına çevrilir.
Səttar Bəhlulzadə daima diqqətəlayiq sənətkarlardandır.
Onun haqqında bir çox kitablar nəşr olunmuş, məqalələr
yazılmışdır. Professor, sənətşünas
Ziyadxan Əliyev tərəfindən yazılmış “Sənətin
Məcnunu” kitabı rəssamın
yaradıcılığına həsr olunmuş böyük
töhfələrdəndir.
Heykəltaraş Ömər Eldarov tərəfindən
hazırlanmış Səttar Bəhlulzadənin heykəli
xüsusi əhəmiyyətə malikdir. Rəssam uzun və
incə barmaqlar vasitəsilə möhtəşəm əsərlər
yaradırdı. Böyük sənətkar Ömər Eldarov
da bu əllərin sehrini reallıqla, sənətkarlıq
qabiliyyətilə canlandırmışdır.
Deyilənə görə, rəssam heç vaxt əsərlərinə
imza atmağı, həkk etməyi sevməzmiş. Deyərmiş
ki, məni tanıyan onsuz da əsərlərimdən
tanıyacaq. Bu sənətkarın, həm özünün, həm
də yaradıcılığının nəhəngliyini
göstərir.
2023-cü il dekabrın 15-i sənətkarın anadan
olmasının 114-cü ildönümüdür. Artıq 49
ildir bu dünyadan köçsə də, sənət xəzinəsi
– əsərləri bizimlədir, yaşayır. İllər
ötəcək, əsr yenilənəcək, nəsillər
dəyişəcək. Rənglərdən, mənzərələrdən
duyğulanan, bəhrələnən yeni rəssamlar yetişəcək.
Dəyişməz olaraq qalan isə Səttar Bəhlulzadə
yaradıcılığının zirvəsi olacaqdır.
Xoşbəxt o kəsdir ki, tək özü
üçün deyil, başqaları üçün də
nələrsə etsin, iz qoysun. Bu baxımdan Səttar Bəhlulzadə
ikiqat xoşbəxt idi. Çünki özünü
bütünlüklə yaradıcılığa həsr
etmiş sənətkar sənəti ilə tək öz
ömrünü yox, incəsənət sevənlərin də
ömrünü rəngləndirmişdir. Onun sağ ikən
həyata keçirdiyi bu missiyanı hazırda əsərləri
yerinə yetirir və hələ gələcəkdə də
bu əsərlər rənglərin işığında
parlamağa davam edəcək.
Aynurə Muradzadə
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.7.