Milyonların qəlbinə hərarət
bəxş edən bəstəkar
Qara Qarayevin 105 illiyinə həsr edilən konfrans və
konsert
Bu il dünyaşöhrətli bəstəkar, pedaqoq,
SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı
Qara Qarayevin (1918–1982) anadan olmasının 105 illiyidir. İl ərzində
bu münasibətlə müxtəlif səpkili tədbirlər
təşkil olunub.
Dekabrın 13-də Azərbaycan Bəstəkarlar
İttifaqında (ABİ) Üzeyir Hacıbəyli adına
konsert salonunda dahi bəstəkarın yubileyinə həsr edilən
elmi-praktik konfrans keçirildi.
ABİ-nin sədri Xalq artisti, professor Firəngiz
Əlizadə konfransı açaraq müəllimi Qara
Qarayevin bəstəkar, pedaqoq və ictimai xadim kimi fəaliyyətindən
danışdı. Dahi musiqiçinin Azərbaycan bəstəkarlıq
məktəbinin inkişafındakı xidmətlərini
xüsusi qeyd etdi. Diqqətə çatdırdı ki, vaxtilə
Qara Qarayevin bəstəkar və musiqişünaslara etdiyi
tövsiyələr bu gün də öz
aktuallığını saxlayır: “Tələbələrini
daim elm və yaradıcılığa həvəsləndirən
dahi bəstəkar deyərdi ki, gənc coşqun ruh yüksəkliyi
nümayiş etdirən və daim axtarış həvəsində
olandır. Əlbəttə, ona bu fikirləri söyləməyə
haqq qazandıran məhz pedaqoji təcrübəsi idi”.
Bəstəkarlar İttifaqında Qara Qarayevlə
bağlı mütəmadi olaraq tədbirlərin təşkil
edildiyini söyləyən F.Əlizadə “Heydər Əliyev
İli” çərçivəsində keçirilmiş
“Heydər Əliyev dühası və Qara Qarayev irsi”
mövzusunda elmi konfrans haqqında da danışdı. Diqqətə
çatdırdı ki, Heydər Əliyev ölkəmizə rəhbərlik
etdiyi bütün dövrlərdə Azərbaycan bəstəkarlarına
dövlət səviyyəsində diqqət və
qayğını əsirgəməyib. Ulu öndər həmişə
Azərbaycan musiqisini, bəstəkarlıq məktəbini
yüksək qiymətləndirib. O, bütövlükdə
musiqi sənətimizin inkişafını diqqətdə
saxlayıb.
ABİ sədri onu da qeyd etdi ki, Qara Qarayevin musiqisi,
sözün əsl mənasında, beynəlmiləl ruhlu bir sənətdir.
Ona görə də milyonların qəlbinə hərarət
bəxş edir. Əsərləri ABŞ, İngiltərə,
Fransa, Almaniya, Misir, Türkiyə, Rusiya, Polşa, Çexiya,
Rumıniya və digər ölkələrin səhnəsində
uğurla səslənib.
Konfransda Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İmruz Əfəndiyeva
“Qara Qarayevin harmonik dilində caz musiqisinin bəzi xüsusiyyətləri”,
Əməkdar müəllim, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru Könül
Nəsirova “Qara Qarayevin musiqi-tənqidi fəaliyyəti”, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Leyla Quliyeva “Qara
Qarayevin yaradıcılığında “Leyli və Məcnun”
mövzusunun təzahürü”, Bülbül adına
Orta-İxtisas Musiqi Məktəbinin müəllimi Raya Abbasova
“Qara Qarayevin “Ömər Xəyyamın sözlərinə 6
rübai” vokal silsiləsi” mövzusunda çıxış
etdilər.
Sonra T.Quliyev adına 12 nömrəli Musiqi məktəbinin
XI sinif şagirdi Z.Əlizadə, beynəlxalq müsabiqələr
laureatları R.Persan, K.İmanova, D.Kərimova, A.Seyidov və
C.Abdinzadə dahi bəstəkarın “Piano üçün
prelüd”, “Mulat”, “Mən sizi sevirdim” (romans), “Don Kixot” simfonik
qravürlərindən “Səyahət” əsərlərini ifa
etdilər.
S.Fərəcov
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.3.