Kiçik qəsəbədən
böyük dünyaya yayılan rənglər
Səttar Bəhlulzadənin Əmircandakı ev-muzeyində
Dolanbac kirəmidli küçələr dəmir
darvazalı həyətə aparır. Həyətə girən
kimi solda əncir, irəlidə pilləkənlə üzbəüz
ətrafa qol-qanad atmış tut ağacı... Ona doğma
olan bu həyətdə o vaxt bu ağaclar da var idimi? Demək
çətindir. Amma ikinci mərtəbəyə qalxan bu pilləkən
o vaxt da olub. Doğrudur, məhəccərləri, pillələrin
üzlükləri indi daha müasirdir. Amma ev elə həminkidir...
O, bu həyətdə dünyaya salam verib, ilk dəfə
bu həyətdə üst-başını toz-torpağa
batırıb, uşaqlığını bu həyətdəki
ağacların dibində itirib...
Hər səhər etüd çantasını əlinə
götürüb bu pilləkənlərlə düşərək
Xəzərin qayalara, qumlu sahillərə
çırpılıb qayıdan sularını, şahə
qalxan dalğaları doyunca seyr edib. Təkcə bu yerlərə
layla çalan mavi Xəzəri yox, gül-çiçəkləri,
bağ-bağçaları, dağları, qayaları, ətrafda
nə varsa, hər şeyi. Axşamlar qayıdıb gələndə
bu pilləkənlərlə evə qalxıb. Sonra onları
arıq, uzun barmaqları ilə kətan üzərinə
köçürüb. Mahir fırça ustasının
yaratdığı ecazkar tablolar ona tamaşa edən hər kəsi
heyran edib.
Xalq rəssamı Salam Salamzadə bu fikri necə də
gözəl ifadə edib: “Səttarın tabloları Azərbaycan
haqqında, onun gözəlliyi, zərifliyi, bərəkətliliyi
haqqında həmişə təravətini saxlayan nəğmədir...”.
Salam, Səttar dünyası!
İçəri qədəm basan kimi fırça
ustasının siqaret çəkdiyi yerdə portreti
asılıb. Sağ tərəfdə Pyotr Sabsayın müəllifi
olduğu büstü, dostları, sənət
yoldaşları ilə birgə çəkdirdiyi, eləcə
də Moskvada təhsil aldığı illəri əks etdirən
fotoşəkillər, rəssamın çəkdiyi mənzərələrin
reproduksiyası, natürmort və qrafik işləri
nümayiş olunur.
“Bu şəkildə Səttar babanın rəssam dostu
Oqtay Sadıqzadənin bağ evinin divarı əks olunub. Ondan
başqa Nəcəfqulu İsmayılov və Kamil Xanlarovun
bağ evinin divarına da rəsm çəkib. Təəssüf
ki, həmin rəsmlər divara çəkilib. Əgər
onları kətan üzərində çəkmiş
olsaydı, onun sənət xəzinəsində indiyədək
yaşayardı”, – deyə Səttar Bəhlulzadənin
Ev-Muzeyinin direktoru Pərzad Abdinova AZƏRTAC-a məlumat verir.
Pərzad Abdinova rəssamın bacısının nəvəsidir,
ona nənəsinin adını veriblər. Səttar Bəhlulzadənin
əsərləri mövzusunda elmi iş müdafiə edib, sənətşünaslıq
üzrə fəlsəfə doktorudur. Səttar Bəhlulzadə
anası Hökümə xanım və bacısı Pərzadla
birlikdə ömrünün sonunadək bu evdə
yaşayıb.
Birinci otaq
Burada hər şey onu xatırladır. Şkafda Azərbaycan
rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən
biri, impressionizmin banisi hesab olunan Səttar Bəhlulzadənin
Azərbaycanın müxtəlif guşələrindən
topladığı minerallar, daşlar, balıqqulaqları onun
çox sevdiyi yadigarlardır. Onların hamısını
öz əlləri ilə toplayıb, çünki o, bu
torpağın, onun bəxş etdiyi gözəlliklərin
vurğunu, məftunu idi.
Rəssamın qələmə aldığı
gündəlikdə də bu barədə maraqlı fikirlər
var: “Bu böyük bir aləmdir, özü də
nağıldır, əfsanədir, bəlkə də
röyadır, doğrudan da, Azərbaycan torpağı bir əfsanədir,
bir röyadır”.
Torpağı, onun gözəlliklərini sevmədən
bu əsərləri necə yaratmaq olar?!
İkinci otaq
İkinci otaq rəssamın emalatxanasıdır.
Əslində, o öz əsərlərinin böyük bir
hissəsini Nərimanov rayonundakı bazarın yanında,
sonralar isə İnşaatçılar prospektindəki Rəssamlar
evində yaradıb.
Tən ortada molbert qoyulub, palitra, fırçalar,
boyalar, etüd çantası... Dünyanın nəhəng sərgi
salonlarını Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal,
Havana, Nyu-York, Moskva, Minsk, Bonn, İstanbul, Tiflis, Praqa və digər
şəhərlərdə nümayiş olunan əsərlər
məhz bu fırçaların, rənglərin vasitəsilə
yaradılıb.
Sənətşünas Mürsəl Nəcəfov rəssamın
əsərlərinə dəyər verərək deyib: “Bəhlulzadə
sehrli fırçası ilə doğma diyarımızın
gözəlliklərini – çiçəkli
bağlarını və bərəkətli düzənlərini,
başıqarlı dağlarını və
sıldırım qayalarını canlandırır. Xalq rəssamının
yüzlərlə mənzərəsində qaynar bir həyatın
nəbzi duyulur. Bəhlulzadənin mənzərələri –
gözəlliyin rəmzidir. Bu gözəlliyi seyr etdikcə
insanın ürəyi fərəhlə döyünür,
insan yaşamaq istəyir...”.
Bir az küncdə dördkünc yazı stolu,
güldan, ev əşyaları, kompozisiyalarda istifadə etdiyi
etnoqrafik əşyalar, mis qablar, radioqəbiledici...
Bu radioqəbuledicidə fırça ustası kimlərə
qulaq asıb, hansı musiqiləri dinləyib?
Üçüncü otaq
Növbəti yataq otağıdır. Hər axşam
məşhur rəssamın ata ocağındakı yataq
otağı gərgin iş günündən sonra onun
yaradıcılıq axtarışlarına və romantik
duyğularına qanad açıb.
Deyirlər ki, Səttar Bəhlulzadə “Neft
Daşları”nda olarkən neftçilər onun dəfələrlə
gün çıxmamışdan estakada üzərində
oturub işlədiyini görəndə bir-birindən
soruşurmuşlar: “Görəsən, bu rəssam nə vaxt
yatır?”.
Yataq otağında rəssamın
yaşadığı illərdəki mebel, avadanlıq,
televizor, ümumi mühit olduğu kimi qorunub saxlanılıb.
Pəncərə önündə patefon və üzərində
Xalq artisti Gülağa Məmmədovun ona
bağışladığı plastinka...
Dördüncü otaq
Yataq otağından sonra qonaq otağı gəlir.
Burada da stol, stul, kreslo, şkaflar eynən məşhur rəssamın
öz dövründə olduğu kimi saxlanılıb. Ona
bağışlanan kitablar, əşyalar, divarlardan
asılmış portretlər, televizor zamanın
qanadlarını qıraraq adamı rəssamın
yaşadığı dövrə aparır.
Bu otaq yəqin ki, onun ən xoş, sevincli günlərinin
şahididir. Gələnləri həmişə burada
qarşılayıb, bu stullarda əyləşib, onlarla həmsöhbət
olub. Özünün neçə ad gününü
dostları, sənət yoldaşları ilə bərabər
hər cür dəbdəbədən uzaq bu otaqda keçirib.
Doğma övladı kimi sevib əzizlədiyi bacısı
oğlu Rəfaelin 15 yaşını qohum-əqrəba,
dost-tanışla birlikdə burda qeyd edib.
Zal
Ev-muzeyində kiçik otaqların
qarşısındakı zalda Səttar Bəhlulzadəyə
göndərilən məktublar, rəssamın əsərlərindən
ibarət müxtəlif dillərdə dərc olunan kataloqlar,
nəqliyyat vasitələrinə, elektrik qatarına minmək
üçün istifadə etdiyi biletlər, öz əlləri
ilə yazdığı gündəlikdən səhifələr,
sənət dostu Maral Rəhmanzadə, kimyaçı professor
Həbib Məmmədəliyev, partiya işçisi Pyotr
Yelistratov və sənətşünas Qriqori Anisimovun ona
ünvanlanan məktubları, həmkarları Mikayıl
Abdullayev və Tahir Salahovun təbrik teleqramları, rəssamın
fərdi sərgisinə dəvətnamələr, şəxsi
sənədləri və tarixi əhəmiyyət kəsb edən
eksponatlar nümayiş etdirilir. Əlbəttə ki, yenə də
etüd çantası, palitra və fırçalar...
Divarlarda “Mənim anam”, “Kəpəzin göz
yaşları”, “Bazardüzü” və başqa məşhur əsərlərin
reproduksiyası asılıb. Rəssam şəxsi gündəliyində
yazırdı: “...Dağlar isə elə bil ki, məxmər
xalçadır, üzərindəki bu rəngarəng
güllər onun nəqşləridir. Şamaxıya qədər
gedən yol boyunca dağlar və çiçəklər dəyişir
və cürbəcür koloritə girir”.
Həmişə bizimlə qalan gözəllik
Xalq rəssamı, Dövlət mükafatı
laureatı Səttar Bəhlulzadə yaradıcılığı
boyu çox əsərlər çəkib. Onun
ayrı-ayrı fondlarda saxlanılanı da var, ev-muzeyində
qorunanı da. Rəssam təxminən 1000-ə yaxın rəsm
əsərinin bir hissəsini dost-tanışa
bağışlayıb. Onun 18 əsəri Dövlət Rəsm
Qalereyasında, 10-u Tretyakov Qalereyasında, 13-ü Şərq
Xalqları Muzeyində, qalanları Milli İncəsənət
Muzeyində saxlanılır. Bir hissəsi isə burdadır.
Ev-muzeyinin birinci mərtəbəsində divarda rəssam
haqqında tanınmış şəxsiyyətlərin fikirləri
əks olunub. Həmin fikirlərdən biri də Ulu Öndər
Heydər Əliyevə məxsusdur: “Görkəmli sənətkarın
adına bir rəssamlıq mərkəzi
açmalıyıq. Səttar Bəhlulzadə muzeyi
yaratmalıyıq. Doğrudur, onun yaşadığı evdə
ev-muzeyi var. Bu, təbiidir və vaxtilə yaranıbdır. Biz
onu qoruyub saxlamalıyıq. Amma mən muzey deyəndə Səttar
Bəhlulzadənin əsərlərindən ibarət daimi
muzeyin yaranmasını nəzərdə tuturam. Çünki
rəssamın həm həyatı, həm də
yaradıcılığı xalqımızın bu
günü və gələcəyi üçün mənəviyyat
mənbəyidir, məktəbidir. Xalqımızın estetik tərbiyəsini
daha da gücləndirmək üçün Səttar Bəhlulzadənin
əsərlərindən istifadə etməliyik. Ona görə
də belə bir mərkəzin, belə bir muzeyin yaranması
çox zəruridir”.
Muzeydən ayrılıb həyətə
açılan dəmir darvazanı örtərək yenidən
kirəmidli küçələrə
çıxırıq. Səttar fırçasının
yaratdığı gözəlliklər isə bizimlə
qalır...
Süleyman Qaradağlı
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.1;3.