Moskvada Heydər
Əliyevin 100 illiyinə həsr olunmuş anım gecəsi
Moskvada Azərbaycan xalqının Ümummilli lideri
Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xatirə
gecəsi keçirilib. Dekabrın 12-də Azərbaycanın
Rusiyadakı Səfirliyinin Heydər Əliyev Fondunun
Moskvadakı nümayəndəliyi ilə birlikdə təşkil
etdiyi tədbirə iki ölkənin parlament üzvləri,
Rusiya paytaxtındakı diplomatik korpusun nümayəndələri,
ictimai xadimlər, Azərbaycan diasporunun təmsilçiləri
qatılıblar.
Tədbirin qonaqları Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi tərəfindən təşkil
edilmiş fotosərgi ilə tanış olublar.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu çıxış edərək Heydər
Əliyev şəxsiyyətinin ölkəmizin tarixində
yerindən, o cümlədən milli mədəniyyətin
inkişafında rolundan söz açıb: “Bir mədəniyyət
xadimi və uzun müddət Heydər Əliyevin rəhbərliyi
altında çalışmış insan kimi deyə bilərəm
ki, o, milli mədəniyyəti Azərbaycan xalqının sərvəti
kimi qiymətləndirirdi”.
Azərbaycan-Rusiya əməkdaşlığının
Heydər Əliyevin xarici siyasət strategiyasında xüsusi
yer tutduğunu deyən diplomat vurğulayıb ki, bu il Rusiyada
Ulu öndərin 100 illiyi geniş şəkildə qeyd olunub,
ölkənin bir sıra şəhərlərində tədbirlər
keçirilib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin
qeyd edib ki, Rusiyada Heydər Əliyevin xatirəsini
böyük səmimiyyət və ehtiramla yad edirlər. Heydər
Əliyev Rusiyanın böyük və səmimi dostu, Rusiya-Azərbaycan
münasibətlərinin ardıcıl inkişafının tərəfdarı
olub.
Tədbirdə TASS İnformasiya Agentliyi baş
direktorunun birinci müavini Mixail Qusmanın müəllifi
olduğu “Liderin ürəyi” sənədli filmi nümayiş
etdirilib. O deyib: “Biz dahi insan haqqında olan bu filmi böyük
sevgi ilə yaratdıq. Həmin vaxtlar Azərbaycanda
yaşamış və mənim yaşıdlarım olan
insanlar üçün bizim nəslin formalaşmasında Heydər
Əlirza oğlunun obrazı, onun liderliyi çox mühüm
idi, çünki bizim sosial cəhətdən təşəkkül
tapmağımız onun vaxtında baş verib”.
M.Qusman tədbirdə iştirak edən Azərbaycanın
Xalq artisti, Rusiyanın Böyük Teatrının solisti
Elçin Əzizovdan filmdə səslənən
mahnını ifa etməsini xahiş edib. Polad
Bülbüloğlu royalın arxasına keçib,
iştirakçıların alqışları altında
“Liderin ürəyi” mahnısı
səsləndirilib.
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.8.