Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (86)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1999-cu il 24 may
ABŞ-də keçirdiyi cərrahiyə əməliyyatı
və müalicədən sonra Prezident Süleyman Dəmirəlin
dəvəti ilə qardaş ölkəyə gələn (20
may) Prezident Heydər Əliyev Ankarada, Çankaya
Köşkündə Mustafa Kamal Atatürkün Ev-Muzeyini
ziyarət edib. 25 mayda Ankaradan Antalyaya qısamüddətli
istirahətə yola düşüb. 9 iyunda Türkiyədən
Vətənə qayıdıb.
1999-cu il 29 iyun
Rusiyalı rəssam Nikas Safranovu qəbul edib. Rəssam
Gəncə və Lahıca səfəri barədə məlumat
verib, Heydər Əliyevin ömür-gün yoldaşı mərhum
Zərifə xanım Əliyevanın portretini və digər əsərlərinin
illüstrasiyalarından ibarət albomu ona təqdim edib.
1999-cu il 7 iyul
Xalq yazıçısı Maqsud İbrahimbəyovu qəbul
edib.
1999-cu il 13 iyul
İdman-Sərgi Kompleksində açılmış
“Quruculuq salnaməsi” sərgisi ilə tanış olub.
Azərbaycanda hakimiyyətə gəlməsinin 30
illiyi münasibətilə Respublika Sarayında keçirilən
musiqili-bədii gecədə iştirak edib.
1999-cu il 15 iyul
SSRİ Xalq artisti, məşhur rəqqas Mahmud
Esembayevi 75 illik yubileyi münasibətilə təbrik edib. Məktubdan
sitat: “Yaradıcılığınız ölkəmizdə
uzun illər boyu daim heyranlıq və məftunluq
doğurmuşdur. Sizin iştirakınızla çəkilmiş
film (“Mən rəqs edəcəyəm”, 1962, rejissor Tofiq
Tağızadə - red.) bunun daha bir təsdiqidir”.
1999-cu il 24 iyul
Respublika Sarayında məşhur İspaniya
müğənnisi Xulio İqlesiasın konsertinə baxıb.
Konsertdən sonra müğənni ilə qısa söhbət
edib. Xulio İqlesiasın səfər çərçivəsində
İmişli rayonuna gedərək Bəhramtəpə dəmir
yolu stansiyasında məskunlaşmış məcburi
köçkünlərlə görüşünü
yüksək dəyərləndirib: “Bu, sizin tərəfinizdən
çox böyük insanpərvərlikdir. Bilirəm ki,
proqramınız gərgindir, işiniz çoxdur. Amma dünən
öz xahişinizlə gedib qaçqınları görməyiniz
məni çox məmnun etdi”.
1999-cu il 27 iyul
Prezident Sarayında görkəmli müğənnilər,
SSRİ Xalq artistləri Müslüm Maqomayevi və onun
xanımı Tamara Sinyavskayanı qəbul edib. Maqomayev
özünün əl işini – Heydər Əliyevin portretini
ona hədiyyə edib.
“...Xatirimdədir, sən gənclik illərində
oxumağa başlayanda sənin haqqında film var idi. Onu
televiziya ilə göstərirdilər, sənin necə şəkil
çəkdiyini, heykəl düzəltdiyini
görmüşdüm. İndi budur, sənin
istedadının daha bir cəhəti üzə
çıxdı. Ola bilsin, yenə nə isə üzə
çıxacaqdır. Bu, mənə xoşdur, əzizdir,
xüsusən də ona görə ki, sən peşəkar rəssam
deyilsən, müğənni və musiqiçisən, amma
yaxşı portret çəkmisən...”.
1999-cu il 28 iyul
Prezident Sarayında tanınmış müğənni
Yaqub Zurufçunu qəbul edib. Heydər Əliyev ABŞ-nin
Klivlend şəhərindəki klinikada müalicə
olunduğu vaxt onu ziyarət etdiyinə görə müğənniyə
bir daha minnətdarlığını bildirib.
Yaqub Zurufçu yaşadığı Los-Anceles şəhərindəki
televiziyada nümayiş olunmaq üçün Heydər
Əliyevdən müsahibə alıb.
1999-cu il 18 sentyabr
“Musiqinin Böyük İpək Yolu” 1-ci Bakı
Klassik Musiqi Festivalına təbrik məktubu göndərib.
“Musiqi ayrı-ayrı dillərdə danışan, bir-birindən
fərqlənən mənəvi və maddi dəyərlərə
malik xalqların ən gözəl qarşılıqlı
anlaşma və ünsiyyət vasitəsidir... Festivalın
keçirilməsi respublikamızda artıq ənənəyə
çevrilmiş “Üzeyir musiqi günü”nə təsadüf
edir. XX əsrin əvvəllərində Azərbaycan milli
musiqisinin dünya professional musiqi sənəti ilə
qovuşması yolunda misilsiz xidmətlər göstərmiş
dahi bəstəkarın nə dərəcədə uzaqgörən,
onun sənət aləmində seçdiyi yolun nə dərəcədə
doğru olduğunun əsrin sonunda bir daha şahidi oluruq. Bu,
Üzeyir dühasının təntənəsidir...”.
1999-cu il 27 sentyabr
Gürcüstan Kinematoqrafçılar
İttifaqının katibi Lomer Axvledianini (Heydər Əliyev
haqqında sənədli filmlərin operatoru – red.) və
kinorejissor Vaqif Mustafayevi qəbul edib.
“...Sənədli kino xüsusi əhəmiyyətə
malikdir... Ancaq, əlbəttə, peşəkarlıq səviyyəsi
layiqincə olduqda sənədli kino xüsusi dəyər kəsb
edir... Ona görə də bu işlə məşğul olan
sənətkarlar böyük iş görürlər. Siz
Roman Karmenin “Neft daşları” haqqında çəkdiyi “Xəzəri
fəth edənlər” adlı məşhur kinofilmini
xatırlayırsınızmı? Necə gözəl film idi!
Karmen sənədli kinonun böyük ustadı idi... Azərbaycanda
da yeni, gənc kadrlar böyüyür...”.
1999-cu il 8 oktyabr
Bakıda işə başlayan “Şərq-Qərb”
Kinofestivalının iştirakçılarını qəbul
edib.
“...Şadam ki, Azərbaycanda kinofestivallar keçirilməsi
ənənəsi artıq təşəkkül
tapmışdır... Bu yaxınlarda Rüstəm İbrahimbəyov
(Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri,
festivalın rəhbəri – red.) mənə dedi ki, bir
neçə ay əvvəl şəhərin mərkəzindəki
“Azərbaycan” kinoteatrı, – yeri gəlmişkən, o, kino həvəskarlarının
neçə-neçə nəslinin olduğu yerdir, – yenidən
qurulmuşdur. Mən o kinoteatrı xatırlayıram. Gənclik
illərində biz kinonu sevirdik. Xatirimdədir, orada foyedə həmişə
estrada orkestri çalırdı, biz gəlib musiqini dinləyirdik,
sonra da salona daxil olub filmə baxırdıq...
Bütün bunlardan danışarkən əsas fikrə
bir daha qayıdıram ki, Azərbaycanda biz hamımız incəsənətin,
kinonun, mədəniyyətin böyük pərəstişkarlarıyıq.
Formalar dəyişir, indi televiziya çox böyük yer
tutur, amma kino öz əhəmiyyətini itirmir... Adamlar
kinofilmi təkcə televizorda deyil, ekranda da görmək istəyirlər.
Buna görə də sizin peşəniz yaşayır və
yaşayacaqdır... Məruz qaldığınız çətinliklər
məlumdur. Amma gərək nikbin olasan, irəliyə baxasan və
düşünəsən ki, hər şey getdikcə daha
yaxşı olacaqdır. Zənnimcə, məhz bu fikirləri
Bakı festivalı da təsdiqləyəcəkdir...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 15 dekabr(¹93).- S.5.