Qusar teatrı gənclər şəhərində
Ümummilli lider Heydər Əliyevin 100, peşəkar
Azərbaycan milli teatrının yaradılmasının 150
illiyi münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə ilin əvvəlindən teatrların qastrol səfərləri
gerçəkləşir.
Qusar Dövlət Ləzgi Dram Teatrı M.F.Axundzadənin
“Hekayəti-xırs-quldurbasan” komediyasını dekabrın 7-də
Sumqayıt Dövlət Dram Teatrının səhnəsində
nümayiş etdirdi.
Öncə Sumqayıt teatrının direktoru vəzifəsini
icra edən Əməkdar artist Vidadi Məmmədov
qarşılıqlı qastrol səfərlərinin təcrübə
mübadiləsinə verdiyi faydadan danışdı.
Sonra səhnə əsəri təqdim olundu. Əməkdar
incəsənət xadimi Ağalar İdrisoğlunun quruluş
verdiyi tamaşanın rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı
Şaiq Qardaşovdur.
Rolları Bağır Əhmədov, Lalə Qurbanova,
Yalçın Qaraxanov, Ramella Mahmudova, Elnur Hacıyev, Pirverdi
Pirverdiyev, Həsrət Nəsrullayev, Yuri Kərimov, Tacir
Şahbazov, Elşad Ramazanov, Bədəl Bədəlov, Romik
Davudov, Tofiq Mustafayev, Lena Şahbalayeva, Samir Babayev və Mirzəhməd
Salmanov ifa edirdilər.
Rejissor özünəməxsus yozumunda Mizə Fətəlinin
ölməz komediyasına bu dəfə “avamlığın cəzası
hiyləgərin oyunudur” kimi nəticə ilə tamaşa
etdik.
Məlum olduğu kimi, əsərdə hadisələr
tərəkəmə ənənəsi ilə yaşayan ərazidə
– Şəmşəddin mahalında cərəyan edir. Sadə
və qoçaq gənc Bayram Pərzadı sevir.
Bacarıqsız, lakin arxalı Tarverdi isə bu işdə
onlara mane olur. O özünə çox arxayındır. Simic
və qorxaq olduğundan hər vəchlə işi tez həll
edib gözəl Pərzadla evlənmək istəyir. Bayram da
sakitcə taleyi ilə barışmır, mübarizə
aparır. Bu problemində ona kömək edəcək səbəbi
tapır. Mahalda oğurluğa getməmiş oğlanları
qoçaq, mərd hesab etmirlər deyə Bayram da bu fürsəti
əldən vermir. O, çox yaxşı bilir ki, Tarverdi
qorxağın biridir. Deməli, Tarverdini yoldan
çıxarıb quldurluğa göndərtmək və bu
yolla ondan qurtulmaq lazımdır.
Bayram hiyləgər ər-arvad olan Namaz və Zalxadan
kömək istəyir. Xüsusən də Zalxa bu işdə
ona köməkçi olur. Tənha olarkən quldurluğu pisləyib,
hətta divanbəyidən bu işi dayandırmasını
arzulayan Zalxa aldadıcı oyunun iştirakçısına
çevrilir. O, Tarverdini quldurluğa getməsi
üçün qızışdırır, yalnız bundan
sonra Pərzadın ona ərə gələcəyini deyir.
Çarəsiz razılaşan Tarverdi Zalxanın ona
qoşduğu iki nəfərlə yola düşür və
bütün tragikomik hadisələr də bundan sonra
başlayır...
Oyun içində oyun sayəsində Tarverdi
özünü tələyə salır və sonda iki
aşiq arasındakı maneə aradan qalxır.
Tamaşanın final səhnəsi Divanbəyi tərəfindən
Bayramla Pərzadın toy elanı ilə bitir və qusarlı
teatr təmsilçiləri ritmik musiqilərin müşayiətində
bir neçə dəqiqə rəqs performanslarını da
nümayiş etdirirlər.
Əsərin mahiyyəti və ana ideyasından irəli
gələn mətni oyunla bərabər bölməkdən
çox, işi söz üzərinə quran rejissor dil və
ləhcə faktoru, truppadakı bəzi aktyorları bu mənada
həddən artıq yüklədiyini, təəssüf ki, nəzərə
almayıb. Daha çox replika üzərində
dayandıqlarından oyunda mizanlara uyğun hərəkət,
jestlər və ümumi tempə adekvat ifadəli təqdimat
arzuolunan səviyyədə deyildi...
Bildirək ki, Sumqayıt teatrı da öz növbəsinə
qastrol çərçivəsində gələn həftə
Qusarda Əziz Nesinin “Öldür məni, can-ciyər”
tamaşasını (rejissor Xalq artisti Firudin Məhərrəmov)
təqdim edəcək.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.4.