Milli musiqinin klassik
janrlarda təcəssümü
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA)
Orta ixtisas musiqi məktəb-studiyası növbəti
uğurunu qeyd etdi. Dekabrın
7-də tədris ocağının nəzəriyyə müəllimi
Esmeralda Cəbrayılın ərsəyə gətirdiyi “Azərbaycan
xalq mahnıları. Fortepiano üçün işləmələr”
kitabı kollektivin iştirakı ilə təqdim olundu.
Müəllif
tədbirin əvvəlində xalq musiqisindən ilhamlanaraq
işlədiyi nümunələrin nəşr olunmasında
ona dəstək olan məktəb-studiyanın direktoru Sevda Məmmədovaya
və həmkarlarına təşəkkürünü
bildirdi.
Sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədova
xalq mahnı işləmələrinin əhəmiyyətindən
söz açaraq bu ənənənin XX əsrin əvvəllərindən
dahi Üzeyir Hacıbəyli tərəfindən
başlaması və onun tövsiyəsi ilə görkəmli
bəstəkarlarımızın
yaradıcılığında davam etməsini diqqətə
çatdırdı. Ü.Hacıbəylinin “Əgər biz
hal-hazırda mövcud olan, yaddaşlarda yaşayan
mahnılarımızı cəmləsək, yüzlərlə
el havalarını unudulmaq təhlükəsindən qurtara bilərik”
fikrini xatırlatdı. Məktəb-studiyanın
yaradıcısı mərhum professor Tərlan Seyidovun təşəbbüsü
ilə tədris ocağının proqramında Azərbaycan
xalq musiqisinin hərtərəfli yer aldığı qeyd
edildi.
Konsert
proqramında məcmuəyə daxil olan əsərlər məktəb-studiyanın
müəllim və şagirdləri tərəfindən ifa
olundu.
Əməkdar
müəllim Nərgiz Mansurovanın 11-ci sinif şagirdləri
– beynəlxalq müsabiqələr laureatları Şəhla
Yusibova “Qubanın ağ alması” (fuqa), Solmaz Əliyeva
“Ağacdan alma” (tokkata) nümunələri ilə
çıxış etdilər. Sevda Məmmədovanın
yetirməsi – 4-cü sinif şagirdi Mikayıl Qasımov
“Qalanın dibində” (kiçik rondo), Nuranə Zeynalovanın
2-ci sinif şagirdi Məryəm İsmayılova “Bəri bax”
(yumoreska), Esmeralda Cəbrayılın şagirdləri – Aylin Məmmədova
“Laçın” (elegiya), Məryəm Vəzirova “Sarı gəlin”
xalq mahnısı işləməsini təqdim etdilər.
Müəllimlərdən
beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar
Nuranə Zeynalova “Ağacdan alma” (menuet), beynəlxalq
müsabiqələr laureatı Fəqan Həsənli
“Almanı atdım xarala” (skertso), Esmeralda Cəbrayıl
“Küçələrə su səpmişəm”
(prelüdiya) işləmələrini ifa etdilər.
Müəllifi
təbrik edənlər arasında sənətşünaslıq
üzrə fəlsəfə doktoru, BMA-nın dosenti Turan Məmmədəliyeva
onun pedaqoji ustalığından söz açaraq kitabın
kiçik pianoçular üçün bir töhfə
olduğunu vurğuladı.
Pianoçuların
hər birinin çıxışında miniatürlərin fərqli
xarakteri öz təfsirini tapdı. Bu əsərlərin
onların repertuarında əsaslı yer tutması artıq
hiss olunurdu. Dinləyicilər xalq melodiyalarının müxtəlif
dövrlərin klassik janrlarında təcəssümünü
rəğbətlə qarşıladılar.
Tədbirin
sonuna doğru sürpriz ifalar səsləndi. Məktəb-studiyanın
direktor müavini sənətşünaslıq üzrə fəlsəfə
doktoru Aytən İbrahimova və Nuranə Zeynalova “Elə demə,
zalım yar” əsərinin vals ruhunda ansambl işləməsini
təqdim etdilər. Əsərin
dolğun akkordlarda həmahəng ifası
alqışlarla qarşılandı.
Konsert
proqramında məktəb-studiyanın müəllimləri
Ofeliya Axundova və Vəfa Həmidovanın ifasında 7 xalq
mahnısından ibarət təqdimat da dinləyicilərə
zövq yaşatdı. V.Həmidovanın milli musiqi incilərimizi
yüksək duyğu ilə ifası və bu ifadan ilhamlanan
O.Axundovanın improvizasiyalı müşayiətində bədahətən
yaranan yeni harmoniya nümunələrini eşitmək hər kəsə
xoş əhval bəxş etdi.
Tutu
Hüseynova
Musiqişünas
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.7.