Rənglərdən süzülən
vətən eşqi
Rəssam Əli Səfərovun
yaradıcılığı
Milli təsviri sənətimizdə məxsusi yeri olan
Naxçıvan məktəbinin günümüzdəki
ustadlarından olan Əli Səfərov bədii ideyası,
doğma yurda sevgisi və istedadının qüdrəti ilə
tarixi lövhələr, misilsiz rəngkarlıq salnaməsi
yaradıb.
Əli Səfərov 1954-cü ildə
Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə
Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq
Məktəbini bədii-tərtibatçı rəssam
ixtisası üzrə bitirib, Naxçıvanda şüşə
və alüminium qablar zavodlarında tərtibatçı-rəssam
işləyib. O, 1983-1987-ci illərdə Naxçıvan
Dövlət Musiqili Dram Teatrında, 1990-2012-ci illərdə
M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla
Teatrında, daha sonra quruluşçu rəssam kimi fəaliyyət
göstərdiyi Babək rayon Xalq teatrında 60-a yaxın
tamaşaya səhnə tərtibatı və geyim eskizləri
verib. Azərbaycan Teatr Xadimləri İttifaqının,
Naxçıvan MR Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar
İttifaqının üzvüdür. Teatr rəssamı
olmaqla yanaşı, o həm də bu gün qrafik və rəngkar
kimi bədii fəaliyyətlə məşğul olur. Bununla
yanaşı, miniatür janrında da müxtəlif əsərlər
ərsəyə gətirib.
Güclü bədii təfəkkürə və təxəyyülə
malik sənətkarın, hər şeydən əvvəl,
çox zəngin elmi-tarixi savadı, adət-ənənələrə
və milliliyə dərindən bələdliyi,
dünyagörüşü və geniş mütaliəsi
onun yaradıcı kimliyini formalaşdıran ən önəmli
amillərdir. Çünki sənətkar olmaq təkcə zəngin
tariximizi, ənənələrimizi, vətənimizi və
onun misilsiz gözəlliklərini sevmək demək deyildir,
onu həm də tərənnüm edib, gənclərə
sevdirmək, təbliğ etmək deməkdir. Əli Səfərovun
sənət missiyası da belədir. Biz Naxçıvanın
gözəl guşələrinə səyahət etmədən
belə, onun mənzərələrində görüb, heyran
oluruq.
Bu baxımdan rəssamın “Ağaclıq”, “Gəzinti”,
“İlanlı dağ”, “Mənzərə”, “Nəhəcir
dağı”, “Naxçıvanda qış”, “Qızıl
payız”, “Ordubad dağları”, “Dağ kəndi”, “Üzən
ada”, “Batabat”, “Əlincə”, “Vayxır gölü”, “Şərur
yallısı”, “Nağıllı dünyam”, “Şahbuz yolu”,
“Yaz yağışı”, “Naxçıvanda şənlik” və
bir çox tablosu təqdirəlayiqdir.
Yenilməz, əzəmətli, dilbəranə və
ovsunlu dağlarla əhatələnən
Naxçıvanın İlanlı dağı (Haça
dağ), bir çox rəssamlara ilham verməklə yanaşı,
müxtəlif əfsanələrin də baş qəhrəmanı
olub. Əfsanəyə görə, bu dağın zirvəsindəki
yarıqlar “Nuh tufanı” (“Dünya tufanı”) zamanı
yaranıb. Əli Səfərovun palitrasından boylanan
xoşhal rənglərin diş-diş qayalar ilə məlahətli
və ahəngdar kombinasiyası “İlanlı dağ”
kompozisiyasının xəyallar aləmində doğulan
şirin bir nağıla bənzər təsviridir.
Təbiəti ilə hər kəsi özünə məftun
edən digər əsrarəngiz sərvət “Nəhəcir
dağı” – fəsahətli rəngkarın bədii
yaradıcılığında öz layiqli yerini tapıb.
Kompozisiyada nazlı buludlarla çevrələnən qocaman Nəhəcir
dağını görürük. Sanki İlahi güclə
boyanan bu təbiət lövhəsi igidlər yurdunun, qıy
vuran qartallar diyarının bədii simvoluna çevrilib.
Qarlı zirvələrlə müjdələnən Kəmki
dağı da Əli Səfərovun fırçasından yan
keçməyib. Zirvəsi buludu ötən bu Ordubad
dağının cah-calallı görkəmində
Tanrının səxavətli nəfəsi hiss olunur…
Ən ülvi duyğularını kənd mənzərələri
ilə tərənnüm edən rəssamın gözəllik
mənbəyi həmin peyzajlarında gizlənir, sirrə
çevrilir. Belə peyzajlardan biri də “Parağaçay” əsəridir.
Qırmızı kirəmitlə örtülmüş evlərin,
hər təpəsini, döşünü günəşin
yaladığı xoş mənzərəsini kövrək
bir ruhla icra edən rəssamın rəng duyumu təqdirəlayiqdir.
Burma-burma yolların tuşlandığı digər
ecazkar peyzajın ismi “Biləv”dir. Cürbəcür
ağacların bizi qarşıladığı Biləv kəndini
rəssam sanki əfsanələrdən qoparıb, bizlər
üçün “pay” gətirib. Küləyin belə tellərini
daramağa çəkindiyi bu mənzərənin həzinliyi,
lirik ovqatı göz oxşayır.
Örpəyə bənzəyən yamacı, yalı
ilk baxışdan ruhu məst edən “Qanlıgöl
yaylağı” rəssamın ən maraqlı əsərlərindən
biridir. İzləyicilərini xəyala daldıran bədii
lövhədə rənglərin, çalarların şux rəqsini
duymaq mümkündür. Bu axarlı-baxarlı yaylaq təsvirinin
hüsnünə söz qoşmaq necə müşkül məsələdir.
Buludların səmada, kol-kosun torpağın üzərində
cövlan etdiyi bu səhnədə sanki ölməz şairlərin
vəsfi kölgələnir.
Bəstəboy qayaların ağuşunda durulub, yuxuya
gedən təbiət səhnəsi – “Vayxır gölü” isə
sanki rəssam yaradıcılığında bir naxışa
çevrilib bərq vurur. Şux rəngli mənzərə səhnəsində
cilvələnən, nazlanan buludlar isti təbiətlə bir
oyun içərisindədir. Coşqun suların yataq
saldığı “Əlincəçay” əsəri isə
üfüqdə görünən dağa doğru
qıvrılan “şıltaq” çayın güclü
koloritlə həll olunmuş təsviridir.
Naxçıvanın təbii möcüzələrindən
biri olan mərcan gözlü Batabatını da kətana
köçürən Əli Səfərov bu peyzaj ilə həm
sənətsevərlərin, həm təbiət
vurğunlarının qəlblərindəki simə toxunur. Rəssam
suyun lilləndiyi bu torpaqlarda göyərən pöhrələri,
kolu, kosu, dinc ağacları məharətlə təsvir edib.
Usta sənətkarın
yaradıcılığında bir başqa diqqəti çəkən
qiymətli nüans əsərlərində
miniatürsayağı ab-havanın olmasıdır. Sənətkarın
bu baxımdan yaratdığı “Sabir və zəmanəsi”,
“Səttar”, “Nağıllar aləmi”, “Nizami”, “Azərbaycan”,
“Doğma diyar”, “Şəhriyar”, “Dahilər diyarı”,
“Düşüncə”, “Mirzə Cəlil”, “Dədə Qorqud
harayı”, “Füzuli” və digər əsərləri olduqca
zəngin kompozisiya düzümü, harmonik rəng seçimi
və bədii-estetik baxımdan güclü quruluşları
ilə diqqəti cəlb edir.
Rəngkarın yaradıcılığında məişət
mövzusuna, süjetli səhnələrə də rast gəlmək
mümkündür.
“Bağda (ilk ruzi)” onların içərisində
öz səmimi ovqatı ilə seçilən maraqlı əsərlərdən
biridir. Nurlu təbiətin bizə sovqatı olan ilk bar rəssamın
fırçasından süzülən rənglərlə həmahəngdir.
Gözəl bir Azərbaycan xanımı, şərq
qadınının zərifliyi müjdələnən ilk
“nübar” ilə çox gözəl səsləşir.
Ümumiyyətlə, qadın obrazlarını
xüsusi zərifliklə kətana köçürən rəssamın
“Qız alma ilə”, “Sudan gələn kuzəli qız”,
“Xalçaçı qız” və “İntizar” kimi əsərləri
onun gözəllik və fəzilət
anlayışının, bədii-estetik zövq
meyarının bariz nümunəsidir.
Eyni səmimi ovqata malik daha bir əsər “Çoban
iti ilə” isimli kompozisiyasıdır. Sanki yanıqlı bir
tütək səsi salamlayır bizi… Dağ döşündə
yorğun düşən iti ilə çiçəkləri
xalıya bənzəyən yamac üstündə sanki ürəyinin
nəğməsini təbiətlə bölüşən gənc
çoban obrazı xüsusi plastika ilə, həlim pafosla həll
olunub.
Mədəni sərvətimiz
olan muğam mövzusu da mahir fırça
ustasının zəngin yaradıcılığında
günəş tək bərq vurur. “Üçlük” adlanan
kompozisiyada muğam dəsgahı ifa olunur. Muğamın
avazından, vəhdətindən enerji və hüsn alan rəssamın
kompozisiyasına baxdıqca dilə gələn ruhlar
bütün ovsunları, tilsimləri anidən özündə
izhar edir.
Həm vətən, həm millət, həm də səfalı
guşəli dədə-baba ocağı Əli Səfərovun
yaradıcılıq kredosunun əsasını təşkil
edən, orijinal üslubunu və çoxşaxəli bədii
fəaliyyətini özündə ehtiva edən ən önəmli
xüsusiyyətlərdir. Ustad rəssama yaradıcılıq
yolunda yeni müvəffəqiyyətlər, sənət
cığırında sonsuz bədii tapıntılar diləyirik.
Nigar Hətəmova
Azərbaycan Dövlət Rəsm Qalereyasının
kiçik elmi işçisi
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.7.