Tarzən Zərif
Qayıbovun xatirəsi anıldı
Dekabrın 10-da Beynəlxalq Muğam Mərkəzində
(BMM) tarzən Zərif
Qayıbovun (1920-1943) vəfatının (14 dekabr) 80-ci
ildönümünə həsr olunmuş gecə
keçirildi.
Tədbirdə əvvəlcə Zərif Qayıbovun
adını daşıyan Gəncə şəhər 5
nömrəli Uşaq musiqi məktəbinin tarzən
haqqında hazırladığı videoçarx
nümayiş olundu.
Daha sonra BMM-in direktoru Əməkdar artist Sahib
Paşazadə çıxış edərək tar
ifaçılığı sənətimiz haqqında fikirlərini
bölüşdü: “2010-cu ildə mənə bir tar hədiyyə
edildi. Bu alət mənim üçün xüsusilə dəyərlidir.
Çünki bir müddət sonra məlum oldu ki, bu tar nakam sənətkarımız
Zərif Qayıbova məxsus imiş”.
Xalq artistləri, tarzənlər Ramiz Quliyev, Vamiq Məmmədəliyev
tar ifaçılıq sənətimizdə iz qoyanlar
sırasında Zərif Qayıbovun adının ehtiramla yad
edildiyini dedilər. “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin Səsyazmalar evinin direktor müavini,
tarzən Şahin Verdiyev Zərif Qayıbov haqqında
apardığı araşdırmadan söz açdı.
Çıxışlardan sonra gənc tarzənlərin
və BMM-in solistlərinin ifasında konsert proqramı təqdim
olundu.
Lalə
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.3.