“Salam, əziz dostum”
Səməd Vurğunun evində Rəsul Həmzətov
yad olundu
Dağıstanın Xalq şairi, Azərbaycan ədəbiyyatının
dostu Rəsul Həmzətovun anadan olmasının 100 illiyi
dekabrın 7-də Səməd Vurğunun Ev-Muzeyində “Salam,
əziz dostum” adlı ədəbi-bədii gecə ilə qeyd
edildi.
Tədbirdə Rusiya Federasiyasının Azərbaycandakı
Səfirliyinin birinci katibi Pavel Kuznetsov, Sergey Yesenin adına Azərbaycan-Rusiya
Ədəbi Əlaqələr Mərkəzinin direktoru
filologiya elmləri doktoru Natəvan Mustafayeva, Dağıstan
Respublikasının Bakıdakı nümayəndəliyinin əməkdaşları
iştirak edirdi.
Gecəni giriş sözü ilə muzeyin direktoru
Vurğun Vəkilov açaraq görkəmli şairi Azərbaycanla
bağlayan qırılmaz tellərdən danışdı.
Bildirdi ki, Rəsul Həmzətov şeirlərində dəfələrlə
xalqlarımızın dostluğunu tərənnüm edib. O,
Azərbaycanın Xalq şairi Səməd Vurğunu
özünün böyük dostu və müəllimi
adlandırıb. Rəsul Həmzətovun yaradıcılığına sevgi
və ehtiram bu gün də azərbaycanlıların qəlbində
yaşayır.
“Günay” uşaq teatrının direktoru Larisa Tarasova
da görkəmli şairin Azərbaycana dost münasibətindən
danışdı. Bildirdi ki, o hələ gənclik illərində
Azərbaycana sevgi hissləri ilə dolu şeirlər
yazdığını çıxış və xatirələrində
həmişə dilə gətirərdi. Rəsul Həmzətovun
şeirlərinə populyar mahnılar bəstələnib. O,
Dağıstan şairi olsa da, Azərbaycana, onun xalqına və
poeziyasına sıx bağlı olub.
Çıxışlardan sonra bədii hissəyə
keçildi. “Günay” teatrının balaca artistləri R.Həmzətovun əsərləri
əsasında kompozisiyalarla çıxış etdilər.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin
şagirdləri şairin Səməd Vurğuna həsr etdiyi
“Əziz dostum” şeirinə bəstələnmiş musiqi əsərini
səsləndirdilər. “Tərəqqi” texniki-humanitar liseyi,
160 nömrəli klassik gimnaziya, Bakı Avropa liseyi, 203, 245,
150, 17, 23, 27, 23, 189 məktəblərin şagirdləri də
şairin şeirlərini söylədilər.
S.Fərəcov
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.5.