Tanınmış
musiqişünas-pedaqoqun yubiley gecəsi
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində
(BMM) tanınmış
musiqişünas, Əməkdar incəsənət xadimi,
professor Məmmədağa Kərimovun 75 illik yubileyi və
pedaqoji fəaliyyətinin 55 illiyinə həsr olunmuş gecə
keçirildi.
Musiqişünas, Əməkdar mədəniyyət
işçisi Səadət Təhmirazqızı yubilyarı
təbrik edərək onun həyat və
yaradıcılığından, pedaqoji fəaliyyətindən
söz açdı.
Yubiley təbrikinə gələn Xalq artistləri – Azərbaycan
Milli Konservatoriyasının (AMK) rektoru Siyavuş Kərimi,
dirijor Ağaverdi Paşayev, tarzən Möhlət
Müslümov, eləcə də AMK-nın prorektoru professor
Lalə Hüseynova, AMK nəzdində Musiqi Kollecinin direktoru
Əməkdar incəsənət xadimi Nazim Kazımov, BMM-in
direktoru Əməkdar artist Sahib Paşazadə milli musiqimizin təbliğində,
yeni tar ifaçılarının yetişdirilməsində
böyük xidmətlər göstərən pedaqoqu təbrik
etdilər.
Qeyd olundu ki, 13 il Milli Konservatoriyanın Xalq
çalğı alətləri kafedrasına rəhbərlik
etmiş Məmmədağa Kərimovun yetişdirdiyi tarzənlər
bu gün musiqi mədəniyyətimizi yüksək səviyyədə
təbliğ edir, müxtəlif təltiflərə layiq
görülürlər.
Yubiley gecəsi pedaqoqun yetirmələrinin təqdimatında
konsert proqramı ilə davam etdi. Xalq artisti Möhlət
Müslümov, Əməkdar artistlər – AMK-nın dosentləri
Səbuhi Cəfərov, Ələkbər Ələkbərov,
Rövşən Qurbanov, baş müəllimlər Arslan
Növrəsli, Natəvan Həsənova, Musiqi Kollecinin müəllimi
Humay Qədimova və digər tələbələrin
çıxışları alqışlarla
qarşılandı.
Lalə
Mədəniyyət .- 2023.- 13 dekabr(№92).- S.5.