Moskvada “Nar
dastanı”
Əməkdar rəssam Əsgər Məmmədovun sərgisi
Moskvadakı M.İ.Rudomino adına Rusiya Xarici Ədəbiyyat
Kitabxanasında Azərbaycanın və Rusiyanın Əməkdar
rəssamı Əsgər Məmmədovun “Nar dastanı”
adlı sərgisi keçirilib.
Dekabrın 9-da açılan sərgi “MDB ölkələrinin
mədəniyyətlər ulduzu” festivalı çərçivəsində Heydər Əliyev Fondunun Rusiya
nümayəndəliyi və Moskvadakı Azərbaycan Mədəniyyət
Mərkəzi tərəfindən təşkil olunub. Milli
koloritli natürmortların, portretlərin nümayiş
olunduğu sərgidə xüsusi yer tutan nar rəsmlərində
fəlsəfə ilə poeziyanın harmoniyası əksini
tapıb.
Sərginin açılışında
çıxış edən Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu bildirib ki, Əsgər Məmmədov
Qarabağda dünyaya göz açmış və
Qarabağ münaqişəsinin bütün çətinliklərini
yaşamış bir insandır: “Təəssüf ki, Əsgər
Məmmədov böyük faciə ilə üzləşmişdi.
Onun Qarabağdakı evi yanmış və bütün əsərləri
də məhv olmuşdu. Buna baxmayaraq o, güclü iradə
nümayiş etdirib, xeyirin şərə qalib gələcəyinə
hər zaman inanıb. Əsgər Məmmədov artıq
çox illərdir Moskvada yaşayır və Azərbaycana,
Qarabağa həsr olunmuş rəsm əsərləri ilə
bizi sevindirir”.
Diplomat Rusiyada geniş mədəniyyət layihələri
həyata keçirən Heydər Əliyev Fonduna təşəkkürünü
bildirib. Diqqətə çatdırıb ki, “Heydər
Əliyev İli” Rusiya Federasiyasında da geniş şəkildə
qeyd olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev
iki ölkənin dostluq və mehribanlıq şəraitində
yaşaması üçün çox işlər
görüb.
M.İ.Rudomino adına Xarici Ədəbiyyat
Kitabxanasının baş direktoru Pavel Kuzmin və digər
çıxış edənlər sərgi haqqında fikirlərini
bölüşüblər. Bildirilib ki, Əsgər Məmmədovun
əl işlərində mənzərə, natürmort,
portret və qrafika üslubuna rast gəlmək olar. Bununla
yanaşı, rəssamın əsərlərində Azərbaycan
folklorunun, çoxəsrlik miniatür sənətinin təsiri
sezilir.
Sonda Əsgər Məmmədov sərginin təşkilinə
görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə
və onun yaradıcılığına maraq göstərərək
sərgini ziyarət edən hər kəsə təşəkkürünü
bildirib.
Qeyd edək ki, “MDB ölkələrinin mədəniyyətlər
ulduzu” festivalının proqramı film nümayişləri,
konsertlər, milli sənətkarlıq üzrə ustad dərsləri,
şeir qiraətləri, rəsm sərgiləri kimi silsilə
tədbirləri əhatə edib. Festival çərçivəsində
dünyaca məşhur qırğız
yazıçısı Çingiz Aytmatovun 95 illik yubileyinə
həsr olunmuş ədəbi-musiqili gecə də təşkil
edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlu festivalın açılışında
çıxış edib. O, Azərbaycan rəhbərliyinin zəngin
mədəni irsimizin qorunub saxlanılması və dünyada
təbliğinə diqqət və qayğısından,
ölkəmizin işğaldan azad edilmiş ərazilərində
həyata keçirilən quruculuq işlərindən,
Prezident İlham Əliyevin təşəbbüsü ilə
irəli sürülən “Bakı Prosesi”nin mədəniyyətlərarası
dialoq platformasına çevrilməsindən söz
açıb.
Polad Bülbüloğlu
çıxışının sonunda Səməd Vurğunun
“Azərbaycan” şeirindən bir parçanı oxuyub.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.8.