35 yaşlı
binanın 95 yaşlı sakini – Gənc Tamaşaçılar
Teatrı
“Teatr binaları” silsiləsindən III yazı
Azərbaycan Teatrı-150
Əslində, bütün səhnə sənətlərinin
təməlini həvəskarlar qoyur, peşəkarlar davam və
inkişaf etdirir. Sadəcə, Gənc Tamaşaçılar
Teatrı Azərbaycanda o zaman yarandı ki, artıq məmləkətdə
bütün teatr janrları oynanılırdı, bütün
teatrlarda da peşəkar sənətçiləri çalışırdı.
Ağadadaş Qurbanov isə, bu günün meyarları ilə
yanaşsaq, özü elə uşaq idi, 15-16 yaşı var
idi. Amma uşaq olanda nə olar? Onun təşəbbüsü
ilə səhnələşdirilən Lətif Kərimlinin
“Fırtına” tamaşası necə fırtına
qopardısa, pioner və məktəblilərin özfəaliyyət
dərnəklərinin bu işi Azərbaycanda yeni bir
teatrın – Bakı İşçi Uşaq Teatrının
yaranmasına təkan verdi.
1928-ci ildə Azərbaycan Xalq Maarif
Komissarlığının qərarı ilə yeni bir peşəkar
teatr yaradıldı. Beləliklə, məhz uşaqlar,
yeniyetmələr və gənclər üçün
tamaşalar qoyan teatr o dövrün milli teatr məkanındakı
boşluğu doldurdu. Teatr kollektivi yaradılıbsa, deməli,
onun fəaliyyəti üçün məkan da
olmalıdır.
Hələliksə… Təzə teatr şəhərdəki
məşhur məktəblərdən birində yerləşdirilir.
Hazırda L.Tolstoy küçəsi, 195 ünvanlı 1
nömrəli orta məktəbin XIX əsrin 80-ci illərində
tikilmiş binası, geniş akt salonu, idman zalı olsa da,
tamaşa göstərmək üçün uyğunsuz və
balaca idi. Məlum məsələdir ki, teatr bu binada məskunlaşmış
tək qurum deyildi və o, bu məkanı başqa təşkilatlarla
paylaşırdı. Binanın teatra uyarsızlığı
hətta Bakı Uşaq Teatrının onilliyi münasibətilə
Moskvada nəşr olunan “Pionerskaya pravda” qəzetindəki məqalədə
də öz əksini tapmışdı. Hərçənd
teatr on yaşını qeyd edərkən artıq Gənc
Tamaşaçılar Teatrı (1936-cı ildən) adlanır
və proletar yazıçısı Maksim Qorkinin adını
daşıyırdı. Düzdür, yersizlik ucbatından
teatr daha çox səyyar tamaşa oynamalı olurdu. Gənc
kollektiv arada Dənizçilər klubunda da tamaşa göstərirdi.
Ümumiyyətlə, Bakı teatrlarının
çox qəribə taleyi var. Bəzi binalar var ki, onların
divarları arasına müxtəlif illərdə fərqli
kollektivlər sığınıb. Elə də teatr var ki, məkan
dəyişmə siyahısında birincidir.
Nəhayət, 1933-35 illərdə teatr indi yerləşdiyi
əraziyə (ona görə ərazi deyirik ki, orada yerləşən
bina çoxdan yoxdur) – Opera və Balet Teatrı ilə üzbəüz
yerləşən “Kolizey” adlı binaya
köçürülür. İnqilabdan əvvəl
“Malı teatr” (Opera və Balet Teatrına “Böyük Opera
Teatrı” deyildiyi üçün üzbəüzdəki
teatrı ondan belə seçdiriblər) adlanan bu məkanda həvəskar
teatr truppaları tamaşa göstərirdilər. Sonradan bina
“Teamp” adlı kinoteatra çevrildi və müharibədən
sonrakı illərdə söküldü.
Gənc Tamaşaçılar Teatrı isə 9 Yanvar
küçəsi 8 ünvanına sığınır.
Burada uyğunlaşdırılmış binada fəaliyyət
göstərməyə başlayır. Yeri gəlmişkən,
hazırda həmin küçə şair Xaqaninin
adını daşıyır, teatr binasının yerində
isə Teatr Xadimləri İttifaqının binası yerləşir.
Növbəti yazılarımızda bu bina barədə
söz açacağıq deyə, geniş söhbəti təxirə
salırıq.
1938-ci ildə Bakıda Musiqili Komediya Teatrı
yaradılır və bir ildən sonra Xalq Komissarları
Sovetinin qərarı ilə Gənc Tamaşaçılar
Teatrının binası yeni kollektivə verilir. Gənc
Tamaşaçılar Teatrı İdman Komitəsinin yerləşdiyi
binaya köçürülür. Çox keçmir ki, teatr
yenidən 9 Yanvar küçəsindəki ünvana
qayıdır və 1951-ci ilədək orada yerləşir. Bu
illər ərzindəsə Nizami küçəsindəki hələ
də köhnə adı “Kolizey” teatrı ilə tanınan
sökük-salxaq bina sökülür və onun yerində
belə deyək ki, dövrün tələblərinə
uyğun teatr binası tikilir. 1951-ci ildə Gənc
Tamaşaçılar Teatrı artıq bu gün
tanıdığımız ünvanla – Nizami küçəsi,
72 ünvanındakı yeni binasına
köçürülür.
Binanın təntənəli
açılışı Yeni il ərəfəsinə
salınır və dekabrın 30-da 7-dən 77-dək
tamaşaçı kontingenti olan Gənc
Tamaşaçılar Teatrı bu binada rəsmən fəaliyyətə
başlayır. Memar M.Qusmanın layihəsini verdiyi binanın
tamaşa salonu çox maraqlı tərzdə qurulmuşdu.
450 yerlik salonun yarısından sonra oturacaqlar antik teatr
üslubunda, pilləvari yerləşirdi. Binanın xarici
görünüşü o qədər də maraqlı və
fərqli olmasa da, fasadın interyerində bir məqam diqqəti
çəkirdi. Fasadın fronton (dam örtüyünün
lap altındakı ikipilləli üst hissə) hissəsinə
Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili
komediyasına aid süjetli barelyef frizi
yapılmışdı. Heykəltaraş Yelizaveta
Tripolskayanın müəllifi olduğu bu barelyef niyə Gənc
Tamaşaçılar Teatrının binasının
fasadını bəzəsin ki?!
Əgər Musiqili Komediya Teatrı ilə Gənc
Tamaşaçılar Teatrının bir neçə dəfə
eyni məkanlarda yerdəyişməsini nəzərə alsaq,
belə bir fərziyyə ağlabatan görünür: təzə
bina, əslində, həmin zaman indiki Rəşid Behbudov
adına Mahnı Teatrının binasında məskunlaşmış
Musiqili Komediya Teatrına veriləcəkmiş.
Amma Gənc Tamaşaçılar Teatrına qismət olur.
Gənc Tamaşaçılar Teatrı bu məkanda 29
il, 1980-ci ilədək fəaliyyət göstərdi. Bina həmin
ildə qəzalı vəziyyətə düşdü və
söküldü. Təxminən dörd il ərzində
burada keç bir iş görülmədi. 1984-cü ildə
Azərbaycanın Əməkdar memarları Sənan Salamzadə
və Rəhim Seyfullayevin layihəsi əsasında həmin
yerdə Gənc Tamaşaçılar Teatrının indiki
binasının təməli qoyuldu. Binanın tikintisi 1988-ci
ilin sonlarında başa çatdı və Gənc
Tamaşaçılar Teatrı növbəti ilin əvvəlində
öz binasına yığışdı.
Maraqlıdır ki, 1928-51-ci ildə müxtəlif
ünvanlarda fəaliyyət göstərən Gənc Tamaşaçılar
Teatrı bu dəfə öz binasında neçə teatr
kollektivinə sığınacaq verdi. 1990-cı illərdə
yeni yaranan “Dəli yığıncağı” pantomim
teatrı, Şuşadan qaçqın düşən
Şuşa Dövlət Musiqili Teatrı, müstəqil
“İlham” miniatür teatrı… bu binada yerləşmişdi.
Bütün binalar kimi Gənc Tamaşaçılar
Teatrının binasının da zaman keçdikcə təmir
və rekonstruksiyaya ehtiyacı yarandı. Prezident İlham
Əliyevin 19 fevral 2007-ci il tarixli sərəncamı ilə Azərbaycan
Dövlət Gənc
Tamaşaçılar Teatrının binası əsaslı təmir
və yenidənqurma məqsədilə bağlandı. Təmir
işləri 2009-cu ilin aprel ayında başa çatdı. Təmirdən
sonra teatr daha böyük qüvvə ilə işə
başladı: Nazirlər Kabinetinin 19 mart 2009-cu il tarixli qərarı
ilə Azərbaycan Dövlət Gənclər Teatrı, həmin
ilin sentyabrında isə Bakı Kamera Teatrı Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildi.
Bu gün Gənc Tamaşaçılar
Teatrının əsas salonunda 360 tamaşaçı yeri var.
Tamaşaçılar aktyorların
çıxışını 6,10 metr
hündürlüyündə və 10,60 metr enliyində səhnə
güzgüsünün içində izləyirlər. 2013-cü ilin dekabr ayında
açılan “Kiçik səhnə” adlı
tamaşaçı salonunun tutumu 42 nəfərdir. Bu
yığcam salon və səhnə mono və kiçik həcmli
tamaşalar üçün nəzərdə tutulub.
***
Bəzən teatrsevərlər deyirlər ki, teatr
binasının gözəlliyi, genişliyi, hətta səliqə-sahmanı
da önəmli deyil. Təki səhnədə oynanılan
tamaşa maraqlı olsun, ürəyə toxunsun, aktyor
ifası diqqəti çəksin. Lakin o da var ki, tamaşadan
gözlənilən bu mənəvi həzzi almaq
üçün teatr məkanının rahatlığı,
funksionallığı da olmalıdır.
Teatr binaları silsiləsindən
yazılarımız davam edir. Növbəti ünvan...
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.6.