Qocaman rəssamın
“Zamanla dialoq”u
Tofiq Ağababayevin yubiley sərgisi
Milli İncəsənət Muzeyində çox qələbəlikdir.
İnsan axınından sərgi zalına çətinliklə
keçirəm. Bir çoxları rəsmi hissənin
ardınca ekspozisiya ilə tanış olmaq üçün
foyedə gözləyir...
Mədəniyyət Nazirliyi və Azərbaycan Milli
İncəsənət Muzeyinin təşkilatçılığı
ilə dekabrın 8-də “Şöhrət” ordenli Xalq rəssamı
Tofiq Ağababayevin 95 illik yubileyi münasibətilə “Zamanla
dialoq” adlı sərginin açılış mərasimi
keçirildi. Gül dəstələri, çiçək səbətləri
yubilyar rəssamın sərgisini al-əlvan rənglərə
boyamışdı.
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova
çıxış edərək yubilyarın həyat və
yaradıcılığından söz açdı. Bildirdi
ki, Tofiq Ağababayev 1928-ci il sentyabrın 8-də Bakıda hərbçi
ailəsində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan
Dövlət Rəssamlıq Məktəbində təhsil
alıb. 1952-ci ildə indiki Sankt-Peterburq Rəssamlıq
Akademiyasına daxil olur və şüşə-keramika
ixtisasına yiyələnir. Dekorativ, monumental rəngkarlıq
janrlarında bir-birindən fərqli əsərlər
yaradır.
Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət,
qrafika və boyakarlıq sahəsində diqqətəlayiq əsərlər
yaradıb. Keramikadan “Azərbaycan lirikası” triptixi, “Azərbaycan
sirki” mozaik lövhəsi, həmçinin “Abşeron
qoruğu”, “Bakı nefti cəbhəyə”, “Meşəbəyi”,
“Torpağın nəfəsi”, “May, 1945-ci il, Bakı” və s.
dekorativ əsərləri xüsusilə diqqəti cəlb
edir. 1966–68-ci illərdə paytaxtımızın baş rəssamı
vəzifəsində çalışan sənətkar
Bakının simvolik açarını da hazırlayıb.
Azərbaycan Rəssamlar İttifaqının sədri
Xalq rəssamı Fərhad Xəlilov sənətkarı
özünəməxsus şəkildə təbrik etdi. Uzaq
illərin xatirələrini yada salıb dəniz
qırağında sənət dostları ilə birlikdə
qızğın yaradıcı söhbətlərdən bəhs
etdi, yubilyarın zamanın sınağından çıxan əsərlərə
imza atmasından danışdı.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev həm
özünün, həm də bir çox həmkarlarının
həyat və yaradıcılığında Tofiq
Ağababayevin müsbət mənada əvəzsiz rolu
olduğunu dedi: “Tofiq müəllim bu gün də sənətin
sirlərini həvəslə tələblərə öyrədir.
O, sənətdə öz sözünü demiş rəssam olsa
da, hər dəfə müzakirə olunmaq üçün əsərlərini
elmi şuraya sevə-sevə çıxarar və kollektivin də
rəyini öyrənməyə can atar, fikriləri
soruşar...”.
Çıxışlardan sonra yubilyar rəssam
qonaqlara və sənətsevərlərə təşəkkürünü
bildirdi, hər kəsi sərgi ilə tanış olmağa dəvət
etdi.
Ekspozisiyada müəllifin Azərbaycan Milli İncəsənət
Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Xəzər”
muzey mərkəzinin kolleksiyasında yer alan rəngkarlıq,
qrafika, eləcə də şüşə və keramikadan
yaradılmış əsərləri nümayiş olunur.
Şah İsmayıl Xətai, Əliağa
Şıxlinski, Məhəmməd Füzuli, İlyas Əfəndiyev,
Rasim Babayev, İzzət Orucova kimi görkəmli şəxsiyyətləri
portretləri, Abşeron mənzərələri, zəngin
dekorativliyə və rəng həllinə malik folklor motivli
tablolar sənətkarın 1950-ci illərdə başlanan
uzun, çoxşaxəli yaradıcılıq yolunun
ayrı-ayrı mərhələlərini dolğun şəkildə
izləməyə imkan verir.
Sərginin maraqlı məqamlarından biri də rəssamın
yubiley münasibətilə verdiyi müsahibələrinin
videoyazısının monitor vasitəsilə təqdim
olunması idi.
Çoxsaylı təbriklər fonunda rəssam həm
qonaqların əsərlərlə bağlı
suallarını cavablandırır, həm də onlarla şəkil
çəkdirməyə imkan tapırdı...
Bir sözlə, həmin gün qonaqlar da, yubilyar da məmnun
qaldı. Çünki 95 yaşlı rəssamın zamanla
dialoqu çox yüksək səviyyədə baş
tutmuşdu. Sizlər də bu dialoqa şahidlik etmək istəsəniz,
gələn il yanvarın 10-na kimi açıq olacaq sərgini
ziyarət edə bilərsiniz.
L.Azəri
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.5.