Kinomuzun bəxti yar Həsəni
– Deginən, sən öl, Həsən ağanın
adamıyam.
– Sən öl, Həsən ağanın adamıyam.
– Onda gəl min boynuma. Neyniyim Həsən
ağanın adamısan...
Yəqin “Evlənmək istəyirəm”, başqa
adı ilə “Papaq” filmindəki bu tragikomik surət – bir tip
kimi ideologiya ziyalılarının bəyənmədiyi bəylər,
xanlar dövründən gələn Mirzə Səfər
obrazı bir bədii əsər çərçivələrini
aşan ləyaqətli insan örnəyidir. Filmdəki bir
fraza – “Cənab naçalnik, yəqin elə ki, mən burdan
gedəsi olduqda, papağı burda qoymayacam” özlüyündə
böyük bir fikri (ləyaqətli adamlar bütün
zamanlarda qalibdirlər) önə çəkir. Bu mənada o
da bütün zamanlarda hamının adamı və qürurlu
aktyor nəslinin nümunəsi olmağı bacardı.
Dövrün reallığında, səhnə-sənət
çəkişmələrində bu, elə də asan
deyildi...
Bu filmin möhtəşəm aktyor ansamblı var. Amma
Mirzə Səfər obrazına və onun bu fani dünya ilə
alış-verişinə öz xarakterik xüsusiyyətlərini
qatan Xalq artisti, Dövlət mükafatı laureatı,
xarakterik rollar ustası Həsən Məmmədov bir başqa
baxmışdı. Çünki ürəyində
böyük məhəbbət və humanizm vardı. O, kinoda
həyat verdiyi (o cümlədən səsi ilə) 100-ə qədər
fərqli obraz, habelə onlarla teatr tamaşasında
seçkin biçim verərək oynadığı rollarla
milyonlarla tamaşaçının qəlbinə girə
bilmişdi. Özü də bunun üçün dondan-dona
girmədən – özü olmaqla, hər obrazının
şah ifadəsini özündən verməklə.
Bu mənada nə yaxşı ki, bu sənət
karvanından ilk filmindəncə
tamaşaçısını ekrana kökləyən və
ömrünün sonunadək peşəsinə hörmət
edən və bunun sayəsində qazandığı hörməti
həyatın, maddi-mənəvi, ən dərin
sarsıntılarla sınadığı dönəmdə də
itirməyən bir Həsən Məmmədov keçib...
Kino yaddaşımızdan Qaraş (“Böyük dayaq”), Əsgər
(“Arşın mal alan”), Murad (“Bir cənub şəhərində”),
Bəxtiyar (“Yeddi oğul istərəm”), Abbasqulu bəy
Şadlinski (“Axırıncı aşırım”), Oqtay (“Gün keçdi”), Dədə
Qorqud (“Dədə Qorqud”), Qəmərli
(“Arxadan vurulan zərbə”), Nəriman (“Bizi
bağışlayın”), Murad (“İstintaq”), Mirzə Səfər
(“Evlənmək istəyirəm”), Ağabala (“Bağ
mövsümü”), Məmmədhəsən (“Qəm pəncərəsi”),
Balaş (“Sevil”), Fərman (“Qızıl qaz”), General
(“Bakıda küləklər əsir” ), Qurban (“Alma almaya bənzər”),
Nuru (“Doğma sahillər”), Professor Zeynallı (“Təhminə”),
Əlimurad (“Həm ziyarət, həm ticarət...”) və bu
kimi çoxsaylı xarakter və biçimli rollarla keçməklə
özünü “heç vaxt unudulmayacaqlar” siyahısına
sala bildi.
“Mənim balam, bu dünyayla oynama, Sən cavansan,
dünya qoca dünyadır...” deyə-deyə kədər
yüklü gözləri, təsadüfi gülüşləri,
aktyor və şəxsiyyət kimi bütövlüyü ilə
özündən sonra “Həsən Məmmədovdan bir də
doğulmayacaq” kimi heyhat yüklü bir təəssürat da
buraxdı.
Müasirlərinin, onunla tərəf-müqabil
olanların dediyinə görə, rol əzbərləmək
ilə elə də arası olmayan “yarımçıq fizik”
çəkiliş meydançasında “Motor!” deyilən kimi
bir anda obraza elə girirmiş ki, səhv dediyi replikalar belə
bəzən oyuna məftun rejissorların gözündən
qaçarmış. Obrazını, onun xarakterini ustalıqla
duyan H.Məmmədovun aktyor cizgiləri sayəsində sənət
portreti təxminən belə cızılır: psixoloji cəhətdən
mürəkkəb təbəllüatlardan keçən
dramatik obrazları ekranda və səhnədə məharətlə
canlandıra bilib. Tamaşada və çəkiliş
meydançasında təmkinli davranışı, soyuq, ancaq
ifadəli aktyorluq vasitələrindən yerli-yerində istifadə
edə bilməsi ilə seçilib.
Bu təyində “soyuq” təbiri məni bərk tutdu və
onun kino yaddaşımdakı obrazları bir anda kadr kimi
gözümdə canlandı. Bəli, nə qədər də
yerində, tamamilə uyğun seçilmiş təyindir. O,
bütün qəhrəmanları ilə özü
arasında bir buz qatı yaradır və
tamaşaçısının gözü ilə onlara
baxır, yalnız bundan sonra oyunu haqqında təsəvvürə
imkan “verir”. Bir aktyor kimi bu xüsusiyyəti “Bağ
mövsümü”, “Qəm pəncərəsi”, “Yeddi oğul
istərəm” və “Gün keçdi” filmlərindəki
hamınıza məlum obrazlarında elə kəskin
görünür ki, adam onun
canlandırdığı tiplərlə mütləq
şəkildə təkbətək qalıb, birbaşa dialoqa
çəkilir. Məhz bu məqamda sən aktyorun yox,
gerçək qəhrəmanın vəziyyət və
ovqatını duyursan. Bu mənada H.Məmmədov mükəmməl
xarakterik aktyordur və mübaliğəsiz öz nəslinin
bu mənada ən seçkini sayıla bilər.
Onun həyat hekayəsinə bələd olanlar bilirlər
ki, Həsən (əsl adı Əbülhəsən) Ağaməmməd
oğlu Məmmədov 22 noyabr 1938-ci ildə Salyan rayonunda fəhlə
ailəsində doğulmuşdu. Atasının onu “portfelli
müəllim” kimi görmək arzusu ilə
böyümüşdü. Fədakar atanın arzusunu
reallaşdırmaq üçün Bakı Dövlət
Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil
olmuşdu. İkinci kursa qədər birtəhər
atasının arzularının arxasınca getməyə
çalışmışdı. Ancaq bu qədərinə
tablaşmış və ürəyindəki qaraqabaq
oğlanın sözü ağır basmışdı.
İndiki Mədəniyyət və İncəsənət
Universitetinə gəlib, burada aktyor kimi ustad sənətkarların
sınağından keçərək gerçək səadətinə
çatmaq üçün cəsarətli addım
atmış, həyatını kökündən dəyişmişdi.
Beləcə, atasının “Oğlum rahat yaşasın, rahat
çörək qazansın” arzularına kinokameradan, səhnədən
daha çətin çörək qazanmaqla cavab vermişdi.
1958-62-ci illərdə Mehdi Məmmədov kimi
bütün zamanlar üçün nəhəng rejissorun
kursunda təhsil alıb. Həmin dövrdə müəyyən
fasilələrlə həzin səsi onun sənət tərcümeyi-halına
Azərbaycan Radiosunda diktorluq da yazıb. Bütün həyatı
boyu (müəyyən fasilələrlə) yalnız bir
teatrın – özünə gah yad, gah qonaq, gah da dostları ilə
təmas yeri saydığı Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrının aktyoru olub.
Son dəfə onu teatra Həsənağa Turabov dəvət
edib. Müstəqilliyin ilk illərində, kinostudiyanın, elə
teatrın da çətin sınaqlardan keçdiyi o dönəmdə
abrına qısılıb, işsiz-gücsüz xiffət
çəkən, lakin heç bir qapını döyməyən,
heç kimə ağız açmayan saç-saqqalı
vaxtsız ağarmış Həsən Məmmədovu dostu,
tərəf-müqabili, sözünün ağası Həsənağa
rəhbəri olduğu teatra çağırmışdı
və o, ömrünün sonunadək burada
çalışdı.
Teatr demişkən, H.Məmmədov kinoya gəlməsəydi
belə, tamaşaçıların yaddaşında
seçkin teatr aktyoru kimi də qala biləcəkdi. Təsadüfi
deyil ki, “Böyük dayaq” filminin rejissoru Həbib
İsmayılov onu teatr tamaşasında, daha doğrusu, o vaxt
televiziya ilə canlı yayımlanan tamaşada (“Toy”
komediyası) görüb və filmə dəvət
etmişdi. Sınaq çəkilişləri, aktyor
seçimlərinin qızğın vaxtında ekrandan
gördüyü qaraşın gənc rejissorun əsl
axtardığı Qaraş idi.
Beləcə, böyük kinoya “Böyük dayaq”
filmi ilə gələn aktyorun şöhrəti aləmə
yayılır və sənət seçiminə görə
ondan küsən atası ilə barışmasına səbəb
olur.
Bu illərdə akademik teatrın səhnəsində “Xırs quldurbasan”da Bayram, “Xəyyam”da
Həsən Sabbah, “Almaz”da Camal, “Toy”da Şeyda, “Fərhad və
Şirin”də Xosrovu oynayan aktyor müəyyən fasilələrlə
“Sən yanmasan...”da İnam, “Gülüstanda qətl”də
İlyas İsbatov, “Hökmdar və qızı”nda Axund Mir
Möhsün ağa, “İkinci səs”də Fikrət , “Qisas
qiyamətə qalmaz”da Umud, “Kimdir müqəssir?”də Səhhət,
“Görünməmiş toy”da Pərviz
kimi rollarla da aktyor xarakterinin müxtəlif istiqamətlərdə
açılmasına nail olur.
Onun aktyora lazım olan bütün zahiri və daxili
parametrləri yerində idi. Səsi, baxışları,
emosiyaları ilə rol üzərində qəribə bir
hakimliyi vardı. Xarakterlər dəyişkənliyində
cüzi qrim, ya da tamamilə qrimsiz çəkilən H.Məmmədov
təbiətin ona hədiyyə verdiyi çox təbii dəyişkən
üz-ifadə vasitələrinə malik idi. Çox plastik
aktyor idi.
Dilindən “qadam”, “qurban sənə” sözləri
düşməyən dağ təmkinli adam kulis
söz-söhbətlərindən də həmişə
qaçıb, qeylü-qal, mənəm-mənəmlik ona yad
olub. “Həsənin adını afişada görürlər,
gəlirlər” deyənlərə, onun teatra gəlişini
bayram edənlərə də cavabı təxminən belə
olub: “Belə zarafatlar eləməyin”...
Yəqin həm də bu kimi keyfiyyətlərinə görə
(kinoekrandan da, səhnədən də
tamaşaçını aldatmaq müşküldür)
qısa zamanda milyonlarla tamaşaçını özünə
heyran edən, sözün bütün mənalarında
ümumxalq məhəbbəti qazanan aktyor kino sənətində
göstərdiyi xidmətlərə görə 1971-ci ildə
respublikanın “Əməkdar artisti”, 1982-ci ildə isə
“Xalq artisti” fəxri adlarına layiq görülüb.
“İstintaq” bədii filmindəki Murad roluna görə
SSRİ, “Birisigün gecəyarısı” kinolentindəki Baba
Əliyev obrazına görə isə Azərbaycan SSR Dövlət
mükafatları ilə təltif edilib. 1970-ci ildə “Yeddi
oğul istərəm” filmindəki Bəxtiyar roluna görə
Respublika Lenin Komsomolu mükafatı laureatı olan aktyor öz
dövrünün məhsuldar, ən arzuolunan, ən çox
çəkilən, demək olar ki, bütün
rejissorların işləmək istədiyi seçkin aktyor
idi.
Ürəyiyumşaq, ürəyiaçıq, ürəyəyatımlı
– hər işi ürəkdən görüb, kimsənin
ürəyinə xal salmayan, hər şeyi böyük qəlbinə
salıb, dərdə köklənib tez qocalan Həsən Məmmədov
ona verilən qısa ömrün son illərini də ürəyi
ilə sınaqda yaşadı. Xəstəlikdən əziyyət
çəkə-çəkə kinosuzluq xiffəti ilə
teatrda, səhnədə təsəlli tapdı. Bir zamanlar
yenidən qaynar həyatına dönəcəyi arzuları ilə
kinostudiyanın boş dəhlizlərində, səssiz həyət-bacasında
gəzə-gəzə bir dubla çəkilən son rolunu
oynadı. 2003-cü il avqustun 26-da – 65 yaşında İkinci
Fəxri xiyabanda özünə əbədi məkan
tapdı.
Tapdı ki, anadan olmasının səs-küysüz,
təmtəraqsız keçən 85-ci ildönümündə
belə onu sadə, səssiz və böyük məhəbbətlə
sevənlərin qəlbindəki yerini heç kim
tutmasın...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.6.