Yaxşı film
yaxşı ssenaridən başlanır...
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan
Respublikası Kino Agentliyinin (ARKA) ssenari laboratoriyası nəzdində
ssenarinin inkişaf proqramı yaradılıb. Dekabrın 11-də
Nizami Kino Mərkəzində sözügedən proqram çərçivəsində
film layihələri müsabiqəsinin inkişafına
yönləndirilmiş ssenarilərin ilkin dinləmələri
keçirildi.
Dinləmələr tanınmış türkiyəli
kinorejissor və ssenarist, Berlin Film Festivalının qalibi Semih Kaplanoğlu tərəfindən
həyata keçirilir.
Əvvəlcə ARKA-nın baş direktoru vəzifəsini
icra edən Orxan Fikrətoğlu, müsabiqənin bədii
şurasının üzvü, yazıçı-dramaturq
İlqar Fəhmi və Semih Kaplanoğlu
iştirakçılarla görüşdü, mətbuat
nümayəndələrinə dinləmələrin
gedişi ilə bağlı məlumat verdilər.
Orxan Fikrətoğlu diqqətə
çatdırdı ki, inkişaf proqramına göndərilmiş
layihələr üzrə bu gün ARKA-nın ssenari
laboratoriyasında ilk iş günüdür:
“Düşünürük ki, yeni istehsalat sistemində
yaranacaq yeni Azərbaycan kinosunun ssenari modeli olaraq ilkin
rüşeymlərini məhz bu laboratoriya cücərdəcək.
Semih bəy dünya vizual mədəniyyəti dilində
danışmaq bacarığını sizlərlə
bölüşəcək”.
İlqar Fəhmi layihələrin təkmilləşdirilməsi,
ssenari yazılışının qaydaları, prodüser sənətinin
incəliklərinin öyrədilməsinin vacibliyini qeyd etdi.
Semih Kaplanoğlu layihə və sinopsislərin təqdiminin
incəlikləri, müasir dünya kinosunda tələblər
və ssenari üslubu ilə bağlı fikirlərini
bölüşdü. Bildirdi ki, bu gün dünyada ən
çox maliyyə ssenariyə ayrılır: “Ssenari ticari
materialdır və bu, memarın layihəsinə bərabərdir.
Burada hər hansı bir xətanın olması mümkün
deyil. Həyatın ssenariyə qarışması mütləqdir”.
Çıxışlardan sonra film layihələri
müsabiqəsinin inkişaf proqramına yönləndirilmiş
ssenarilərin ilkin dinləməsi keçirildi.
L.Azəri
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.3.