Məhməd Akif
Ərsoyun seçmə şeirlərindən ibarət
kitabın təqdimatı
Dekabrın 8-də Mədəniyyət Nazirliyi və
Milli Kitabxananın təşkilatçılığı ilə
türk ədəbiyyatının görkəmli nümayəndəsi
Məhməd Akif Ərsoyun (1873–1936) Azərbaycan dilinə
uyğunlaşdırılan şeirlərindən ibarət
kitabın təqdimatı keçirildi. “Məhməd Akif
Ərsoy. Seçmə şeirlər” kitabı şairin anadan
olmasının 150 illiyi münasibətilə TÜRKSOY tərəfindən
nəşr olunub.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim
Tahirov açaraq TÜRKSOY-un Türk dünyasının mədəni
irsinin təbliğinə, qardaş ölkələrimiz
arasında mədəni əməkdaşlığa
böyük töhfələr verdiyini vurğuladı. Milli
Kitabxananın da TÜRKSOY təşkilatı ilə əməkdaşlıq
etdiyini, görkəmli şəxslərin
yaradıcılığı ilə bağlı layihə və
tədbirlər həyata keçirdiklərini deyən direktor
diqqətə çatdırdı ki, Məhməd Akif
Ərsoyun şeirlər kitabı ilk dəfə Azərbaycan
dilində nəşr edilir. Kitab görkəmli ədibin
yaradıcılığının ölkəmizdə daha
çox tanınmasına və sevilməsinə zəmin
yaradacaq.
TÜRKSOY-un baş katibi Sultan Raev
çıxışında diqqəti Məhməd Akif
Ərsoyun yaradıcılığına yönəltdi. Onun
bir millətin ruhunda dərin izlər buraxan şairlərdən
olduğunu, Türk dünyasının milli şairləri
arasında yer aldığını vurğuladı. Baş
katib şairin anadan olmasının 150 illiyi münasibətilə
TÜRKSOY Daimi Şurasının qəbul etdiyi qərarla
2023-cü ilin “Türk dünyasında Məhməd Akif
Ərsoy İli” elan edildiyini diqqətə
çatdırdı.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov
çıxışında TÜRKSOY-un 30 illik yubileyini əlamətdar
hadisə kimi dəyərləndirdi. O, TÜRKSOY-un fərqli
coğrafiyalarda yaşayan, lakin eyni soy-kökdən gələn
türk xalqları üçün önəmli işlər
gördüyünü qeyd etdi. Nazir müavini Şuşa
şəhərinin 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” elan edilməsi
və ilk dəfə keçirilən Türk Dünyası Mədəniyyət
Forumundan da danışdı. Qeyd etdi ki, Məhməd Akif
Ərsoyun şeirləri Azərbaycan dilində kitab şəklində
ilk dəfə işıq üzü görsə də, o Azərbaycan
oxucusuna çoxdan tanışdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq
yazıçısı Anar TÜRKSOY vasitəsilə Türk
dünyasının daha da yaxınlaşdığını
bildirdi. “Məhməd Akif Ərsoy az-az şairlərdəndir
ki, onun şeiri oxunanda hamı ayaq üstə qalxır.
Söhbət Türkiyə himnindən gedir”, – deyə o əlavə
etdi.
Mətbuat Şurasının sədri Rəşad Məcid
kitabın hazırlanmasında əməyi keçənlərə
təşəkkür etdi, Azərbaycan oxucusunun Məhməd
Akif yaradıcılığına, qardaş türk
xalqının qəhrəmanlıq tarixini poetik dillə qələmə
alan şairə sonsuz sevgisi olduğunu dedi.
Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət
və tanıtım müşaviri Muhittin Macit, Əməkdar
elm xadimi, professor Qəzənfər Paşayev kitabın
şairin zəngin dilini, dərin düşüncəsini,
duyğu dərinliyini ehtiva etdiyini vurğuladılar. Bildirildi
ki, kitabdakı şeirlər türk millətinin tarixini, mədəniyyətini
və ruhunu əks etdirən bədii nümunələrdir.
Onu da qeyd edək ki, kitabdakı şeirləri
Türkiyə türkcəsindən Azərbaycan dilinə
uyğunlaşdıran şair Elşən Mehdi, tərtibçi-redaktor
Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim
Babullaoğlu, nəşrin məsləhətçisi Azərbaycanın
TÜRKSOY-dakı nümayəndəsi Elçin
Qafarlıdır.
Sonda TÜRKSOY-un 30 illik yubileyi ilə əlaqədar
Azərbaycanın görkəmli mədəniyyət və incəsənət
xadimlərinə TÜRKSOY-un “Şərəf” və
“TÜRKSOY-un 30 illiyi” medalları təqdim edildi.
Savalan Fərəcov
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.3.