UNESCO Qeyri-Maddi Mədəni
İrs Konvensiyasının 20 illiyini qeyd edib
Xəbər verdiyimiz kimi, 3-9 dekabr tarixlərində
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni
irs üzrə Hökumətlərarası Komitəsinin 18-ci
sessiyası keçirilib.
Sessiyada UNESCO-nun müvafiq siyahılarına daha 55
element daxil edilib. Bununla təşkilatın
siyahılarındakı qeyri-maddi mədəni irs nümunələrinin
ümumi sayı 730-a (145 ölkə üzrə)
çatıb.
Yeri gəlmişkən, sessiyada Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilən çoxmillətli nominasiyalardan 4-ü Azərbaycanın
da mədəni irsi ilə bağlıdır. Bunlar “Təzhib
sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə,
Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni
ənənələr (Azərbaycan, İran, Türkiyə,
Özbəkistan), “Sədəf sənəti” və “Balaban sənətkarlığı
və ifaçılıq sənəti” (hər ikisi Azərbaycan
və Türkiyə) nominasiyalarıdır.
Komitənin iclasında UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Konvensiyasının 20 illik yubileyi də qeyd olunub.
2003-cü ildə qəbul olunan və 2008-ci ildə qüvvəyə
minən konvensiya hazırda 181 iştirakçı dövlət
tərəfindən ratifikasiya olunub.
Komitə həmçinin iki beynəlxalq yardım
qrantı (Zimbabveyə 321300, Paraqvaya 74500 dollar) ayırıb.
Bildirilir ki, konvensiya qüvvəyə minəndən bu yana UNESCO
70-dən çox ölkədə ümumi məbləği
12 milyon dollar olan 140-dan çox mühafizə layihəsini
maliyyələşdirib.
Onu da qeyd edək ki, Hökumətlərarası Komitənin
növbəti sessiyası 2024-cü ilin dekabrında Paraqvayda
keçiriləcək.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.8.