Şuşadan
Türk dünyasına yollar uzanır...
Mədəniyyət paytaxtımız estafeti Türkmənistanın
Anev şəhərinə verdi
Dekabrın 10-da Şuşa Hotel-Konqres Mərkəzində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və
TÜRKSOY-un birgə təşkilatçılığı
ilə “Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi
keçirildi.
Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin
Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət
Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın
mədəniyyət paytaxtı Şuşa şəhəri
2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilmişdi. Bununla bağlı 6 dekabr 2022-ci il
tarixində Prezident İlham Əliyev “Şuşa şəhərinin
2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” sərəncam imzalamışdı. İl ərzində
silsilə tədbirlər, müxtəlif layihələr
bir-birini əvəz edib.
Artıq estafeti Türk dünyasının başqa
bir şəhərinə vermək zamanı gəlib. Bu il
oktyabrın 14-də TÜRKSOY Mədəniyyət Nazirləri
Daimi Şurasının Şuşada keçirilən
iclasında növbəti ilin “paytaxt” şəhəri də
müəyyən edilib: bu, Türkmənistanın Anev şəhəridir...
Bağlanış mərasimində rəsmilər,
ölkəmizdən və türk dövlətlərindən
mədəniyyət və incəsənət xadimləri, digər
qonaqlar iştirak edirdilər.
Əvvəlcə qonaqlar Türk dünyası rəssamlarının
Şuşa sərgisi ilə tanış oldular.
Mərasimdə çıxış edən Azərbaycan
Respublikasının mədəniyyət naziri Adil Kərimli
Şuşa şəhərinin 2023-cü il üçün
“Türk dünyasının mədəniyyət paytaxtı”
elan edilməsi ilə bağlı tədbirlərin yüksək
səviyyədə həyata keçirilməsi
üçün Prezident İlham Əliyev tərəfindən
müvafiq sərəncam imzalandığını diqqətə
çatdırdı. Bildirdi ki, sərəncama uyğun olaraq,
geniş tədbirlər planı hazırlanıb. “Paytaxt ili”
çərçivəsində Azərbaycan Mədəniyyət
Nazirliyinin təşkilatçılığı, TÜRKSOY,
Prezidentin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyi,
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
və digər qurumların dəstəyi ilə Şuşada,
ölkəmizin müxtəlif guşələrində, eləcə
də xaricdə silsilə tədbirlər keçirilib. Bu tədbirlər
Şuşanın mədəniyyət incisi kimi təbliğinə
xidmət etməklə yanaşı, dünyanın müxtəlif
bölgələrində yaşayan türk xalqlarının
ortaq dəyər və ənənələrini
bölüşdüyü mədəniyyət platforması
rolunu oynayıb.
“İl ərzində həyata keçirilən fəaliyyətləri
təhlil edərkən həm TÜRKSOY təşkilatının
instusional təkmilləşməsi, həm də türk
dövlətləri arasında mədəniyyət əlaqələrinin
inkişafı baxımından bir sıra irəliləyişlərə
nail olunduğunu deyə bilərik. Azərbaycan 3-cü “Korkut
Ata” Türk Dünyası Beynəlxalq Film Festivalı,
TÜRKSOY Mədəniyyət Nazirləri Daimi
Şurasının 40-cı toplantısı və Türk
Dünyası Muzeylər Görüşünə ev sahibliyi
etməklə yanaşı, ilk dəfə gerçəkləşən
TÜRKSOY Beynəlxalq Teatr Festivalı və Türk
Dünyası Mədəniyyət Forumu da dövlət
başçıları tərəfindən mədəni əməkdaşlıq
sahəsində qarşımıza qoyulan
tapşırıqların uğurla həyata keçirilməsində
mühüm rol oynayıb”, – deyə nazir bildirdi.
Diqqətə çatdırıldı ki, Türk
Dövlətləri Təşkilatının Astana şəhərində
keçirilən 10-cu Zirvə görüşü zamanı
dövlət başçılarımız Türk
Dünyası Mədəniyyət Forumunun uğurlu olduğunu
və onun mütəmadi təşkilini məqsədəuyğun
hesab etdiklərini bildiriblər: “Əminik ki, dost və
qardaş dövlətlərimiz Türk Dünyası Mədəniyyət
Forumuna növbəlilik prinsipi ilə ev sahibliyi edəcək,
layihənin davamlı təşkilinə dəstək
olacaqlar. Bu forum bizim ən əhəmiyyətli ortaq
platformalarımızdan birinə çevriləcək”.
Nazir bildirdi ki, bu il Türk dünyası
üçün əlamətdar hadisələrdən biri Azərbaycan
xalqının Ümummilli liderinin 100 illik yubileyi ilə əlaqədar
ölkəmizdə “Heydər Əliyev İli”nin elan edilməsidir.
Bu tarixi hadisə Azərbaycanda və Türk dünyasında
böyük təntənə ilə qeyd olunur. Çünki
Ulu öndərin fəaliyyətində Türk dünyası
ilə əlaqələrin gücləndirilməsi hər
zaman xüsusi yer tutub: “Qardaş türk ölkələri
arasında yaradılan ilk beynəlxalq qurum kimi TÜRKSOY
ümumtürk mədəni irsinin mühafizə olunması, gələcək
nəsillərə çatdırılması və
dünyaya tanıdılması işində önəmli xidmətlər
göstərib. Təşkilatla əməkdaşlıq
münasibətlərimiz hazırda ən yüksək səviyyədədir
və Mədəniyyət Nazirliyi olaraq TÜRKSOY-un fəaliyyətinə
dəstəyimiz bundan sonra da davam edəcək”.
Qeyd olundu ki, Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi altında 2020-ci ildə
şanlı Ordumuzun Vətən müharibəsində
qazandığı Zəfər və bu il keçirilən
lokal xarakterli antiterror tədbirləri nəticəsində
ölkəmizin bütün ərazisində suverenliyimiz bərpa
olunub: “30 ilə yaxın işğal altında qalan və
viran edilən torpaqlarımız Qarabağ və Şərqi
Zəngəzura artıq həyat qayıdır. Dövlət
başçısının qayğısı və diqqəti
ilə tarixi-mədəni abidələr bərpa olunur,
genişmiqyaslı tikinti işləri aparılır. Azərbaycan
mədəniyyətinin himayədarı, Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi altında Şuşada
müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər
keçirilir, mədəni irsin qorunmasına müstəsna
töhfələr verilir. Bir sözlə, Şuşanın ənənəvi
mədəni mühiti yenidən dirçəlir. Mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyi etməklə
yanaşı, Şuşanın tarixi və mədəniyyətinin
ölkə xaricində təbliği istiqamətində
genişmiqyaslı işlər aparılır və bir
sıra layihələr həyata keçirilir”.
Adil Kərimli onu da nəzərə
çatdırdı ki, bu il sentyabrın 25-də Qətər
Dövlətinin paytaxtı Doha şəhərində
keçirilən İslam Dünyası Mədəniyyət
Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət
paytaxtı Şuşa şəhərinin 2024-cü il
üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi ilə bağlı qərar qəbul
olunub. “Bu qərar İslam mədəniyyətinin zənginliklərini
özündə dolğun şəkildə təzahür
etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu
baxımdan, növbəti ildə keçiriləcək tədbirlərlə
İslam dünyası Şuşa şəhərində
toplanacaq və müsəlman aləminin qəlbi bu şəhərdə
döyünəcək”, – deyə Adil Kərimli əlavə
edib.
Nazir çıxışının sonunda
“Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” ili çərçivəsində tədbirlərin
yüksək səviyyədə təşkilinə töhfələrinə
görə Heydər Əliyev Fonduna, Azərbaycan
Respublikası Prezidentinin Şuşa Rayonunda Xüsusi Nümayəndəliyinə,
TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi
keçən hər kəsə təşəkkürünü
bildirdi.
2024-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” estafetini təhvil
alması münasibətilə Türkmənistanın mədəniyyət
naziri Atageldi Şamıradovu təbrik edən Adil Kərimli
yeni “paytaxt” Anev şəhərində keçiriləcək tədbirlərdə
uğurlar arzuladı.
***
Türkmənistanlı nazir Atageldi Şamıradov
2024-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı” elan edilən Anev şəhərində
keçiriləcək tədbirlər haqqında məlumat
verdi.
Daha sonra çıxış edən Azərbaycan
Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov dövlətimiz tərəfindən
Şuşada həyata keçirilən bərpa-quruculuq
işləri haqqında danışdı, şəhərdə
mədəni infrastrukturun yaradılmasının da xüsusilə
diqqətdə saxlanıldığını söylədi.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi
Elçin Qafarlı qonaqlara qurumun baş katibi Sultan Raevin
salamlarını çatdırdı.
Tədbir çərçivəsində
nümayiş olunan Türk dünyası rəssamlarının
sərgisi haqqında da məlumat
verən E.Qafarlı sərgidə yer alan 12 rəssamın əsərinin
Şuşaya hədiyyə ediləcəyini vurğuladı.
***
Sonra “Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” ili çərçivəsində keçirilən
tədbirlər haqqında videoçarx nümayiş etdirildi.
2023-cü il üzrə “TÜRKSOY Media
Mükafatı”nın təqdimatı oldu.
Azərbaycandan Medianın İnkişafı Agentliyi və
“Ədəbiyyat və incəsənət” xəbər
portalı təltif olundu. Mükafata digər layiq görülənlər:
“AIQYN” qəzetinin baş redaktoru Amangəldi Kurmet, “Xabar 24”
televiziyasının müxbiri Merüyert Pambetova (hər ikisi
Qazaxıstan), Qırğızıstan Respublikası Milli
Televiziya və Radio Şirkətinin (UTRK) müdiri Bolotbek
Tillebayev, “AKİPress” İnformasiya Agentliyinin baş redaktoru
Alina Sagınbayeva (Qırğızıstan), Özbəkistanda
nəşr olunan “Mədəniyyət” qəzetinin baş
redaktoru Dilbahor Hudayberdiyeva, “Özbəkistan 24”
televiziyasının müdir müavini Şunkor Choriyev,
yazıçı və televiziya icmalçısı Mesut
Hakkı Caşın, televiziya proqram müəllifi və
aparıcısı Pelin Çift (TRT 1), “Esrarengiz Azərbaycan”
silsilə verilişlərinin (NTV kanalı) müəllifi və
aparıcısı Esra Gezginci (hər üçü
Türkiyə), Türkmənistan Televiziya, Radio və
Kinematoqrafiya Dövlət Komitəsi, Qaqauz
Yazıçılar Birliyi jurnalının baş redaktoru
Konstantin Kurtoğlu və Qaqauz Radio və Televiziyasının
prodüseri Alyona Terzi (hər ikisi Moldova), Türk Ajansı
Kıbrıs (TAK) müdiri Fehmi Gürdallı və “Time
Balkan”ın baş redaktoru Seyyid Emin (Şimali Makedoniya).
Türk dünyasında kino sahəsinə töhfələrinə
görə qırğızıstanlı rejissor Zamir Eraliyevə
“TÜRKSOY Xüsusi Mükafatı” təqdim edildi.
***
Daha sonra mədəniyyət naziri Adil Kərimli
Türk Dünyası Mədəniyyət Nazirləri Daimi
Şurasının dönəm sədrliyinin simvolunu türkmənistanlı
həmkarı Atageldi Şamıradova təqdim etdi.
2024-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı”estafetinin
Şuşadan Türkmənistanın Anev şəhərinə
ötürülməsini bildirən simvol Prezidentin
Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov
tərəfindən Anevin bələdiyyə sədri
Rövşən Cumayevə təqdim olundu.
“Şuşa – Türk dünyasının mədəniyyət
paytaxtı” ilinin uğurlu yekunları münasibətilə
TÜRKSOY tərəfindən Aydın Kərimova sertifikat
verildi.
Türkmənistanın Anev şəhəri ilə
bağlı videoçarxın nümayişindən sonra Azərbaycan,
Türkmənistan və Özbəkistandan incəsənət
ustalarının və gənc istedadların iştirakı ilə
konsert proqramı təqdim edildi.
Sonda xatirə fotosu çəkdirildi.
Qeyd edək ki, TÜRKSOY-un “Türk
dünyasının mədəniyyət paytaxtı” layihəsinin
əsası 2010-cu ildə türkdilli ölkə
başçılarının İstanbul sammitində qoyulub.
Qərara əsasən, Türk dünyasından hər il bir
şəhər “mədəniyyət paytaxtı” elan edilir.
Ötən illərdə Astana (2012, Qazaxıstan),
Əskişəhər (2013, Türkiyə), Kazan (2014,
Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki
(2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu
(2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə
(2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə
tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022,
Türkiyə) şəhərləri “Türk
dünyasının mədəniyyət paytaxtı” olub.
Şuşa bu missiyanı qəbul edən 11-ci şəhərdir.
Nurəddin Məmmədli
Foto: Həbib Hüseynov
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.1;3.