COP29 2024-cü ildə
Bakıda keçiriləcək
Prezident İlham Əliyev BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının – COP29-un gələn
il ölkəmizdə keçirilməsi ilə əlaqədar
rəsmi sosial şəbəkə hesablarında
paylaşım edib.
“Azərbaycan sistemli olaraq iqlim dəyişikliklərinə
qarşı qlobal mübarizəni dəstəkləyir və
enerji səmərəliliyi ilə bağlı tədbirlər
görür. Təmiz ətraf mühit və yaşıl
inkişaf bizim milli prioritetlərimizdir. COP29-a 2024-cü ildə
ev sahibliyi etməyimiz iqlim dəyişikliklərinə
qarşı mübarizə üzrə qlobal səylərə
öz töhfəmizi vermək qətiyyətimizdən irəli
gəlir. Azərbaycanın namizədliyinə verilən dəyərli
dəstəyə görə bütün ölkələrə
səmimi təşəkkürümü bildirirəm”, – deyə
paylaşımda bildirilir.
Qeyd edək ki, COP-a ev sahibliyi BMT-nin regional qrupları
arasında rotasiya edilir. COP29-a ev sahibliyi müvafiq rotasiya
qaydası üzrə Şərqi Avropa qrupuna daxil olan ölkəyə
keçməli idi. Qrup daxilində əldə olunan
razılığa əsasən, 2024-cü ildə bu mötəbər
tədbir Azərbaycanda, Bakıda təşkil olunacaq.
Bununla bağlı qərar dekabrın 11-də Dubayda
keçirilən COP28-in plenar iclasında verilib.
Tədbirdə çıxış edən Azərbaycanın
ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev
bildirib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə
birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan
Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü
siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan
dövlətlərin COP29-a ev sahibliyi etmək
üçün ölkəmizin namizədliyini dəstəkləməsi
bugünkü uğurumuzda həlledici rol oynayıb.
Azərbaycanı dəstəkləmək qərarına
görə Şərqi Avropa Qrupu dövlətlərinə dərin
minnətdarlığını ifadə edən M.Babayev deyib
ki, zəngin mədəni irsə malik ölkəmizin ev
sahibliyi edəcəyi COP29-un dünya ictimaiyyətinin
dövrümüzün aktual problemlərinin həlli istiqamətində
bir araya gəlməsi üçün mühüm mərhələ
olacaq.
Sonra Azərbaycanın mədəniyyətini, tarixini,
təbiətini və qazandığı uğurları əks
etdirən videoçarx nümayiş olunub.
COP28-in prezidenti, Birləşmiş Ərəb
Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl
texnologiyalar naziri Sultan Əhməd əl-Cabir COP-un növbəti
konfransının Azərbaycanda keçiriləcəyini elan
edib.
Qeyd edək ki, 2024-cü il COP29-a ev sahibliyi
üçün Şərqi Avropa regional qrupundan Azərbaycanla
yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini
vermişdilər. Dekabrın 7-də Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası və Ermənistan
Baş nazirinin Aparatı arasında aparılmış
birbaşa danışıqların nəticəsi olaraq
verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın
xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra
Bolqarıstan da öz namizədliyini geri götürüb.
Beləliklə, Şərqi Avropa regional qrupu Azərbaycanı
2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi
müəyyənləşdirib.
Azərbaycanın dünyanın mühüm dövlətlərarası
tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev
sahibliyi etməsi Prezident İlham Əliyevin həyata
keçirdiyi siyasətin növbəti təntənəsidir.
Bu, BMT Təhlükəsizlik Şurasına
üzvlüyümüz və Qoşulmama Hərəkatına
sədrliyimizdən sonra xarici siyasətimizin ən
böyük uğurudur.
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasına tərəf
olmaqla qlobal iqlim dəyişmələrinə qarşı
mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə
müqayisədə 2030-cu ilə qədər istixana
qazlarının miqdarının 35 faiz azaldılmasını
hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı
hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər
istixana qazlarının miqdarının 40 faiz
azaldılmasından ibarətdir. Azərbaycan Prezidenti ölkəmizin
işğaldan azad edilmiş torpaqlarını “Yaşıl
enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək
“Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə
tutulur.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransı – COP
Konvensiyasının ali qərar qəbul edən
orqanıdır. Katibliyi Bonn şəhərində (Almaniya)
yerləşir. COP-un ilk toplantısı 1995-ci ildə Berlin
şəhərində keçirilib.
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.1;2.