Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (85)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1999-cu il 20 mart
Heydər Əliyev Prezident Sarayında
tanınmış fransız modelyeri Pako Rabanı qəbul
edib.
“Sizin bu səfəriniz də yəqin ki, Azərbaycana
marağınızın nəticəsidir. Hesab edirəm ki,
burada öz modalarınızı, öz işlərinizi
nümayiş etdirməyiniz Azərbaycanda bu sahənin
inkişafına yardım göstərəcəkdir...”.
1999-cu il 21 mart
Novruz bayramı münasibətilə Bakıda
keçirilən ümumxalq şənliyində iştirak
edib.
1999-cu il 4 aprel
“Bakılı oğlanlar” ŞHK komandasının
konsertində olub. Konsertdən sonra kollektivlə səhnə
arxasında görüşüb.
“...Görürəm ki, tədricən inkişaf
edirsiniz. İndi bilmirəm - siz KVN-siniz, yoxsa satira və yumor
truppasına çevrilmiş yaradıcılıq qrupusunuz...
Hər halda, siz KVN səviyyəsindən qalxıb inkişaf
etmisiniz və sanballı teatr-konsert ansamblına
çevrilmisiniz. Sizin əsas istiqamətiniz satira və
yumordur. Bu isə yəqin ki, indi cəmiyyətimizə hər
şeydən çox gərəkdir. Yəqin buna görə
də çıxışlarınızın məzmunu və
mənası kimi, yaradıcılığınızın
janrı da tamaşanızı çox cazibədar edir...”.
1999-cu il 8 aprel
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik
yubileyi üzrə Dövlət Komissiyasının növbəti
iclasında nitq söyləyib.
“...Biz son onilliklərdə Azərbaycanda tariximizin
görkəmli səhifələrini yad etmək, tariximizi
bugünkü və gələcək nəsillərə daha
da geniş anlatmaq, xalqımızın, millətimizin tarixini
dünyaya nümayiş etdirmək məqsədi ilə bir
çox yubiley mərasimləri keçirmişik...
1947-ci ildə Nizami Gəncəvinin 800 illik yubileyi
keçirildi. Xatırlayın, o vaxta qədər tədqiqatçılardan,
alimlərdən, yazıçılardan və mədəniyyətlə,
ədəbiyyatla məşğul olan adamlardan başqa,
ölkəmizdə Nizami bu qədər
tanınırdımı... Dünya tanıyırdımı
ki, Azərbaycanın Nizami Gəncəvi kimi böyük bir
şairi, mütəfəkkiri var? Təsəvvür edin, əgər
1947-ci ildə bu yubiley keçirilməsəydi, Nizaminin əsərləri
o vaxt Azərbaycan dilinə tərcümə olunmasaydı,
kitabları nəşr edilməsəydi, portreti
yaranmasaydı, heykəli qoyulmasaydı, Nizaminin adı əbədiləşdirilməsəydi
və 1947-ci ildən sonra Nizaminin adı dünyaya geniş
yayılmasaydı, Azərbaycan tarix, mədəniyyət, elm cəhətdən
bu qədər zəngin olacaqdımı?
...1973-cü ildə Nəsiminin 600 illiyini keçirəndə
Nəsimi bu qədər tanınmış bir şair idimi? Biz
Nəsimini dünyaya tanıtmaqla Azərbaycanı yenidən
tanıtdıq. O vaxtlar respublikamız müstəqil olmasa da,
biz onun əsərlərini nəşr etdirdik, başqa dillərə
– ingilis, fransız dillərinə tərcümə etdirdik,
yaydıq.
Biz Füzulinin 500 illiyini keçirdik. Həmin yubileyi
xatirinizə salın – bütün Türk dünyasından
nümayəndələr Azərbaycana
yığıldı...
Mən bunları ona görə deyirəm ki, bu yubileylərin,
o cümlədən “Kitabi-Dədə Qorqud” dastanının
yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərimizi
anlamayanlar, yaxud da onu qəsdən anlamaq istəməyənlər...
hamısı başa düşsünlər ki, biz
bütün bunları millətimiz, xalqımız
üçün, müstəqilliyimizi və tarixi
keçmişi, köklərimizi bir daha sübut etmək
üçün edirik.
Əgər nəzərə alsaq ki, bizə
düşmən olan bəzi ölkələr, xalqlar sübut
etmək istəyirlər ki, “Azərbaycan xalqının dərin
kökü, tarixi yoxdur”, erməni millətçiləri daim
təbliğ edirlər ki, “bunlar köçəri xalqdır,
onların heç keçmişi olmayıbdır” ... bu tədbirlərimizin
nə qədər əhəmiyyəti olduğunu görərik.
Azərbaycanın tarixində indiyədək
keçirilmiş bütün yubiley mərasimlərindən
“Kitabi-Dədə Qorqud” dastanının yubileyi daha əhəmiyyətlidir,
vacibdir.
Bunun əhəmiyyəti bir də ondan ibarətdir ki,
biz artıq böyük Türk dünyası, türk
xalqları, türkdilli xalqların ümumi kökləri,
müştərək mədəniyyəti, tarixi haqqında
danışırıq. Bunları böyük tarixi şəxsiyyətlərin
yaradıcılığı əsasında edirik. Məsələn,
biz qırğız eposu “Manas”ın 1000 illik yubileyini birlikdə
qeyd etdik... Türkdilli ölkələrin dövlət
başçıları oraya toplaşdıq. Hamımız
birlikdə sübut etdik ki, bəli, bizim
xalqlarımızın qədim kökü və bu
xalqların müştərək tarixi, mədəniyyəti
vardır. “Dədə Qorqud” dastanının yubileyi bu
baxımdan böyük siyasi əhəmiyyət
daşıyır. Təsadüfi deyildir ki, mən türkdilli
ölkələrin dövlət başçıları ilə
“Dədə Qorqud” dastanının yubileyinin Azərbaycanda
keçirilməsi haqqında danışarkən bunu izah etməyə
ehtiyac duyulmadı. Onların hər biri dedi ki, bu, bizim
hamımızındır, bu yubileyi hamımız bir yerdə
böyük məmnuniyyətlə qeyd etməliyik.
Yəni “Dədə Qorqud” dastanı bizi bu gün eyni
zamanda birləşdirir, bir-birimizə
yaxınlaşdırır. Birləşməyə də
ehtiyac vardır...”.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud”un 1300 illik
yubileyi 1999-cu ilin 14-15 iyun tarixlərinə nəzərdə
tutulmuşdu. Lakin aprelin sonunda Heydər Əliyevin ürəyindən
əməliyyat olunması, daha sonra (avqust) Türkiyədə
dəhşətli zəlzələ baş verməsi və
digər obyektiv səbəblərdən ertələndi və
2000-ci ilin aprelində keçirildi.
1999-cu il 14 aprel
Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında görkəmli alim, akademik Zərifə
Əliyevaya həsr edilmiş kitab-albomunun təqdimat mərasimində
iştirak edib.
1999-cu il 15 may
Klivlend şəhərində (ABŞ) ürəyindən
cərrahiyyə əməliyyatından (29 aprel) sonra müalicəsini
davam etdirdiyi “Omni” hotelində onu ziyarətə gəlmiş
müğənni Yaqub Zurufçu ilə
görüşüb. Söhbətdən sonra Y.Zurufçu
müəllifi olduğu “Ayrılıq” mahnısını ifa
edib.
“...“Ayrılıq” mahnısını Yaqub
Zurufçudan başqa ikinci bir oxuyan yoxdur... Siz həmişəki
kimi, bəlkə də daha gözəl ifa etdiniz. Təşəkkür
edirəm. Həm oxumağınıza, həm də mənə
göstərdiyiniz hörmət və ehtirama görə.
Amerikada yaşayan soydaşlarımıza mənim
salamımı çatdırmağınızı xahiş
edirəm...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 13 dekabr(¹92).- S.5.