Gəncədə
gürcü şairin xatirə lövhəsinin
açılışı olub
Gəncə Şəhər İcra Hakimiyyəti, Mədəniyyət
Nazirliyi və Gürcüstanın Gəncədəki Baş
Konsulluğunun təşkilatçılığı ilə
Cavad xan dəftərxanasının önündə görkəmli
gürcü şairi Nikoloz Barataşvilinin (1817–1845) xatirə
lövhəsinin açılış mərasimi
keçirilib.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov,
Gəncə Şəhər İcra Hakimiyyətinin
başçısı Niyazi Bayramov, Gürcüstanın Azərbaycandakı
səfiri Zurab Pataradze, Türkiyənin Gəncədəki
baş konsulu Recep Öztop, millət vəkilləri Pərvin
Kərimzadə, Müşfiq Cəfərov və digər
qonaqlar mərasimdə iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Gəncədə
N.Barataşvilinin xatirə lövhəsinin
açılması Azərbaycan-Gürcüstan əlaqələrinin
tarixi köklərə malik olduğunu göstərir.
Bildirilib ki, çətin taleli, cəmi 28 il
yaşamış şair və tərcüməçi
ömrünün bir hissəsini xidməti ilə əlaqədar
Naxçıvan və Gəncədə keçirib. O, Gəncədə
malyariya xəstəliyindən vəfat edib və burada
torpağa tapşırılıb. Uzun illərdən sonra
gürcü ziyalıları onun nəşini şairin
doğulduğu Tiflisə köçürərək yenidən
dəfn ediblər.
Çıxışlardan sonra Niyazi Bayramov və Zurab
Pataradze tərəfindən xatirə lövhəsinin üzərindəki
ağ örtük götürülüb, önünə tər
çiçəklər düzülüb.
Bədii hissədə “Xəmsə” uşaq rəqs
ansamblının solisti Məryəm Əlizadə, Gəncə
şəhər F.Əmirov adına 1 nömrəli Uşaq
musiqi məktəbinin müəllimi Amin Bayramov və Qax
rayonunda fəaliyyət göstərən “Şvitkatso”
gürcü xalq xoru, həmçinin “İmedi” rəqs
kollektivinin çıxışları olub.
Qeyd edək ki, Gəncə hakimi Cavad xanın dəftərxanasında
çarlıq dövründə Usuf bəyin rus dili məktəbi
fəaliyyət göstərib. N.Barataşvili 1845-ci ildə Gəncədə
qəza rəisinin müavini vəzifəsində işləyərkən
bu binada yaşayıb. Sovet dövründə binadan şairin
ev-muzeyi kimi istifadə olunub. Bina 2012-ci ildə sökülərək
yenidən inşa edilib.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.4.