Niderlandlı yazıçı
Qarabağ haqqında kitab yazır
“Azərbaycan artıq mənim ikinci vətənim olub,
bu xalqı sevirəm”
“Mən Niderlanddanam və Qarabağda səfərdəyəm,
Qarabağ haqqında baş verənlər barədə kitab
yazıram. Çünki mənim ölkəmdə insanlar Azərbaycan
haqqında, Qarabağ haqqında məlumatlı deyil”.
Bunu Ağdama səfər edən niderlandlı
yazıçı Henri Van Rens deyib.
Niderlandlı yazıçı Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı
ilə “Dayanıqlı inkişaf məqsədlərinə
nail olmaq üçün sağlam ətraf mühit və
minasız həyat” adlı beynəlxalq forumun
iştirakçısıdır. Dekabrın 6-da Bakıda
işə başlayan beynəlxalq forum ertəsi gün
Ağdam Konfrans Mərkəzində
davam edib.
O qeyd edib ki, yazdığı kitab Birinci Qarabağ
müharibəsi dövrünü, 1988–1994-cü illərdə
baş verənləri əhatə edir.
Niderlandlı yazıçı Azərbaycana ilk dəfə
2009-cu ildə səfər etdiyini, o vaxtdan sonra mütəmadi
olaraq ölkəmizə gəldiyini vurğulayıb: “Mən
Azərbaycana səfərlərim zamanı bütün ölkəni
gəzmişəm, lakin o zamanlar Qarabağa gəlmək
mümkünsüz idi. Lakin 2021-ci ildə bu baş tutdu. Mən
Qarabağa gəldim, burada insanlarla söhbət etdim,
onların həyat hekayələrini dinlədim, kitabım
üçün yeni fotolar çəkdim. Mənim kitabım
ermənilər tərəfindən əsir alınıb
işgəncəyə məruz qalmış,
öldürülmüş Xocalı, Başlıbel və digər
Qarabağ qurbanları barədədir. Kitab üzərində
işlərim hələ davam edir. Bu gün ANAMA lazım olan
köməkliyi mənə göstərir. Bu sayədə
kitab tezliklə tamamlanacaq”.
Henri Van Rens kitabın gələn il Novruz ərəfəsində
Niderlandda nəşr olunacağını deyib. O, kitabın təqdimatı
üçün Azərbaycana səfər edəcəyini
bildirib: “Azərbaycan artıq mənim ikinci vətənim olub.
Mən bu xalqı sevirəm. Çox şadam ki, Qarabağ
yenidən bütövlükdə Azərbaycana məxsusdur.
Bir zamanlar bu torpaqlarda yaşamış insanlar indi deyirlər
ki, biz evimizə qayıdırıq...”.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.4.