“Yaradıcı müzakirələr”
– Naxçıvanda təlimlər təşkil edilib
Xəbər verdiyimiz kimi, Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə 27
noyabr – 3 dekabr tarixlərində keçirilən
“Yaradıcı həftə”nin maraqlı layihələri
arasında “Yaradıcı müzakirələr” (“Creative
Talks”) də var.
Layihə paytaxtda və regionlarda mədəniyyət və
yaradıcılıq sahələrində bacarıqların
inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür
və yaradıcı subyektlərin formalaşmasının dəstəklənməsinə
yönəlib.
Layihə çərçivəsində Ümummilli
lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə
10 yaradıcı klaster üzrə (Quba, Bakı, Sumqayıt, Lənkəran,
Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,
Şamaxı, Şuşa) ümumilikdə 100 tədbirin təşkili
nəzərdə tutulur.
“Yaradıcı müzakirələr”in ilk tədbirlərindən
biri Naxçıvan Dövlət Texniki Kollecində gerçəkləşib.
Çıxış edən layihənin koordinatoru Vüsal
Süleymanlı və Naxçıvan MR Mədəniyyət
Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev 10
yaradıcı klaster üzrə ölkəmizin
tanınmış simalarının bilik və təcrübələrini
bölüşəcəklərini deyiblər.
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
“Yaradıcı kinematoqrafiya: ssenaridən ekrana”, “Azərxalça”
ASC-nin kreativ direktoru Əsmər Babayeva “Sərvət ipləri:
biznes olaraq xalçaçılıq”, “Mikro” MMC-nin direktoru,
reper, prodüser Pərviz İsaqov “Pulun harmoniyaları: gəlirgətirən
musiqi”, rəssam Erkin Ələkbərli “Mənfəətin fırça
vuruşları: təsviri sənət biznesi”, Azərbaycan
Animasiya Assosiasiyasının sədri, rejissor və ssenarist Rəşid
Ağamalıyev “Mənfəət üçün
canlandırma: animasiya sənəti və ticarəti”
mövzusunda təlim keçiblər.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.