“Polyaklar Azərbaycanda”
– arxiv sənədlərinin sərgisi
Dövlət Tarix Arxivinin sənədləri əsasında
hazırlanan “Polyaklar Azərbaycanda” adlı virtual sənəd
sərgisi istifadəçilərin ixtiyarına verilib. Bu barədə
Milli Arxiv İdarəsindən bildirilib.
Sərgiyə daxil edilmiş sənədlər XIX əsrin
sonu – XX əsrin əvvəllərinə aiddir. Həmin
dövrdə Azərbaycanda yaşayan polyaklar Bakı şəhərində
tikinti-abadlıq işlərində yaxından iştirak ediblər,
o cümlədən şəhərin tarixi arxitekturasına
öz töhfələrini veriblər. O dönəmlərdə
Bakıda polyak memar və inşaatçılar tərəfindən
məktəb və kitabxana binaları, ictimai binalar, parklar,
bulvarlar və s. layihələndirilmiş və tikilmiş, həmçinin
“Polşa evi” adlı cəmiyyət yaradılmışdı.
Polyaklar Azərbaycanda həyatın bir çox sahələrinin
inkişafında yaxından iştirak etdikləri kimi, həm
də öz mədəniyyətlərini ölkəmizdə təbliğ
etmişlər.
Sərgi ilə Milli Arxiv İdarəsinin saytında
tanış olmaq olar.
Yeri gəlmişkən, dekabrın 6-da Azərbaycanda
ilk dövlət arxivinin yaradılmasının 103 ili tamam
oldu.
Tarixi keçmişin ən dərin izlərini və əsl
həqiqətləri, heç şübhəsiz, arxivlər
daşıyır. Bu mənada arxivləri tarixin
yaşadığı ev də adlandırırlar.
Azərbaycanda dövlət arxivinin əsası 6 dekabr
1920-ci ildə “Vahid dövlət arxiv fondunun yaradılması
və Xalq Maarif Komissarlığı yanında mərkəzi
dövlət arxivinin təşkili haqqında” dekretlə
qoyulub. 1921-ci ilin yanvarında Bakıda fəaliyyətə
başlayan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi
Qafqazda ilk dövlət arxivi olub.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.7.