Musiqili Teatrda yubiley
tamaşası – “Qorxma, biz səninləyik!”
Yuli Qusmanın 80 illik yubileyi münasibətilə
19, 20, 21 dekabr tarixlərində Azərbaycan Dövlət
Akademik Musiqili Teatrında “Qorxma, biz səninləyik!” adlı
tamaşa-konsertin premyerası olacaq.
Səhnə əsəri tanınmış rejissor,
60-cı illərin “KVN” komandasının məşhur
kapitanı, Azərbaycanın Xalq artisti Yuli Qusmanın 80 illik
yubileyi münasibətilə təqdim olunur və onun 42 il
öncə çəkdiyi “Qorxma, mən səninləyəm!”
filminin yaradıcı heyətinin xatirələri əsasında
hazırlanıb. Tamaşa-konsertin bəstəkarı Xalq
artisti Polad Bülbüloğlu, libretto müəllifləri
Yelena İsayeva və Cavid İmamverdiyevdir.
Layihənin ideya müəllifi yubilyarın
qardaşı, Rusiyanın TASS İnformasiya Agentliyinin baş
direktorunun birinci müavini Mixail Qusmandır. Yuli Qusmanın
yubileyinin vaxtilə çalışdığı teatrda qeyd
olunması fikri isə tamaşanın bədii rəhbəri,
teatrın direktoru Əməkdar incəsənət xadimi
Əliqismət Lalayevə məxsusdur.
Səhnə əsərinin quruluşçu rejissoru
Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev,
quruluşçu rəssamı Vüsal Rəhim, konsertmeysteri
Fidan Əliyeva, qrim üzrə rəssamı Aybəniz
Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşa-konsertdə Xalq artisti İlham Namiq Kamal,
Əməkdar artistlər Boris Qrafkin, Şövqi Hüseynov,
Fərid Əliyev, Prezident mükafatçısı Mehriban
Zaliyeva, aktyorlar Rauf Babayev, Emil Heydərov, Nicat Əli, Leonid
Kletz, Olqa Georgiyeva, teatrın xor və balet truppasının
artistləri iştirak edirlər.
Premyerada yubilyarın özünün də
iştirakı gözlənilir. Yuli Qusmanın maraqlı
yaradıcılıq yolu və onun sevimli filmi haqda tamaşada
Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz
anlar yaşamaq istəyənlər biletləri almağa tələsə
bilərlər.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.