“Önəmli olan təkcə tarixi
tikilinin deyil, mühitin mühafizəsidir”
Fuad Axundov: “Hər hansı bina nə qədər
gözəl olsa da, məni o binalarda yaşamış və
ya yaşayan insanların taleləri daha çox
maraqlandırır”
İçindən gələn
çağırışın ardınca getmək, nüfuz,
mənafe, mövqe, dəb anlamlarına heç bir önəm
vermədən daha yaxşı bacardığın,
özünü ən dolğun məzmunda ifadə etdiyin və
nəhayət, başqalarının deyil, məhz
özünün zəruri saydığın işlə məşğul
olmaq hər kəsə nəsib olan daxili azadlıq təntənəsi
deyil. Fuad Axundova bu, nəsib olub. Onun “Bakı sirləri”,
“Əsrlər, nəsillər” kimi telelayihələri tarixi
yaddaşın korşalmasının qarşısını
alan, vətənpərvərlik duyğularına yeni nəfəs
gətirməklə yanaşı, televiziya estetikamızda da fərqli
bir səhifə yazmağa başladı. Fuad müəllimlə
bu səhifənin yazılmasını şərtləndirən
dönəmlərdən danışdıq.
Ərəbşünas
– Təlim-tərbiyəsində vətəndaşlıq,
vətənpərvərlik duyğusu olan hər kəs
yaşadığı məkanı sevir. Bu sevgini
başqaları ilə bölüşmək kimi fəaliyyətinizin
tarixçəsini bilmək maraqlıdır.
– Əslində mən şəhərin mərkəzində
böyüməmişəm. Uşaqlığım indiki Mirəli
Qaşqay, o vaxtkı Solntsev küçəsində
keçib. Bakının tarixinə vurğunluq hissi isə
Bakı Dövlət Universitetinin Şərqşünaslıq
fakültəsinin birinci kursunda oxuyanda başladı. Mən
universitetə qəbul olanda fakültə BDU-nun indiki
binasında deyil, əvvəlki binada, Əlyazmalar
İnstitutunun, keçmişdə Hacı Zeynalabdin
Tağıyevin Qızlar məktəbi olmuş binada yerləşirdi.
O binanın energetikası, inşa edilmə tarixinin aurası
elə güclü idi ki, artıq 1980-ci illərin ortaları,
qarışıq bir dövr olduğu üçün isitmə
sisteminin işləməməsi belə kəskin hiss olunmurdu.
Düzdür, dərslərdə üst geyimində otururduq.
Köhnə Bakıya vurğunluq, maraq, araşdırma həvəsi
içimdə baş qaldırsa da, qadağalar buna imkan
vermirdi. Birinci kursu bitirəndən sonra əsgərliyə
getdim. 88-ci ildə əsgərlikdən qayıdanda Bakıda vəziyyət
çox pis idi. O dərəcədə pis idi ki, bu, tədris
prosesinə də təsir etmişdi. Ona görə hesab edirəm
ki, dolğun təhsilim birinci kursla tamamlandı. Ərəb
dili fakültəsində təhsil alsam da, birinci kursdan
sonrakı tədrisin yarıtmaz olması, sonrakı dövrdə
bu dili istifadə etməməyim səbəbindən ərəb
dili mənimçün ölü doğulmuş uşaq
kimidir.
Və məhz bu dövrdə məndə
paytaxtımızın memarlıq ənənələrinə
yaranan maraq və sevgi özünə bir cığır
tapdı. İlk araşdırmalarım da onda başladı.
Çünki qarışıq, ağır, depressiv dövr
olmasına baxmayaraq, artıq qadağalar yox idi – binalara daxil
olurdum, sakinlərlə görüşüb söhbət
edirdim, bəxtim lap çox gətirəndə binanın
keçmiş sahiblərinin varisləri ilə də
ünsiyyət alınırdı. O adamlar sovet dövründə
çox sıxışdırılmış vəziyyətdə
yaşasalar da, ailəvi əşyaları, fotoları, ən əsası
isə zadəgan nəslinə xas olan qürur hissini
qoruyub-saxlamışdılar. Və bütün bunları mənimlə
bölüşürdülər. Fotoları Dövlət
Kino-Foto Arxivinə aparırdım, orda onların surətini
çıxarıb fonda daxil edirdilər, orijinal nüsxələri
isə gətirib sahiblərinə qaytarırdım. Arxivlər
isə öz növbələrində mənə
fondlarından istifadə etmək imkanı yaradırdı ki
bu da gələcəkdə ekskursiyalarımın, tarixi-sənədli
telelayihələrimin daha da məzmunlu olmasına imkan verdi. Mənim
750-dən çox fotodan ibarət şəxsi arxivim
toplanıb, bu arxivdəki fotoların bir qismi arxivdən, bir
qismi muzeylərdən, bir qismi isə tarixi şəxsiyyətlərimizin
varislərindən əldə edilib. Hər hansı bina nə
qədər gözəl olsa da, məni o binalarda
yaşamış və ya yaşayan insanların taleləri
daha çox maraqlandırır. O adamlarla görüşlərdən,
söhbətlərdən sonra həmin bina sanki
canlanırdı. Bina, binanın sahibi və sahibin timsalında
dövr – tam mənzərə belədir.
Pedaqoq
– Qısa müddət pedaqoji fəaliyyətiniz də
olub. Həmin dövr nə verdi sizə?
– Bu, təsadüfən alınmışdı.
Əslində, mən bir müəlliməni axtarırdım
ki, onun xələfləri haqqında məlumat toplayım. O
da şəhərin mərkəzində yerləşən məktəblərdən
birində işləyirdi, 189 nömrəli məktəbdə.
Söhbət 1992-ci ildən gedir. O illəri xatırlayanlar məni
yaxşı anlayarlar. Yadımdadır, məktəbdə
işləməyə başlayanda mənə dedilər ki, elə
et, şagirdlər sakit otursunlar. Mən də onlara
Bakının memarlıq tarixi haqqında müxtəlif əhvalatlar
danışmağa başladım. Bu əhvalatlar hansısa
uzaq məmləkətə aid olmadığı, sinfin pəncərəsindən
görünən şəhərlə bağlı olduğu
üçün uşaqlarda maraq yaratdığını
müşahidə etdim. Bu məni çox həvəsləndirdi.
O vaxtdan uşaqlarla kiçik bir eksperiment keçirməyə
başladım – onları şəhər gəzintilərinə
çıxardım. Mənim sonralar başlayan və indiyə
qədər davam edən ekskursiya fəaliyyətimin təkan
qüvvəsi məhz məktəblilər olmuşdu. Hətta
deyərdim ki, onlar bir növ sınaq modeli rolunu
oynayırdılar – uşaqlara maraqlı olduğunu görəndə
ekskursiyalarımın auditoriyasını genişləndirdim.
Çünki, doğrudan da, uşaqların “biz bu şəhərdə
doğulmuşuq, böyümüşük, amma bu binalar, bu küçələr
haqqında heç nə bilmirdik” kimi etirafları, doğma
şəhərin küçələrini gəzdikcə
gözlərinin açılması çox
ruhlandırıcı idi. Buna görə ilk
ekskursiyalarımı məhz onlar üçün təşkil
etdim. İndi də olur belə ekskursiyalarım. İkinci
ixtisasımın müəllimlik, rus dili və ədəbiyyatı
müəllimi olmasına da, görünür, bu ünsiyyətin,
bu təcrübənin təsiri olmuşdu.
İnterpol polkovnik-leytenantı
– Bir ərəbşünas və müəllimin
İnterpolda fəaliyyətə başlaması necə
baş verdi?
– Təsadüfən… Dediyim kimi, 90-cı illərdə
pedaqoji fəaliyyət göstərirdim. Amma müəllimlərin
maaşı o dövrdə az idi. Elə həmin illərdə
Azərbaycan İnterpola üzv oldu. Mən də bu quruma cəlb
olundum. Orada çox gözəl bir mühit var idi. 14 il
İnterpol əməkdaşı kimi fəaliyyətdə
oldum, 1993-cü ildən ta mühacirətə, 2007-ci ilə qədər.
Polkovnik-leytenant rütbəsinə kimi yüksəldim. Rəhbərlik
sarıdan bəxtim gətirdiyi üçün – indiyə qədər
onlara minnətdaram – orada çalışa-çalışa
ekskursiyalarıma da vaxt ayırırdım. Fəaliyyət sahələrim
fərqli olsalar da, biri digərini istisna etmirdi. Bakının
tarixi ilə bağlı araşdırmalar, ekskursiyalar mənə
özümü ifadə etməkdən ötrü çox
vacib idi. 2006-cı ildə bu özünüifadəm “Bakı
sirləri” televiziya verilişinədək böyüdü.
Belə... Gördüyünüz kimi, mənim təhsilim,
ixtisaslarım, çalışdığım və
özümü ifadə etdiyim sahələr, yerlər tamamilə
fərqlidir.
– İnterpolda çalışmağınız
araşdırmalarınıza kömək etdimi?
– Xeyr, qətiyyən. Bu iki fəaliyyət sahələrini
heç vaxt qarışdırmamışam bir-birinə. Hər
biri müstəqil, paralel cığır olub. Eləcə də
digər ixtisaslarım.
Dövlət idarəetmə mütəxəssisi
– Digər ixtisas dedikdə, yəqin ki, bir də Harvard
Universitetindəki təhsilinizi nəzərdə tutursunuz…
– Bəli. İnterpolda işlədiyim dövrdə
Harvard Universitetində dövlət idarəetmə ixtisası
üzrə birillik təhsil dövrü də oldu. Amma bu mənə
heç nə vermədi. Və problem qətiyyən Harvardda
deyil, problem məndədir. O universitetə oxumağa gələnlər
karyera planları ilə gəlirlər. Mənim belə bir
planım yox idi – İnterpoldan Harvarda getdim, Harvarddan
İnterpola qayıtdım. 20 il keçəndən sonra
özümdən soruşuram ki, Harvard nə ilə yadımda
qalıb? Xatirələrdən, assosiasiyalardan biri buz
meydançasıdı, digəri avarçəkmə. Bundan
ötrü Harvarda getməyə ehtiyac yox idi.
– “Dronqo” filmi çəkiləndə sizin baş rola
namizədliyiniz nəzərdən keçirilməmişdi ki?
Ümumiyyətlə, filmə çəkilmək təklifi
almısınız?
– Yox, “Dronqo”ya çəkilmək təklifi
almamışam. Çünki mən İnterpolda operativ əməliyyatçı
deyildim. Filmə çəkilmək təklifinə gəldikdə,
olub belə təkliflər. Amma bədii kino məni heç
vaxt cəlb etməyib – bədii filmə ya gərək
çox yüksək səviyyədə çəkiləsən,
ya da heç çəkilməyəsən. Ona görə bədii
kino mənumçün bir qədər sürüşkən
müstəvidir ki, ora qədəm basmaq istəmirəm. Mən
sənədli kinoda özümü görürəm. Sənədli
kino mənimçün ağ-qara foto kimidir. Bədii kino isə
sadəcə rəngli fotodur. Sənədli kinodan çox
böyük həzz alıram. Təəssüf ki, “Əsrlər, nəsillər”
telelayihəsini davam etdirməyə sponsor yoxdur. Bu işi məmnuniyyətlə
davam etdirərəm, çünki tarixi-sənədli kino
yaradıcılığından çox böyük zövq
alıram. Artıq neçə illərdir eyni rejissorla
çalışıram: Mirsadıq Ağazadə. Amma biz
ikimiz bir maşının iki çarxıyıq sanki. Təbii
ki maşının hərəkətə gəlməsi
üçün dörd çarx olmalıdır. Digər iki
çarx prodüserlə sponsordur. Onlar da olanda fəaliyyətimizi
davam etdirəcəyik. O filmlərin çəkiliş prosesləri
son dərəcə maraqlı idi. Təbii ki, o filmlərin gəlir
gətirmək mexanizmi olsaydı, belə bir fasilə
yaranmazdı…
Mühacir
– Kanadaya mühacirət etməyinizin səbəbi nə
idi?
– Mühacirətim Bakıda tüğyan edən tarixi
binaların, memarlıq dəyəri olan tikililərin
sökülmə, eroziyaya uğrama hallarına bir növ
etiraz idi. Yüz il əvvəlki neft bumu dövründə
inşa edilmiş memarlıq inciləri yüz il sonra yeni neft
bumu dövründə dağıdılırdı. Şükürlər olsun ki,
tarixi binaların kütləvi sökülməsi halları
xeyli səngiyib. Amma yenə də bunun institusional mexanizmi
tapılmalı və çox ciddi diqqət
ayrılmalıdır bu məsələyə. Əlbəttə,
müasir memarlığı inkar etmək mümkün deyil.
Köhnədən imtina da qaçılmazdır. Amma bunun
münbit məcrası tapılmalıdır. Heç nə
kor-koranə olmamalıdır. Konkret məkanın xüsusiyyətləri,
tarixilik mütləq nəzərə alınmalıdır.
Tarixi binanı söküb yerində “göydələn” tikmək
mənim dünyagörüşümə, mənim məntiqimə
sığmır. Yeri gəlmişkən, Torontoda köhnə
binaların fasadını qoruyub-saxlayaraq yerində yeni bina
inşa edirlər. Bu təcrübə bir çox ölkələrdə
çoxdan tətbiq olunur. Bizdə nədənsə yerlə
yeksan etməyə meyillidirlər.
– Ekskursiya və görüşləriniz
haqqındakı xəbərlərdən belə bəlli olur
ki, siz daha çox Bakıda olursunuz, nəinki Kanadada...
– Son illər, bəli. Mən özümü Azərbaycanda,
vətənimdə rahat hiss edirəm. Burda
dolanışığımı qurmaq mənimçün sadəcə,
maddi ehtiyaclarımı ödəmək anlamına gəlmir.
Ən əsası, mən televiziya verilişlərindən,
ekskursiyalardan, araşdırmalardan hədsiz zövq alıram.
Özümü realizə imkanı tapıram. Mən Kanadaya
isinişə bilməməyimi deyəndə bəziləri məni
köhnə rus təbliğatçılarının
düşüncələrinə qapılmaqda
qınayırlar...
– Bu yadlıq hissi başqa bir ölkəyə
mühacirət etsəydiniz də sizinlə olacaqdı, necə
düşünürsüz?
– Yəqin ki… İstənilən liberal-demokrat cəmiyyət
mənə yad olaraq qala bilər. Halbuki bu cür cəmiyyət
çox rahat cəmiyyətdir. Yenə də deyirəm: problem
Kanadada deyil. Problem məndədir. Bu qavrayışım
yanlış da ola bilər. Kanadadakı multikulturalizmin
kökü yoxdur. Çünki mühacirlər cəmiyyətidir.
Mən də görünür vasvası “bitki”yəm, hər
torpaqda “kök ata” bilmirəm.
Vətən sevdalısı
– Əlbəttə, insan üçün münbitlik
anlayışı daha dərin bir hissdir.
– Bəli. Abşeron torpağı nə qədər
şoran olsa da, mən burda “kök atıb böyüyə
bilən ağaclar”danam. Bakıda hansısa tarixi binanın
sökülmə təhlükəsi ilə üz-üzə
qaldığını görəndə gecələr
gözümə yuxu getmir. Məsələn, ən sonuncu belə
hal Bayılda 1906-cı ildə “Xalq evi” kimi inşa edilmiş
binanın şəxsi mülkiyyətə keçəndən
sonra yer üzündən silinməsi təhlükəsi idi.
Bütün bunlar o demək deyil ki, mən böyük bir vətənpərvərəm.
Sadəcə, çox istəyirəm ki, Azərbaycan dövlətçiliyi
günü-gündən möhkəmlənsin ki,
özünü məhz burda realizə etmək istəyən
vətəndaşlarının münbit atmosferi olsun.
İnsan kədərinə kədərlənməyi, sevincinə
sevinməyi bacardığı yerdə yaşamalıdır.
Arzuladığımız, xəyallarımızda
canlandırdığımız Zəfəri 30 ildən sonra əldə
etməyimiz, sözsüz ki, qarşımızda yeni imkanlar
açır. Ümid edirəm ki, bu imkanlardan düzgün
istifadə edəcəyik.
Dostlarımdan biri memar Elçin Əliyev memarlıq
abidələrinin və tarixi küçələrin bərpası
ilə məşğuldur. Bu, son dərəcə gərəkli
bir fəaliyyətdir. Etiraf edək ki, bizdə bərpa mədəniyyəti
aşağı səviyyədədir. Bizdə bərpa
adı ilə “yevroremont” aparırlar. Halbuki bərpa ilə
zövqlü mütəxəssislər məşğul
olmalıdırlar. Təqdirəlayiq təşəbbüslərdən
biri də gənclərin qədim binaların giriş qapılarını
bərpa etməsidir...
– Belə təşəbbüslər binaların
giriş meydançalarının bərpası ilə
başlamışdı...
– Bəli. Bilirsiniz, dövlətin mühafizəsindən
çıxmış hər hansı tarixi binanın
hüquqi sahibinə çevrilib o binanı sökmək və
ya görünüşündə radikal dəyişiklik etmək
o binanın sahibinin vicdanına, vətəndaşlıq hissinə,
dünyagörüşünün genişliyinə
bağlı bir məsələdir. Binanı sökməklə,
yaxud dəyişdirməklə o, qanunsuz bir iş tutmaqda təqsirləndirilməyə
də bilər. Amma halal-haram tərəzisində onun
tutduğu iş haramdır. Tarixi, memarlıq cəhətdən
dəyəri olan tikilini nəinki sökmək, fasadında dəyişiklik
də etmək olmaz, hətta həmin binanın
yaxınlığında inşa edilən bina o binanın
memarlıq üslubundan da fərqlənməməlidir.
Söhbət təkcə binanı sökülməkdən
xilas etməkdən getmir. Söhbət mühitin mühafizəsindən
gedir.
– Bakı tarixçələrində sizi ən
çox təəccübləndirən, təsirləndirən
nə olub?
– Ailə tarixçələri. Amma onları
açıqlamaq istəməzdim.
– Araşdırmalarınızı kitaba çevirmək
çox yaxşı olardı...
– Çox istərdim ki, araşdırmalara, tədqiqatlara
daha çox vaxt ayıra bilim. Təəssüf ki,
maddiyatı düşünmək buna imkan vermir. Təbii ki, nə
vaxtsa bütün araşdırma və tədqiqatlarımı
kitaba çevirmək istərdim. Sağlıq olsun…
– Bakıya çatan kimi ən birinci baş çəkmək
istədiyiniz yer varmı?
– Çox maraqlı sualdır. Adətən gecə
vaxtı gəlib çatıram Bakıya. Və özümdə
onu müşahidə etməyə başlamışam ki, bura
çatan kimi gözüm “Alov qüllələri”ni
axtarır. Halbuki o qüllələr tikiləndə mən
çox dilxor olmuşdum, qəbul edə bilmirdim onları.
İndi isə Bakıya çatıb onları görəndə
rahatlanıram, əmin oluram ki, doğma şəhərimdə
əmin-amanlıqdır. “Alov qüllələri”
Bakının rəmzinə, döyünən ürəyinə
çevrilib. Müasir memarlığın uğurlu ifadəsi
kimi özünü təsdiq edib. Yəqin bu “hər bir yenilik
unudulmuş köhnəlikdir” deyimi növbəti dəfə
özünü büruzə verməsinə görədir –
“Alov qüllələri” də bir növ Bakının 1841-ci
ildə qəbul edilmiş gerbinin memarlıq nüsxəsidir.
Samirə Behbudqızı
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.6.