Bakı səhnəsi
hələ belə xor görməmişdi
Heydər Əliyev Sarayında Azərbaycan və
Rusiyanın xor kollektivlərinin, eləcə də solistlərin
və Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı orkestrinin iştirakı ilə möhtəşəm
konsert təşkil olunub.
Dekabrın 2-də təqdim olunan proqramda Karl Cenkinsin
xor, solistlər və simfonik orkestr üçün “Sülh
duası” (“Sülh messası”) oratoriyasını səslənib.
Konsert Heydər Əliyev Sarayı və Opera və Balet
Teatrının təşkilatçılığı,
Bakıdakı Rus Evinin dəstəyi ilə təşkil
olunub.
Konsertdə Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi
altında Azərbaycan Dövlət Xor Kapellası, Boris
Tarakanovun rəhbərliyi altında D.İ.Mendeleyev adına
Rusiya Kimya-Texnologiya Universitetinin akademik böyük xoru və
Moskva Metropoliteninin akademik xoru, Rusiyanın Əməkdar artisti
Tatyana Jdanovanın rəhbərliyi altında “Vozrojdenie”
(“Dirçəliş”) akademik xoru, Olqa Ostrovskayanın rəhbərliyi
altında “Uvertüra” kamera xoru, habelə Kristina Əfəndiyevanın
rəhbərliyi altında Bakıdakı Müqəddəs
Arxangel Mixail məbədinin xoru çıxış ediblər.
Azərbaycan və Rusiyanın xor kollektivlərinin bir araya gəlməsi
D.İ.Mendeleyev adına RKTU-nun mədəni təşəbbüsü
olan Mendeleyev Xor Konqres-Festivalının birləşmiş xor
ideyası ilə reallaşıb.
Akademik Opera və Balet Teatrı orkestrinin müşayiət etdiyi konsertdə solist qismində
Fatma Səfərzadə (soprano, Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrı) və Pavel Artyomov (tenor, Moskva
Metropoliteninin akademik xoru) çıxış ediblər.
Konserti Xalq artisti, dirijor Yalçın Adıgözəlov
idarə edib. Layihənin müəllifi və baş xormeysteri
Boris Tarakanovdur.
Britaniyalı bəstəkar və instrumental
ifaçı K.Cenkinsin (Karl William Jenkins) “Sülh duası”
oratoriyası multikultural dəyərlər və
sivilizasiyalararası dialoqu, müharibələr əleyhinə
çağırış ideyasını təcəssüm
etdirən musiqi əsəridir. Müəllif bu əsəri
1999-cu ildə yeni minilliyin gəlişi münasibətilə
Britaniya Kral Silah Muzeyinin sifarişi əsasında yazıb.
Üç səmavi dinin (Xristianlıq, Yəhudilik, İslam)
motivləri üzərində qurulan oratoriya poetikləşmiş
müharibənin təsviri ilə başlayır, tədricən
müharibənin dəhşətlərini, ölümün
apofeozunu təsvir etməyə keçir. Oratoriyada katolik
messası ilə yanaşı, azan və təkbir səsləri
də yer alıb.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.8.