İstedad, məsuliyyət
və zəhmətdən yaranan sənət
Dekabrın 10-u görkəmli opera müğənnisi,
Xalq artisti Gülxar Həsənovanın anadan olmasının
105-ci ildönümüdür. O, məlahətli səsi və
bənzərsiz sənətkarlığı ilə sənətsevərlərin
yaddaşında silinməz iz buraxıb.
Gülxar İbrahim qızı Həsənova 1918-ci il
dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində
anadan olub. 1935–1937-ci illərdə Bakı Teatr Texnikumunda
oxuyub, 1959-cu ildə Azərbaycan Dövlət Universitetini
(indiki Bakı Dövlət Universiteti) bitirib. 1936–1942-ci illərdə
Gənc Tamaşaçılar Teatrının solisti olub. Səhnədə
yaratdığı obrazlarla diqqəti cəlb edən
Gülxar Həsənovanın istedadı dahi bəstəkar
Üzeyir Hacıbəylinin də gözündən
yayınmır. Tamaşaların birində gənc
aktrisanın çıxışını diqqətlə izləyən
Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək
Opera və Balet Teatrında çalışmasını
tövsiyə edir. Sənətkar bu barədə deyib: “Məni
filarmoniyada keçirilən konsertə dəvət etdilər
ki, orada çıxış edim, Üzeyir bəy səsimi
dinləsin. Mən səhnəyə çıxdım. Amma məni
heç kim tanımırdı. Nə adım çəkiləndə,
nə də səhnəyə çıxanda heç kim məni
alqışlamadı... Elə ki başladım oxumağa...
Ani sükutdan sonra alqış sədaları kəsilmək
bilmirdi. Utandığımdan mahnını tez qurtarmaq
üçün “Bayatı-Şiraz”ın ortadakı
şöbəsini oxumadım. Üzeyir bəy o vaxt İncəsənət
İdarəsinin (indiki Mədəniyyət Nazirliyi) rəhbəri
Mirzə İbrahimovla lojada oturub mənə qulaq
asırdı. Konsert qurtarmamış məni filarmoniyanın
direktorunun otağına çağırdılar. Fikirləşdim
ki, yəqin mahnını yarımçıq oxuduğum
üçün danlayacaqlar. Narahatçılığa səbəb
olmadı, əksinə, Üzeyir Hacıbəyli ilə Mirzə
İbrahimov məni təbrik etdilər. Üzeyir bəy
soruşdu ki, bəs niyə yarımçıq oxudun, axı
yaxşı oxuyurdun?! Utandığımı söylədim və
fikirləşdim ki, bəlkə tamaşaçıların
heç xoşuna gəlmir, bu səbəbdən də
mahnını tez qurtardım... O, sözümü kəsərək,
– Yox, qızım, çox yaxşı oxudun, təbrik edirəm.
Sən sabahdan operaya gələrsən, – dedi. Orada isə bədii
şuranın iştirakı ilə, başda İsmayıl
Hidayətzadə olmaqla, Bülbül Məmmədov,
Əlövsət Sadıqov, Məmmədtağı
Bağırov, Hüseynağa Hacıbababəyov, Əşrəf
Həsənov, Əfrasiyab Bədəlbəyli və Qurban
Pirimov səsimə qulaq asıb, xarici görkəmimə
baxıb məni Opera Teatrına qəbul etdilər...”.
Beləliklə, G.Həsənova səhnə fəaliyyətinə
Opera və Balet Teatrında davam edir. 1942-ci ildən
ömrünün sonunadək bu teatrın solisti, 1980-ci ildən
isə Gənc Tamaşaçılar Teatrının məşqçi
pedaqoqu olur.
G.Həsənova milli operalarda aparıcı partiyalarda
çıxışları ilə
tamaşaçıların rəğbətini qazanıb.
“Leyli və Məcnun”da Leyli və Leylinin anası, “Əsli və
Kərəm”də Əsli, “Koroğlu”da xanəndə qız,
“Aşıq Qərib”də Şahsənəm, “Şah
İsmayıl”da Ərəbzəngi, “Bahadır və Sona”da Təravət
xanım, “Arşın mal alan”da Telli, “Vaqif”də Qarı, “Gəlin
qayası”nda Ana kimi yaddaqalan obrazlar yaradıb.
Ömrünün yarım əsrdən çox bir
dövrünü opera ifaçılığına həsr
edən müğənni sənətinin çətinliyi barədə
sonralar belə deyirdi: “1941–1945-ci illərin müharibə
dövrü sənətçilər üçün də
ağır, məşəqqətli zaman idi. Tez-tez cəbhə
bölgələrində olurduq. Çalışırdıq
ki, əsgər oğullarımıza mənəvi dayaq olaq. Bu
çıxışların əsas təşəbbüsçüsü
də Üzeyir bəy idi. O, bizim vətənpərvərlik
ruhumuzu daha da artırırdı. Üzeyir bəy elə bir
şərait yaratmışdı ki, səhnə də bizim
üçün bir cəbhəyə çevrilmişdi.
Yadımdadır, 1943-cü il idi. Mən Əlövsət
Sadıqovla “Leyli və Məcnun” operasını oynamalı
idim. Tamaşadan əvvəl acı bir xəbər eşitdim.
Cəbhədən qardaşımın qara kağızı gəlmişdi.
Mənimlə bərabər bütün yoldaşlarım da
sarsıldılar. Onlar elə bildilər ki, tamaşa təxirə
düşəcək. Amma yox, elə olmadı. Mən
özümdə güc toplayıb həmin gün
tamaşanı oynadım. Bəlkə əvvəlkilərdən
daha da yaxşı. Çünki mənim həyatdakı
acılarım Leylinin kədərli taleyi ilə üst-üstə
düşürdü. Bu qəm-kədər
yaxınlığı məni Leyli obrazı ilə daha da
doğmalaşdırırdı...”.
Musiqişünas Səadət Təhmirazqızı
G.Həsənova ilə bağlı məqaləsində onunla
tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərovun
xatirələrini diqqətə çatdırır: “Sənətkar
üçün vacib olan bir neçə amil var. Bunlardan ən
başlıcası istedad, məsuliyyət və zəhmətdir.
Bu keyfiyyətlər də Gülxar xanımda
üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi
bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla
bir yerdə çalışmaq mənə nəsib olub.
M.Maqomayevin “Şah İsmayıl” operasında mən Şah
İsmayıl, o isə Ərəbzəngi rolunda
çıxış etmişik. Gülxar xanım bu obrazı
o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə
olduğumu unudub onun sənətinin sehrinə dalaraq az qala
tamaşaçıya çevrilirdim. Bu obraz ona çox
yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət
Rzayevadan sonra Ərəbzəngi obrazının ən mahir ifaçısı
məhz Gülxar Həsənova idi”.
Məlahətli səsi, təkrarolunmaz səhnə mədəniyyəti
ilə musiqi və teatr sahələrində xidmətləri
yüksək qiymətləndirilən müğənni
1954-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq
artisti” fəxri adlarına, 1998-ci ildə “Şöhrət” ordeninə,
2002-ci ildə isə Prezidentin fərdi təqaüdünə
layiq görülüb.
Gülxar Həsənova 2005-ci il martın 30-da
Bakıda vəfat edib, II Fəxri xiyabanda torpağa
tapşırılıb. Dövlət
başçısının 2018-ci ildə
imzaladığı sərəncamla sənətkarın 100
illik yubileyi geniş şəkildə qeyd olunub.
Hazırladı: N.Məmmədli
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.6.