Nakam ömrün sonatası
Pianoçu Xədicə Qayıbovanın 130 illiyi qeyd
olundu
Bu il Azərbaycanın ilk qadın pianoçusu,
muğam variasiyalarını ilk dəfə fortepianoda ifa
etmiş Xədicə Qayıbovanın (1893–1938) anadan
olmasının 130 illiyidir.
Dekabrın 6-da Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyində Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı
ilə Xədicə Qayıbovanın yubileyinə həsr
olunan tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan muzeyin
elmi-kütləvi işlər şöbəsinin müdiri
Xanım Abdinova Xədicə Qayıbovanın musiqi mədəniyyətimizin
inkişafında fəal iştirakı, maarifpərvər və
pedaqoji fəaliyyəti haqqında geniş məlumat verdi. Diqqətə
çatdırdı ki, X.Qayıbova Tiflisdə ünlü
ruhanilərdən Osman bəy Müftizadənin ailəsində
dünyaya göz açıb. Erkən çağlardan
musiqiyə maraq göstərib. Valideynləri onu şəhərdəki
“Müqəddəs Nina” qızlar məktəbinə qoyur. O,
burada mükəmməl musiqi təhsili alır.
Azərbaycanda sovet hökuməti qurulandan sonra
X.Qayıbova musiqi mədəniyyəti sahəsində daha
aktiv fəaliyyət göstərir. Maarif
Komissarlığında Şərq musiqisi şöbəsinin
müdiri təyin edilir. Təşəbbüsü ilə
“Qısamüddətli Şərq musiqi kursları” təşkil
edilir. Ayrı-ayrı məktəblərdə uşaq xoru
yaradılır. Dövrünün görkəmli sənətkarları
ilə çalışaraq Azərbaycan musiqi folklorunun
toplanılması istiqamətində də ciddi səylər
göstərir. Öz evini musiqi mədəniyyəti
ocağına çevirir. Mütəmadi olaraq musiqi məclisləri
keçirir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasına
daxil olur. Bəstəkarlıq sənətinin sirlərini,
musiqinin nəzəri əsaslarını öyrənir.
Muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edir.
Onun fəallığı sovet hüquq-mühafizə
orqanları tərəfindən təqib edilir.
Yaradıcılığının çiçəkləndiyi
bir vaxtda repressiyaya məruz qalır. 1937-ci ildə həbs
olunur. Türk ordusunun zabiti Sultan Hüseynzadəni evində
gizlətməkdə ittiham edilir və haqqında güllələnmə
hökmü çıxarılır. 27 oktyabr 1938-ci ildə
hökm icra olunur...
Tədbirdə daha sonra X.Qayıbovaya həsr olunan
“Ömür sonatası” bədii-sənədli filmi
nümayiş olundu. Qeyd edildi ki, Azərbaycan
Televiziyasının “Sabah” studiyası tərəfindən lentə
alınmış filmin rejissorları Namiq Ağayev,
Anaxanım Abdullayeva, ideya müəllifi və prodüseri Xalq
artisti Ramiz Həsənoğludur.
Filmdə Xədicə Qayıbovanın obrazını
canlandırmış pianoçu, BMA-nın dosenti, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Nərgiz Salmanlı və
filmin məsləhətçisi Xalq artisti, BMA-nın prorektoru
Yeganə Axundova ekran işinin ərsəyə gəlməsindən
danışdılar.
Görkəmli pianoçunun nakam ömrünə
işıq salan film maraqla qarşılandı.
Tədbirdə Nərgiz Salmanlı və BMA-nın tələbələri
Nəzrin Məhərrəmli, Gülnar Qədirova, Fidan
Muxtarova, Maya İsmayıllı, beynəlxalq və respublika
müsabiqələri laureatları Kübra Həşimli,
Rasimə Abdullayeva və Məryəm Məmmədovanın
ifalarında Azərbaycan və Avropa bəstəkarlarının
əsərlərindən ibarət konsert proqramı təqdim
edildi.
Çıxışlar və musiqi ifaları
X.Qayıbovanın həyat və yaradıcılıq yolunu əks
etdirən, muzeyin zəngin kolleksiyaları əsasında
hazırlanmış slayd-şou ilə müşayiət
olunurdu.
Savalan Fərəcov
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.