“Baletdə
qurbansız, fədakarlıq etmədən uğur qazanmaq
mümkün deyil”
Əfsanəvi balerina Tamilla Şirəliyeva
müsahibimizdir
Yaşımız çatmadı ki, onu səhnədə
görüb alqışlaya bilək. Bizim nəslin balet sənəti
ilə maraqlanan, Opera və Balet Teatrının bircə
premyerasını ötürməyən,
qastrolçuların hər çıxışını
seyr edən, doğma sənətçilərin yaxın-uzaq səhnələrdəki
uğurlarını izləyən nümayəndələri
üçün onlar artıq tarixi şəxsiyyət idilər.
Bizimlə eyni şəhərdə, eyni ölkədə, eyni
dünyada, üstəlik, eyni zamanda yaşasalar da, artıq
canlı əfsanəyə çevrilmişdilər.
Qismətə bax ki, həmin canlı əfsanələrdən
biri ilə üzbəüz söhbət edirik. Azərbaycanın
Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı,
“Şöhrət” ordenli Tamilla Şirəliyevanın xudmani mənzilində
qonağam.
Müsahibələrindən, yadigar lentlərindən,
yetirmələrinin heyranlıq və minnətdarlıq dolu
söhbətlərindən tanıdığım Tamilla
xanımla ilk dəfə söhbətdaş olduğumdan
suallarım onun demək olar ki bütün
yaradıcılıq karyerasını əhatə edir. Hələ
müsahibə üçün razılığa gələndə
görkəmli balerinanın qayğısını çəkən
köməkçisi, qohumu Sevinc xanım xəbərdarlıq
etmişdi ki, Tamilla xanım xaraktercə çox sakit
adamdır. Ünsiyyət sevən olsa da, yalnız
soruşduqlarınıza qısa və konkret cavab verəcək.
Ondan uzun-uzadı etiraflar, kiminsə ünvanına irad, ya da
inciklik eşitməyəcəksiniz.
– Tamilla xanım, çox təəssüf ki, sizi səhnədə
görməmişəm, yalnız oynadığınız
tamaşalardan fraqmentləri izləmişəm…
– Eh, mən səhnəyə çıxanda siz yəqin
hələ dünyaya gəlməmişdiniz…
– Elədir. Balet sənətini seçmək, bu
çətin və ağır sənətin fədakarı
olmaq fikrinə necə düşdünüz?
– Uşaq idim. Anam baleti çox sevirdi deyə, mənim
əvvəlcə rəqs dərnəyinə getməyimi, sonra
da xoreoqrafiya məktəbində oxumağımı istədi…
– Əgər sizin qabiliyyətiniz və həvəsiniz
olmasaydı, çətin ki təkcə ananızın istəyi
ilə bu mövqeyə çatardınız…
– Əlbəttə. Əvvəla, balet məktəbinə
gələn uşağın orqanizmində elastik toxumanın
miqdarı çox olmalıdır ki, bədəni onun
sözünə baxsın. Bu, məsələnin fizioloji tərəfidir.
Üstəlik, səbirli, dözümlü olmaq, son məqsədə
doğru getmək, sənətə sonsuz sevgi, bir də fədakarlıq
lazımdır! Əgər incəsənətin digər sahələrində
fədakarlıq etmədən də uğur qazanmaq olursa,
baletdə qurbansız, fədakarlıq etmədən uğur
qazanmaq mümkün deyil!
– Ən birinci qurban da ömür boyu, yəni səhnədə
olduğun qədər xüsusi pəhriz gözləməklə
başlayır yəqin…
– Əslində, biz bu pəhrizə elə məktəbdən
alışırıq. Başqa cür mümkün deyil.
– Məktəbdə müəlliminiz kim olub?
– Qəmər Almaszadə!...
– Eşitdiyimə görə, onun kimi ciddi, sərt,
güzəştə getməyən pedaqoq olmayıb.
– Baletdə başqa cür mümkün deyil. Müəllim
ki səhlənkar, qeyri-ciddi oldu, heç nə. Onun yetirmələrindən
uğur gözləməyə dəyməz.
– Sonra da teatrda Qəmər xanımın rəhbərliyi
altında işlədiniz.
– Bilirsiniz, əslində, teatrda baş baletmeyster, balet
truppasının rəhbəri xoreoqrafiya məktəbindəki
pedaqoqun işini davam etdirir. Bu sənət o qədər fərdidir
ki, balet artisti karyerasının sonunadək öyrənir.
– Karyera demişkən, siz bizim teatrda ən
uzunömürlü balerinalardan olmusunuz…
– Balet artistinin səhnə ömrü adətən
iyirmi ildir. Amma mən düz 25 il səhnədə oldum. Səhnədə
olduğum illərdə də teatrda səhnələşdirilən
bütün əsərlərdə əsas partiyaları ifa
etdim.
– İlk rolunuz isə, səhv etmirəmsə,
Gülyanaq olub…
– “Qız qalası” baleti mənim həm diplom
tamaşam olub, həm də teatrda ilk tamaşam. Sonralar “Məhəbbət
əfsanəsi”ndə Məhminə banu, “Don Kixot”da Kitri,
“Jizel”də Jizel, “Sonalar gölü”ndə Odetta, Odilliya kimi səhnəyə
çıxdım.
– …Və “Min bir gecə”nin ilk Şəhrizadı
oldunuz…
– Şəhrizad çox dolğun obrazdır. Onu
çox sevdim. Bu tamaşaya görə bütün
yaradıcı heyət SSRİ Dövlət Mükafatına
layiq görüldü.
– Tamilla xanım, Moskvada Kremlin Qurultaylar Sarayında
oynadığınız “Min bir gecə” tamaşasının
lent yazısına baxmışam. O tamaşa sanki bir
uçuş idi, birnəfəsə oynanıldı. Həm də
bildiyim qədər həmin tamaşadan ötrü siz riskə
də getmisiniz…
– Hə, o vaxt hamilə idim, sadəcə, Teymurun
dünyaya gəlişinə hələ çox var idi deyə,
o çıxışımı risk saymırdım…
– Bu sualı jurnalist yox, bir qadın, ana kimi verirəm:
yəni sizin sənət sevginiz övlad sahibi olmaq istəyindən
bu qədər güclü idi ki, riskə getdiniz?
– Yox. Sadəcə, ömür boyu bir şeyə
inanmışam: olacağa çarə yoxdur. Nə
olmalıdırsa, o, mütləq baş verəcək.
– Mərhum həyat yoldaşınız da sənət
aləmindən idi?
– Yox. O, Mərdəkanda indiki Polis Akademiyasında
işləyirdi. Mənim Mərdəkanda kiçik bir mənzilim
var idi. Yayda orada qalardım. Yolum da akademiyanın
qarşısından keçirdi. Mən o yolu gedib-gələndə
diqqətini çəkmişdim. Bir gün qarşımı
kəsib tanış olmaq istədi. Beləcə, münasibətimiz
yarandı.
– Nə yaxşı ki, qarşınızda ya səhnə,
ya da ailə seçimi qoymadı.
– O məni sənətimlə birgə qəbul etdi, yəni
necə varamsa. Mən də balerina olmaqla yanaşı, evimin
xanımı oldum. Heç köməkçim də yox idi.
Bütün ev işlərini özüm görmüşəm,
yemək də bişirmişəm, oğluma da özüm
baxmışam. Yalnız mən qastrola gedəndə
qayınanam oğlu ilə nəvəsinin qayğısına
qalardı.
– Hər gözəl sənətçi heç də
yaxşı pedaqoq ola bilmir… Özü də balet kimi improvizələrlə,
nəzəri bilikdən daha çox fərdi təcrübəyə
əsaslanan sahədə...
– Düz deyirsiniz, hər istedadlı insan yaxşı
müəllim ola bilmir, çünki pedaqoji qabiliyyət
özü bir istedaddır. Bizim sənətimizdə
yaxşı müəllim olmaq üçün gərək xəsis
olmayasan, biliyini, təcrübəni, hətta duyumunu tələbələrin
uğuruna xərcləməyi bacarasan…
– Kimi ən sevimli tələbəniz, öz
ardıcılınız hesab edirsiniz?
– Kimləri… (gülümsəyir) Rimma İsgəndərova,
Cəmilə Kərimova, Yuliya Ferştandt… Yaxşı tələbələrim
çoxdur, amma bu üç qızı hamıdan çox
istəyirəm. Onlar da məni heç vaxt unutmurlar. Evdən
çıxmaq indi mənim üçün çətin olsa
da, Cəmilənin toyuna da getdim, ötən ay isə Yuliya məni
“Jizel” tamaşasına dəvət etmişdi. Çox gözəl
tamaşa oldu, onun çıxışından razı
qaldım.
– Tamilla xanım, bu yerədək baletin gözəlliklərindən
danışdıq, amma əziyyətindən heç söz
açmadıq…
– Əziyyət deyəndə ki, balet artistləri
belağrısından, balerinalar isə həm də ayaq
ağrısından əziyyət çəkirlər. Nə
qədər barmaqlarını qatlayıb yerimək, rəqs
etmək olar?! Bəzən tamaşadan sonra puantları
çıxaranda görürsən ki, barmaqlarının ucu
qanın içindədir. Heç yadımdan çıxmaz,
bir dəfə Soçidə qastrolda idik. Gündüz
tamaşasından sonra dənizə getdim, sahildə oturub
ayaqlarımı suya salladım ki, sızıltısı bir
az kəssin. Birdən iki qadın mənə
yaxınlaşdı. Demə, onlar bizim tamaşaya
baxıbmışlar. Məni tanıdılar, söhbət
zamanı soruşdular ki, niyə dənizə baş vurmuram?
Ayaqlarımı sudan çəkib onlara göstərəndə
dəhşətə gəldilər. Bəli, balet sənətinin
belə ağrılarını tamaşaçılar
görmürlər.
– 2002-cı ildə Ulu öndər Heydər Əliyev
Azərbaycanın görkəmli sənət adamları üçün
Prezident təqaüdü təsis etdi və siz həmin təqaüdə
layiq görülən ilk sənətkarlardansınız.
– Mərhum Heydər Əliyev bizim bütün
premyeralarımıza gələrdi. Tamaşadan sonra da mütləq
səhnə arxasına keçib yaradıcı heyətlə
görüşərdi, öz təəssüratını
bölüşərdi, yeri gələndə məsləhət
də verərdi. O, incəsənəti çox gözəl
bilirdi. O ki qaldı təqaüdə, bilirsiniz, çəkdiyin
əziyyətin dövlət başçısı, hökumət
səviyyəsində qədri bilinəndə hiss edirsən
ki, sənətə həsr etdiyin ömrü hədər
yaşamamısan…
***
Tamilla xanım ilə çox söhbət edə bilərdik.
Sadəcə, əfsanəvi balerina, gözəl pedaqoq 77-ci
doğum günü ərəfəsində bir qədər
nasaz idi deyə, onu yormaq istəmədik. Bəli, məhz bu
gün, dekabrın 8-də Xalq artisti, “Şöhrət” ordenli
Tamilla Şirəliyevanın doğum günüdür. Səhhəti
onu sevimli sənətindən, cəmiyyət içinə istədiyi
qədər çıxmaqdan məhrum etsə də, həyatın
gərdişini olduğu kimi qəbul edir. Hətta özümə
ehtiyatsız verilmiş kimi görünən “Yuxuda teatrı,
səhnəni görürsünüz” sualıma
düşünmədən sakitcə, hətta bir qədər
etinasız cavab verdi: “Yox, görmürəm”. Bir an susub yuxu
mövzusunu davam etdirdi: “Teatrda işlədiyim illərdə
tez-tez eyni yuxunu görərdim. Görərdim ki, tamaşada
çıxışıma az qalıb, amma mən hələ
teatrda deyiləm, gecikirəm. Hər dəfə də təlaşla
oyanıb yerimdən dik atılardım. Bir an sonra anlayanda ki
yuxu görmüşəm, sakitləşib şükür edərdim...”.
***
…Müdrik insanlardan biri deyib ki, tale ilə
barışmağı bacarmaq güclü olmaq deməkdir.
Tamilla xanımla söhbətdən anladım ki,
qarşımdakı qadın elə həmin müdrik
insanın təsvir etdiyi güclü insanlardan biridir. Haqq
etdiyi ünsiyyətə həsrət qalsa da, illərdən bəri
ABŞ-də yaşayan yeganə oğlu, nəvəsi
üçün darıxsa da, ömrünü həsr etdiyi
xoreoqrafiya məktəbindən onu hərdənbir axtarsalar da,
bu mövzulardan söz düşəndə sakit, emosiyasız
danışdı. Bəlkə də o, əsl sənət
adamı kimi bütün emosiyalarını səhnədə,
əsl pedaqoq kimi də məşq otağında gen-bol xərcləmişdi
deyə, ona görə həyatda bu qədər sakit idi...
Təbii ki, Tamilla Şirəliyevanın doğum
gününü oxucularımızın birbaşa təbrik
etmək şansı yoxdur. Sadəcə, bu gözəl
xanıma Allahdan cansağlığı diləyin, yetər.
Sizin təbrikinizi biz çatdırarıq.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.7.