Məcnun obrazında
ilk dəfə...
Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrı dekabrın 6-da Üzeyir Hacıbəylinin “Leyli və
Məcnun” operasını nümayiş etdirib.
Teatrın binasının əsaslı təmirə
bağlanması səbəbindən Bakı Musiqi
Akademiyasının Opera studiyasında təqdim olunan tamaşa
yeniliklə yadda qalıb. Teatrın gənc solisti Xəyal
Hüseynov ilk dəfə Məcnun rolunda səhnəyə
çıxıb.
X.Hüseynov Azərbaycan Milli Konservatoriyası tərkibində
Bakı Musiqi Kollecinin məzunudur. Əməkdar artist Təyyar
Bayramovun sinfində təhsil alıb. Ötən
mövsümdə “Leyli və Məcnun”da Şeyx rolunda səhnəyə
çıxan gənc ifaçı bir neçə aylıq gərgin
məşqlərdən sonra, nəhayət, Məcnun
obrazında sənət imtahanı verib. Tamaşada iştirak
edən təcrübəli muğam ustaları və musiqi
biliciləri Xəyalın ifasına çox yüksək qiymət
verərək onun debütünün uğurla gerçəkləşdiyini
bildiriblər.
Səhnə əsərində Leyli partiyasını
teatrın gənc solisti Rəvanə Əmiraslanlı ifa edib.
Digər rollarda Əməkdar artist Təyyar Bayramov (İbn
Salam), solistlərdən Aytən Məhərrəmova (Leylinin
anası), Taleh Yahyayev (Leylinin atası), Afaq Ağayeva (Məcnunun
anası), Mütəllim Dəmirov (Məcnunun atası), Mirəli
Sarızadə (Şeyx), Rəşad Həsənzadə (Nofəl),
Nəzər Bəylərov çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət
xadimi Sevil Hacıyevadır.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.