“Mütaliə mədəniyyəti
və oxucu məmnunluğu”
BDU-da Xalq yazıçısı Anarın 85 illik
yubileyinə həsr olunmuş elmi konfrans
Bakı Dövlət Universiteti (BDU) İnformasiya və
sənəd menecmenti fakültəsinin təşkilatçılığı
ilə Xalq yazıçısı Anarın 85 illik yubileyinə
həsr olunmuş “Mütaliə mədəniyyəti və
oxucu məmnunluğu” mövzusunda respublika elmi konfransı
keçirilib.
BDU-dan verilən məlumata görə, tədbirdə
yazıçının həyat və
yaradıcılığından bəhs edən videoçarx
nümayiş olunub.
Universitetin sosial məsələlər, tələbələrlə
iş və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru Əliş Ağamirzəyev Xalq
yazıçısı Anarın yubileyinə həsr
olunmuş konfransın BDU-da keçirilməsinin təsadüfi
olmadığını deyib: “Anar müəllimin həm
özü, həm də övladları universitetin məzunlarıdır.
Hesab edirəm ki, konfransın adı və elmi istiqamətləri
doğru müəyyən edilib. Anar
yaradıcılığı ilə ölkəmizdə
mütaliə mədəniyyətinin, oxucu zövqünün
formalaşmasına, eləcə də
kitabxanalarımızın fondlarının inkişafına
mühüm töhfələr verib”.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
yazıçının yaradıcılığı, nəsrindəki
çoxşaxəli istiqamətlər, əsərlərinin
obrazlar sistemi barədə danışıb: “Anarın
yaradıcılığı möhtəşəm azərbaycançılıq
abidəsidir. Onun keçmiş mətnlərə yeni nəfəs
vermə məharətini yüksək qiymətləndirirəm.
Anar müəllim əvvəlki əsərlərinin motivlərinə
bir daha qayıtmaqla həmin əsərləri daha da dərinləşdirir”.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov,
BDU-nun Türk filologiyası kafedrasının professoru, Milli Məclisin
deputatı Jalə Əliyeva, Mətbuat Şurasının sədri
Rəşad Məcid, Azərbaycan Yazıçılar
Birliyinin katibi İlqar Fəhmi çıxışlarında
Anar yaradıcılığının məziyyətləri
barədə danışıblar.
BDU-nun Redaksiya-nəşriyyat işi kafedrasının
müdiri Knyaz Aslan “Anar yaradıcılığı və oxu
mədəniyyəti” mövzusunda məruzə edib.
İnformasiya və sənəd menecmenti fakültəsinin
dekanı Ələmdar Cabbarlı diqqətə
çatdırıb ki, iki gün ərzində konfransda
Anarın yaradıcılığı barədə, eyni
zamanda, mütaliə mədəniyyəti, oxucu zövqü,
kitab sənayesi, müəlliflik hüququ və əlaqəli
hüquqlar kimi sahələr üzrə ümumilikdə 40-dan
çox məruzə dinləniləcək.
Xalq yazıçısı konfransın təşkilatçılarına,
çıxış edənlərə,
iştirakçılara təşəkkürünü
bildirib: “Məzunu olduğum doğma Bakı Dövlət
Universitetində yubileyimə həsr olunmuş yüksək səviyyəli
elmi konfransın keçirilməsi mənim üçün
çox əlamətdardır”.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə qazandığımız tarixi Zəfərdən bəhs
edən yazıçı deyib: “Özümü çox
xoşbəxt hesab edirəm ki, ölkəmizin gözəl
günlərinin şahidi oldum, Qarabağın
azadlığını, Şuşamızı görə
bildim. Bugünkü xoşbəxtliyimizin təməli Ulu
öndər Heydər Əliyev tərəfindən qoyulub.
Prezident İlham Əliyev bu təməllər üzərində
Azərbaycanı daha qüdrətli ölkəyə
çevirdi”.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.3.