Moldovada Azərbaycan Mədəniyyəti
Günləri
Kişineudakı səfirliyimizin önündəki
bağçada Müslüm Maqomayevin barelyefi
açılıb
Moldovada Azərbaycan Mədəniyyəti Günləri
keçirilir. Tədbirlər çərçivəsində
dekabrın 6-da ölkəmizin Kişineudakı səfirliyinin
önündəki bağçada dünya şöhrətli
müğənni Müslüm Maqomayevin barelyefinin
açılış mərasimi keçirilib.
Mərasimdə Azərbaycan ilə Moldova arasında
iqtisadi inkişaf üzrə hökumətlərarası
komissiyanın həmsədrləri – Moldovanın infrastruktur və
regional inkişaf naziri Andrey Spınu və Azərbaycanın kənd
təsərrüfatı naziri Məcnun Məmmədov, eləcə
də Moldovanın mədəniyyət naziri Sergiu Prodan, Azərbaycan
mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov,
digər rəsmilər iştirak ediblər. Tədbirə
Moldovadakı Azərbaycan diasporunun təmsilçiləri,
ictimaiyyət nümayəndələri də
qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə
Azərbaycan xalqının Ümummilli lideri Heydər
Əliyevin səfirliyin önündəki bağçada
ucaldılmış büstü önünə gül dəstələri
düzüblər.
Səfir Qüdsi Osmanov bildirib ki, görkəmli
müğənni Müslüm Maqomayevin barelyefi Azərbaycan
xalqının tarixində parlaq iz qoymuş digər
tanınmış şəxsiyyətlərin barelyefləri ilə
yanaşı səfirliyin önündəki bağçada
öz layiqli yerini tutub: “Bu barelyef Moldovada Müslüm
Maqomayevin xatirəsini əbədi olaraq yaşadacaq”.
Moldovanın mədəniyyət naziri Sergiu Prodan
Kişineuda dünyaca məşhur müğənni və bəstəkar
Müslüm Maqomayevin barelyefinin
açılışını mühüm mədəniyyət
hadisəsi adlandırıb. O, ölkələrimizin
dostluğunun rəmzi olan səfirliyin önündəki
bağçanı paytaxtın ən gözəl guşələrindən
biri kimi qiymətləndirib.
Azərbaycanın kənd təsərrüfatı
naziri Məcnun Məmmədov tədbirə toplaşanları
barelyefin açılışı münasibətilə təbrik
edib. Vurğulayıb ki, səfirliyin önündəki
bağça hər kəsin Azərbaycanın tarixinə və
mədəniyyətinə toxuna biləcəyi məkandır.
***
Sonra Kişineunun Orqan zalında Azərbaycan muğam
ifaçılarının konserti olub.
Tədbirin rəsmi hissəsində Moldovanın mədəniyyət
naziri Serjiu Prodan və Azərbaycan mədəniyyət
nazirinin müşaviri Oleq Əmirbəyov
çıxış ediblər.
Gecədə Azərbaycan xalq mahnıları və
muğam parçaları ilə bərabər, Moldovada
yaşayan soydaşlarımızın ifasında rəqs
nümunələrimiz də təqdim olunub.
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.1;2.