Azərbaycan dünyanın mədəni
irs xəzinəsini zənginləşdirir
UNESCO-nun siyahılarında qeyri-maddi mədəni irs
nümunələrimizin sayı 23-ə çatıb
Xəbər verdiyimiz kimi, 4-9 noyabr tarixlərində
Botsvananın Kasane şəhərində UNESCO-nun Qeyri-maddi mədəni
irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin
18-ci sessiyası keçirilir.
Azərbaycan nümayəndə heyətinin də
iştirak etdiyi sessiyada təşkilatın qeyri-maddi mədəni
irs üzrə müvafiq siyahılarına təqdim edilən
yeni elementlər də nəzərdən keçirilir.
Dekabrın 6-da Azərbaycanın qeyri-maddi mədəni
irsi ilə bağlı daha 4 element Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına
daxil edilib.
Reprezentativ siyahıya salınan nominasiyalardan ikisi Azərbaycan
və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı
və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı”,
digər ikisi isə “Təzhib sənəti” (Azərbaycan,
İran, Tacikistan, Türkiyə, Özbəkistan), “İftar və
onunla bağlı sosial-mədəni ənənələr”
(Azərbaycan, İran, Türkiyə, Özbəkistan)
çoxmillətli fayllarıdır.
UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən
bütün meyarlara dair müsbət rəy alan nominasiya
fayllarına dair müvafiq qərar elan edilib.
Sessiyada çıxış edən ölkəmizin
UNESCO yanında daimi nümayəndəsi səfir Elman
Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə
Orqanına və Hökumətlərarası Komitəyə
xalqımızın mədəni dəyər nümunələrini
dəstəklədiklərinə görə təşəkkür
edib. Daimi nümayəndə eyni zamanda faylların
hazırlanmasında iştirak edən ölkələrə də
öz minnətdarlığını bildirib.
Adıçəkilən nominasiya faylları Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən
Xarici İşlər Nazirliyi, Azərbaycan
Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi
və UNESCO üzrə Milli Komissiya, eləcə də qeyd
olunan xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıqda
ərsəyə gətirilib.
Bununla UNESCO siyahılarında Azərbaycanın
qeyri-maddi mədəni irsi ilə bağlı elementlərin
sayı 23-ə çatıb. Onlardan 21-i Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında,
2-si isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni
İrs Siyahısındadır.
Xatırladaq ki, ötən il Mərakeşin
paytaxtı Rabatda keçirilən UNESCO Hökumətlərarası
Komitəsinin 17-ci sessiyasında da Azərbaycanla bağlı 4
qeyri-maddi mədəni irs elementi təşkilatın
reprezentativ siyahısına salınmışdı. Bunlar Azərbaycanın
pəhləvanlıq sənəti ilə bağlı milli
nominasiyası və ölkəmizin iştirakı ilə təqdim
olunan daha üç nominasiya (çay mədəniyyəti,
Molla Nəsrəddin lətifələri və
baramaçılıq-ipəkçilik sənəti) idi.
Azərbaycanla yanaşı qardaş Türkiyə də
dünyanın mədəni irs xəzinəsinin zənginləşməsinə
töhfələr verir. UNESCO Hökumətlərarası Komitəsinin
18-ci sessiyasında Türkiyənin UNESCO-nun qeyri-maddi mədəni
irs üzrə siyahılarındakı nümunələrinin
sayı 30-a çatıb. Ötən il bu rəqəm 25 idi.
Bununla bağlı Türkiyənin Xarici İşlər
Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir: “Türkiyənin
koordinatorluğu ilə Azərbaycan, İran, Özbəkistan
və Tacikistanla birgə təqdim olunan “Təzhib sənəti”,
İranın koordinatorluğu ilə Türkiyə, Azərbaycan
və Özbəkistan ilə birgə hazırlanan “İftar və
onunla bağlı sosial-mədəni ənənələr”,
Azərbaycanın koordinatorluğu altında Türkiyə ilə
birlikdə təqdim edilən “Balaban sənətkarlığı
və ifaçılıq sənəti” və Türkiyənin
koordinatorluğu ilə Azərbaycanla birgə təqdim olunan
“Sədəf sənəti” başlıqlı çoxmillətli
nominasiyalar üzrə namizədlik nümunələri
Botsvananın Kasane şəhərində keçirilən
Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası
Komitənin 18-ci sessiyasında UNESCO-nun çoxmillətli
nominasiyalar üzrə Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilib”.
Əlavə edək ki, sessiyada Türkiyənin təqdim
etdiyi “Zeytun yetişdirilməsi ilə bağlı ənənəvi
biliklər, üsullar və təcrübələr”
nominasiyası Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına daxil edilib.
UNESCO-da qeydə alınan qeyri-maddi mədəni irs
elementlərinin sayına görə birinci yerdə yenə
Çin Xalq Respublikasıdır – 43 nümunə. Yeri gəlmişkən,
bu il Çin tərəfdən yeni element təqdim edilməyib.
İkinci sırada isə, qeyd etdiyimiz kimi 30 elementlə
Türkiyədir.
Ötən il ikinci (26 element) olan Fransa bu il siyahıya
daha 2 nominasiya əlavə etsə də (cəmi 28 element),
üçüncü yerə keçib.
UNESCO sıralamasında dördüncü yerdə 25
elementlə İspaniya, beşinci yerdə 24 elementlə
qonşu İrandır. Azərbaycan isə 23 elementlə
altıncı sıradadır.
Qeyd edək ki, UNESCO Hökumətlərarası Komitəsinin
18-ci sessiyasında müvafiq siyahılara ümumilikdə 55
element daxil edilib. O cümlədən Bəşəriyyətin
Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına 45
nominasiya, Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni
İrs Siyahısına 6 nominasiya, bizim üçün hələlik
yeni olan Bəşəriyyətin Ən Yaxşı Mühafizə
Təcrübəsi Reyestrinə (Humanity Register of Good
Safeguarding Practices) isə 4 nominasiya salınıb.
Xatırladaq ki, ötən il UNESCO siyahıları
ümumilikdə 48 elementlə zənginləşmişdi.
Bu il reprezentativ siyahıya salınan nümunələr
arasında Türkmənistanın “Axaltəkə
atçılıq sənəti və atların bəzədilməsi
ənənələri”, “Özbəkistanda keramika sənəti”,
Qırğızıstanın “Eleçek, qırğız
qadın baş geyimləri: ənənəvi biliklər və
rituallar”, eləcə də bədnam qonşumuzun
“Gümrüdə dəmirçilik ənənəsi” elementləri
də var.
Hazırda UNESCO-nun müvafiq siyahılarında 145
ölkənin ümumilikdə 730 irs elementi var. Müqayisə
üçün deyək ki, 2022-ci ildə bu statistika 140
ölkə və 678 element idi.
V.Orxan
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.1;2.