Mədəniyyətimizin
böyük hamisi
İllərin
xronikasından (84)
Ümummilli lider Heydər Əliyev böyük siyasətdə
olduğu bir qərinədən artıq dövrdə,
doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər,
mədəni irsimizin qorunması və zənginləşdirilməsi,
milli incəsənətin, ədəbiyyatın
inkişafı, respublikada mədəni-maarif işinin
qabaqcıl səviyyədə təşkili sahəsində də
müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət
və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin
bütün mərhələlərində – sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində
çalışdığı vaxtda və müstəqil Azərbaycana
onillik prezidentliyi dövründə tarixin yaddaşına
çoxsaylı səhifələrlə yazılıb. O, hər
zaman və hər yerdə Azərbaycan mədəniyyətinin
böyük hamisi olub. Bununla bağlı illərin
xronikasından seçdiyimiz məqamları “Heydər
Əliyev İli”nə töhfə olaraq diqqətinizə təqdim
edirik...
(əvvəli ötən sayımızda)
1999-cu il 16 fevral
Prezident Heydər Əliyev “Kitabi-Dədə Qorqud”
dastanının 1300 illik yubileyi üzrə Dövlət
Komissiyasının iclasına sədrlik edib.
“...Bu gün bütün çıxışlarda bir
daha qeyd olundu ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan
tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının
ən görkəmli, ən parlaq abidəsidir. O, tarixi köklərimizi
dünyaya göstərir, oğuz, türk mənşəyimizi
və zəngin tariximizi sübut edir. Məlumdur ki, XX əsrdə
Azərbaycan xalqı bir çox tarixi hadisələri yubileylərlə,
yaxud başqa tədbirlərlə qeyd edibdir. Ancaq təəssüflə
deyə bilərik ki, “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın
həyatında özünəməxsus yeri indiyə qədər
tutmayıbdır. Bunun da səbəbləri məlumdur.
Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət
tariximizin həmişə ideologiya təsiri altında qalması,
bu barədə bizim sərbəst olmamağımız vaxtilə
belə böyük itkilərə gətirib
çıxarmışdı...
Bununla yanaşı, bu gün məmnuniyyətlə
qeyd etmək lazımdır ki, Azərbaycanın vətənpərvər
alimləri, tədqiqatçıları,
yazıçıları, şairləri “Kitabi-Dədə
Qorqud” dastanı haqqında öz imkanları dairəsində əsərlər
yaratmışlar və “Kitabi-Dədə Qorqud”un tədqiqatı
aparılmışdır. Ancaq buna dövlət himayəsi istənilən
səviyyədə olmamışdır...
Burada artıq qeyd olundu ki, Həmid Araslının, Məmmədhüseyn
Təhmasibin, Əbdüləzəl Dəmirçizadənin
və başqa alimlərin yazdıqları əsərlər
“Kitabi-Dədə Qorqud” dastanının elmi tədqiqi və
geniş təbliğ edilməsi üçün böyük
xidmətlər göstərmişdir. Başqa bir çox
alimlərin də adını çəkə bilərik.
Bizim hörmətli alimlərimiz burada çıxış
etdilər və öz tədqiqatları, yazdıqları əsərlər
barədə məlumat verdilər. Bunlar hamısı çox
qiymətlidir.
“Kitabi-Dədə Qorqud”un elmi nöqteyi-nəzərdən
tədqiq edilməsi bizim üçün çox
lazımdır. Eyni zamanda, “Kitabi-Dədə Qorqud” Azərbaycan
ictimaiyyəti, xalq üçün tanınmalıdır. Mən
bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək
istəyirəm. Anarın bu münasibətlə
yaratdığı filmi də qiymətləndirirəm.
...Hər bir tarixi hadisəni elmi kitablardan da tapıb
oxumaq olar. Amma hər bir insan elmi kitablardan istifadə edə
bilmir. Son onilliklərin təcrübəsi onu göstərir
ki, geniş kütlə, xalq üçün tarixi hadisələri
izah, təbliğ etməkdən ötrü ən gözəl
vasitə onlar haqqında filmlərin, səhnə əsərlərinin
yaranmasıdır. Ona görə də tarixi mövzuda
yaradılan əsərlər, filmlər çox qiymətlidir.
Şübhəsiz ki, Anarın yaratdığı “Dədə
Qorqud” filmi də çox qiymətlidir... Mən burada irəli
sürülən təkliflərlə tamamilə razıyam
ki, “Kitabi-Dədə Qorqud” haqqında böyük bir serial
yaratmaq olar. Bu təklifi dəstəkləyirəm, qəbul
edirəm və biz belə bir serialın yaranması üçün
lazımi vəsait taparıq. Yəqin ki, bu, tədbirlər
planında öz əksini tapmalıdır və bu barədə
işlər görülməlidir.
Beləliklə, indiyə qədər görülən
işləri yəqin ki, “Kitabi-Dədə Qorqud”un tarixinin
öyrənilməsinin birinci mərhələsi hesab etmək
olar. Yəqin ki, ikinci mərhələ “Kitabi-Dədə
Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi
haqqında verilmiş fərmandan başlanır. Bu fərmanın
ən böyük əhəmiyyəti ondan ibarətdir ki,
birincisi, biz bütün dünyaya nümayiş etdirir və
bildiririk ki, bəli, “Kitabi-Dədə Qorqud” dastanının
azı 1300 il yaşı vardır. İkincisi, onu bildiririk ki,
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqına,
bütün Türk dünyasına məxsusdur. Ancaq onun vətəni
Azərbaycandır.
Hesab edirəm ki, 1997-ci ildə verilmiş fərman gələcək
çox illər, on illər üçün böyük
perspektiv açıbdır. Biz böyük bir perspektiv plan
hazırlamalı və onu ardıcıl surətdə həyata
keçirməliyik.
...Burada irəli sürülən təkliflər
çox dəyərlidir. Məsələn, mən bu fikirlə
razıyam ki, Dədə Qorquda adi bir heykəl qoymaq o qədər
də məqsədəuyğun olmazdı. Böyük bir
kompleks yaratmaq, onun üçün münasib yer seçmək
olar... Sonra orada cürbəcür başqa abidələr də
yaratmaq olar. Memarlarımız, heykəltaraşlarımız,
rəssamlarımız bu barədə düşünməlidirlər...”.
1999-cu il 21 fevral
“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik
yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər
planı haqqında sərəncam imzalayıb.
Xalq artisti, bəstəkar Süleyman Ələsgərovu
75 illik yubileyi münasibətilə təbrik edib.
1999-cu il 23 fevral
Cəfər Cabbarlının 100 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb.
1999-cu il 27 fevral
Azərbaycan rəssamlıq sənətinin
inkişafındakı xidmətlərinə görə Xalq rəssamı
Oqtay Sadıqzadənin “Şöhrət” ordeni ilə təltif
edilməsi haqqında fərman imzalayıb. Rəssamı
yaradıcılığının 60 illiyi münasibətilə
təbrik edib.
1999-cu il 4 mart
Görkəmli qazax yazıçısı, ictimai
xadim, Qazaxıstanın İtaliya və Yunanıstandakı səfiri
Oljas Süleymenovu qəbul edib.
1999-cu il 7 mart
Elm, mədəniyyət, incəsənət xadimlərinə
və ictimai xadimlərə “İstiqlal” və “Şöhrət”
ordenlərini təqdim edib.
“İstiqlal” ordeni ilə təltif edilənlər
arasında mərhum akademik Ziya Bünyadov (orden alimin həyat
yoldaşı Tahirə xanıma təqdim edilib), Xalq artisti
Leyla Bədirbəyli; “Şöhrət” ordeni alanlar
arasında Xalq artistləri – xanəndə Tükəzban
İsmayılova, bəstəkar Süleyman Ələsgərov,
Xalq rəssamı Oqtay Sadıqzadə, tarixçi professor
Yaqub Mahmudov da var idi.
1999-cu il 12 mart
Azərbaycanda Dağıstan Mədəniyyəti
Günləri çərçivəsində Respublika
Sarayında Dağıstan incəsənət
ustalarının konsertinə baxıb, konsertdən sonra
yaradıcı heyətlə görüşüb.
1999-cu il 13 mart
Prezident Sarayında Xalq rəssamı Oqtay Sadıqzadəni
qəbul edib. Rəssam Heydər Əliyevə onun yenidən
prezident seçilməsi münasibətilə çəkdiyi
portretini, habelə Xalq rəssamı mərhum Elmira
Şahtaxtinskayanın mənzərə janrında iki əsərini
təqdim edib. Oqtay Sadıqzadə həmçinin dövlət
başçısından Nizami adına Ədəbiyyat
Muzeyinin təmiri üçün köməklik göstərilməsini
xahiş edib.
“...Muzey haqqında dediyiniz məlumatı nəzərə
alaram. Mən bilmirdim, heç kəs mənə deməyibdir.
Yəqin ki, bir tədbir görmək lazımdır.
Doğrudan da, o, nadir bir binadır, unikal muzeydir. Oranı
qorumaq, saxlamaq lazımdır...”.
Hazırladı: V.Orxan
(davamı var)
Mədəniyyət .- 2023.- 8 dekabr(¹91).- S.5.