“Əngəlləri cəsarətlə
aşanlar...”
Hər il dekabrın 3-ü dünyada Beynəlxalq
Əlillər Günü qeyd olunur. BMT Baş
Assambleyasının 1992-ci il dekabrın 14-də keçirilən
iclasında bununla bağlı qətnamə qəbul olunub.
Əlamətdar günün məqsədi ictimai həyatın
bütün sahələrində əlillərin
hüquqlarının qorunmasına nail olmaq və ictimaiyyətin
diqqətini onların problemlərinə yönəltməkdir.
Bölgələrdə bu münasibətlə
müxtəlif səpkili tədbirlər keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti,
Şirvan Reabilitasiya Mərkəzi və şəhər
Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı
ilə keçirilən “Biz birlikdə güclüyük!”
adlı tədbirdə rəngarəng musiqi nömrələri
təqdim edilib.
Şirvan şəhər Mədəniyyət Mərkəzinin
Hacıqəhrəmanlı qəsəbə Sənətkarlıq
klubu və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən “Əlillərə qayğı
göstərək!” adlı tədbirdə dövlət tərəfindən
əlillərə göstərilən diqqət və
qayğıdan söz açılıb.
Salyan rayon Heydər Əliyev Mərkəzi və
“Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı
ilə “Əngəlləri cəsarətlə aşanlar”
adlı tədbir keçirilib. Fiziki məhdudiyyətli
uşaqların əl işlərindən ibarət sərgiyə
baxış olub, mahnılar və rəqslər təqdim
edilib.
Əlamətdar günlə bağlı Biləsuvar
rayon Heydər Əliyev Mərkəzi və rayon Mədəniyyət
Mərkəzinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə isə uşaqlar
arasında maraqlı oyunlar və viktorinalar keçirilib.
***
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət
Mərkəzinin tabeliyində fəaliyyət göstərən
“Narınqala” Folklor evinin kollektivi Ü.Hacıbəyli
adına şəhər Folklor evinin kollektivi ilə birgə
“Əlimdən tut, əngəlimi unudum” mövzusunda əlillərlə
görüş keçirib. Dövlətin bu sahədə həyata
keçirdiyi işlər haqqında məlumat verilib.
***
Ağdam rayon Seyidli kənd Uşaq musiqi məktəbinin
kollektivi Beynəlxalq Əlillər Günü münasibətilə
Yevlax Əlillərin Regional Bərpa Mərkəzində
konsert proqramı ilə çıxış edib. Konsertdə
məktəbin kollektivi tərəfindən müxtəlif
musiqi nömrələri səsləndirilib.
***
Cəbrayıl rayon Çərəkən kənd
klubu və Düzoba kənd kitabxanasının əməkdaşları
birinci qrup əlil olan Yaqub Ələsgərovun ailəsini
ziyarət ediblər. Yaqub Ələsgərov 1954-cü ildə
rayonun Çaxırlı kəndində anadan olub.
Ömrünün qırx ilini müəllimlik peşəsinə
həsr edib.
***
Masallı Günərzi Qayğı Mərkəzində
rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə birgə Beynəlxalq
Əlillər Günü ilə əlaqədar tədbir
keçirilib. Çıxışlarda əlillərin
hüquqlarının qorunmasına nail olmaq üçün
ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməyin
vacibliyi vurğulanıb. Sonra tədbirin təşkilatçıları
tərəfindən sağlamlıq imkanları məhdud
uşaqlara hədiyyələr təqdim olunub.
Nurəddin Məmmədli
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.