Film layihələri
müsabiqəsinin yekunlarına həsr edilmiş brifinq
keçirilib
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi
və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı
ilə keçirilən film layihələri müsabiqəsinə
yekun vurulub. Noyabrın 28-də müsabiqə ilə
bağlı Seçim komissiyası və Ekspert
şurasının yekun iclasında müxtəlif istiqamətlərdə
11 layihəyə, eləcə də 16 tələbə filmi
layihəsinə dəstək verilməsi qərara
alınıb.
Dekabrın 2-də Nizami Kino Mərkəzində film
layihələri müsabiqəsinin yekunlarına həsr
edilmiş brifinq keçirilib. Tədbirdə müsabiqənin
Seçim komissiyasının üzvləri kinodramaturq
İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və
rejissor Fehruz Şamiyev iştirak ediblər.
İlqar Fəhmi bildirib ki, müsabiqənin məqsədi
ölkədə kino sahəsinin inkişafının dövlət
tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin
təşviq edilməsi və yerli
kinematoqrafçıların təcrübəsinin
artırılması, milli-mənəvi və ümumbəşəri
dəyərləri təbliğ edən filmlərin
istehsalına nail olunması, eləcə də bu sahədə
özəl sektora dəstək verilməsidir.
Onun sözlərinə görə, müəyyən
müzakirələrdən sonra qaliblər səs
çoxluğu əsasında seçilib. Dövlət
sifarişi, kommersiya və sənət filmi istiqamətlərində
1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si
qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i
qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin,
tələbə altistiqaməti üzrə isə 16 tələbə
filminin istehsalına dəstək göstərilməsi məqbul
hesab edilib. Ekspert şurasının yekun qərarı ilə
dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində
ümumilikdə 11 layihənin 9-u, tələbə altistiqaməti
üzrə isə 16 tələbə filminin hamısı
Ekspert şurası tərəfindən təsdiq edilib. Ekspert
şurasının son iclasında səsvermə nəticəsində
11 qalib layihədən ikisi – “Qorqud və Zəhra”,
“Sözün varsa, de” səs çoxluğu ilə ssenarinin
inkişaf proqramına yönləndirilib. “Borc” və
“Arılar və qəbirlər” film layihələrinin isə
təkmilləşdirmə və ssenarinin inkişaf
proqramına cəlb olunduqdan sonra istehsala buraxılması
tövsiyə edilib.
Müsabiqənin son dərəcə şəffaf
keçirildiyini bildirən Aydın Talıbzadə 120-yə
yaxın film ssenarisinin müzakirə olunduğunu diqqətə
çatdırıb. Qeyd edib ki, ssenarilər tam olaraq bəyənilməsə
də, onların arasında xoş təsir
bağışlayanlar da var idi.
Filmlərin maliyyələşməsinin uğurlu
addım olduğunu deyən Fehruz Şamiyev bildirib ki, son 3 ildə
Azərbaycanda film istehsalı dayandırılmışdı.
Belə bir zamanda bu filmlərin maliyyələşməsi
çox uğurlu addım oldu. Seçim zamanı iclasın
bütün gedişinin katiblik tərəfindən protokolu tərtib
olunaraq arxivləşdirilib. Azərbaycan Dövlət Film
Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil
olunan zaman seçim komissiyasının üzvləri və Mədəniyyət
Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya,
rəqəmsal və digər audiovizual əsərlərin məzmununun
qiymətləndirilməsi üzrə bizlərlə birlikdə
televiziya rəhbərlərinin də iştirakı təmin
olunub.
Brifinqdə o da qeyd edilib ki, müsabiqənin hər
hansı mərhələsi ilə bağlı
narazılığı olan iştirakçılar Mədəniyyət
Nazirliyi tərəfindən yaradılmış Apellyasiya
komissiyasına müraciət edə bilərlər. Komissiyaya
9 nəfər yerli və xarici peşəkar
kinematoqrafçıdan ibarət heyət cəlb edilib.
Apellyasiya komissiyasına son müraciət 7 dekabrdır.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.6.