Türk
dünyasının mədəni turizm perspektivləri
Şuşada müzakirə edilib
Dekabrın 1-də Şuşada “Türk
dünyasının mədəni turizm perspektivləri”
mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Dövlət Turizm Agentliyi (DTA) və Türk Dövlətləri
Təşkilatı (TDT) tərəfindən təşkil
olunan tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan,
Qırğızıstan, Özbəkistan, Türkmənistan,
Şimali Kipr və Macarıstanın rəsmi
qurumlarının təmsilçiləri, mədəni irs
üzrə ekspertləri iştirak ediblər.
DTA-nın sədr müavini Azadə Hüseynova
açılış nitqində tədbirin əhəmiyyətini
vurğulayıb, ortaq mədəni irsə sahib olan türk
dövlətlərin turizm sahəsində də əməkdaşlığının
gücləndirilməsinə ehtiyac olduğunu qeyd edib.
Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin icraçı direktoru Tural Novruzov
Şuşanın mədəni turizmin inkişafi
üçün kifayət qədər imkanları olduğunu
diqqətə çatdırıb.
Sonra TDT-yə üzv ölkələrin nümayəndələri
“Türkdilli ölkələrin köçəri həyat tərzinin
turizm məhsuluna çevrilməsi” mövzusunda təqdimatlarla
çıxış ediblər. İtməkdə olan
köçəri həyat tərzinin türk xalqları
arasında, eləcə də Azərbaycanda hələ də
qorunub saxlandığı qeyd edilib. DTA-nın mütəxəssisləri
tərəfindən hazırlanmış “Xınalıq kəndi
və Köç yolu mədəni landşaftı” nominasiya sənədinin
bu ilin sentyabrda UNESCO-nun Dünya İrs Siyahısına daxil
edildiyi vurğulanıb.
Tədbir çərçivəsində
iştirakçı ölkələrdə köçəri
mədəniyyətini əks etdirən fotosərgi və
türk xalqlarının ortaq mətbəx nümunələrinin
təqdimatı da keçirilib.
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.4.