XX əsrdə ilk anadilli mətbu
orqanımız
“Şərqi-Rus” qəzeti-120
Milli mətbuatımızın
başlanğıcını qoyan “Əkinçi” qəzeti
1877-ci ildə bağlandıqdan sonra Həsən bəy Zərdabiyə
bir daha ana dilində qəzet nəşr etdirmək imkanı
verilməmişdi. “Əkinçi”nin yolunu davam etdirmək istəyən
“Ziya”, ardınca “Kəşkül” qəzetləri də bir
müddət sonra fəaliyyətini
dayandırmışdı. Beləliklə, 1891-ci ildən
etibarən – təxminən 12 il Azərbaycan dilində mətbu
nəşr olmayıb.
Azərbaycan ziyalıları dəfələrlə bu
iş üçün çar hökuməti dairələrinə
müraciət edirlər. Ancaq bir nəticə hasil olmur. XX əsrin
ilk illərində fədakar maarifçi Məhəmməd
ağa Şahtaxtlı Parisdən vətənə –
Naxçıvana qayıdır. Kənddəki ata
mülkünü sataraq Tiflis şəhərinə
köçür. 1902-ci ilin aprelində Rusiyanın Mətbuat
işləri üzrə baş idarəsinə xahişnamə
ilə müraciət edir. Böyük çətinliklə də
olsa, “Şərqi-Rus” adlı qəzetin Tiflis şəhərində
nəşrinə icazə alır. Öz adına mətbəə
də təşkil edir. Beləliklə, qəzet Tiflis şəhərində
M.Şahtaxtlının naşirliyi və redaktorluğu ilə
işıq üzü görür.
Ötən yüzilliyin əvvəlində ilk anadilli
mətbu orqanımız olmuş “Şərqi-Rus” qəzetinin
yaranmasının 120-ci ildönümündə bu tarixə
bir də qısa nəzər salaq.
Məhəmməd Şahtaxtılı zəngin həyat
yoluna malik, mükəmməl təhsilli bir ziyalı olub.
Naxçıvanda şəhər məktəbini, Tiflisdə
isə Kişi gimnaziyasını bitirdikdən sonra
Sankt-Peterburqda alman dilini öyrənib, Almaniyada, Leypsiq
Universitetinin Fəlsəfə, tarix və hüquq fakültəsini
bitirib. Parisdə Şərq Dilləri Məktəbində
mühazirələr dinləyib. Fransız və ingilis dillərini,
eyni zamanda ərəb, rus və fars dillərini mənimsəyib.
Beləliklə, 30 mart 1903-cü ildə “Şərqi-Rus”
qəzetinin ilk nömrəsi işıq üzü
görür. Digər anadilli mətbu orqanlarımız kimi, bu
qəzetin də başlıca məqsəd-məramı
türk-müsəlman əhalisini maarifləndirmək olur. Məhz
buna görə də qəzetin səhifələrində
dünyəvi elmlərlə bərabər, ana dili və qadın azadlığı ilə
bağlı maraqlı, məzmunlu yazılar dərc olunurdu.
Qısa zamanda “Şərqi-Rus” qəzeti dövrün mütərəqqi
fikirli ziyalılarını: Cəlil Məmmədquluzadə,
Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər
Faiq Nemanzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi,
Əliqulu Qəmküsar və Əli Nəzmi kimi ədib və
mühərrirləri öz ətrafında cəmləşdirir.
Onu da qeyd edək ki, bu nəşrin özəlliyi həm
də onun ilk gündəlik Azərbaycan qəzeti olması idi.
Qəzetin ömrü uzun olmasa da, mədəni-maarif və ədəbiyyat
tariximizdə, ictimai fikirdə çox böyük xidmətləri
olur. Məhəmməd Əmin Rəsulzadənin, Ömər
Faiq Nemanzadənin publisistik əsərləri, Firidun bəy
Köçərlinin ədəbi əsərləri, Cəlil
Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi, Lev
Tolstoyun yaradıcılığından Azərbaycan dilinə
ilk tərcümələr və digər ədiblərimizin
ilk mətbu əsərləri bu qəzetdə işıq
üzü görüb.
“Şərqi-Rus” qəzetinin Azərbaycan mətbuatında
ən mühüm rolu isə Ömər Faiq Nemanzadə və
Cəlil Məmmədquluzadə kimi şəxsiyyətləri
üzə çıxarması olub. Xüsusilə də, C.Məmmədquluzadənin
bir jurnalist və yazıçı kimi püxtələşməsində
M.Şahtaxtlının böyük xidməti olub. 1904-cü
ilədək (262-ci nömrəyədək) qəzetin redaktoru
M.Şahtaxtlı, 15 yanvar 1905-ci ilədək (392 nömrəsi
çıxib) isə C.Məmmədquluzadə olub.
Onu da deyək ki, əvvəllər M.Şahtaxtlı məslək
və qələm dostları Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev, Əlibəy
Hüseynzadə və başqaları tərəfindən dəstəklənir.
Ancaq zaman keçdikcə müəyyən fikir
ayrılıqları ilə bağlı münasibətlər
dəyişir. Milli mətbuatın məqsəd və vəzifələri
barədə fikirlərində ziddiyyətlər ortaya
çıxır. Professor Vilayət Quliyev “Üç aqilin
davası” yazısında bu haqda maraqlı məlumatlar verib.
“Şərqi-Rus” Hacı Zeynalabdin Tağıyevin
Tiflisdə bir müsəlman məktəbini himayəyə
götürdüyünü, ancaq sonradan köməklik
göstərmədiyini tənqid edir. Buna da redaktorun qələm
dostları etiraz edirlər. Qəzet isə bu etirazı kəskin
tənqidə tutur, onları isə “Hacı Zeynalabdinin qələm
qoçuları” adlandırır: “Mərdan bəy və
Əhməd bəy kimilərdə prinsip, məslək nə
gəzir! Bunlar... ac qurdlardır ki, neft sayəsində dövlətləniblər.
Bir yerə yığılıb Əlinin börkünü Vəlinin
başına qoyaraq ciblərini doldururlar. Məzəsi budur ki,
belə
çapovulçuların iddiası odur ki, mən
bunları pişvayi-islam tanıyıb, rəzalətlərini
millət nəzərində fəzilət göstərəm...”.
Həmin yazıya cavab olaraq Əhməd bəy
Ağayev qəzetin səhv addım atdığını qeyd
edir: “Belə qəzetin ilk oxucuları artıq o qədər
ziyalıdır ki, qovğalı yazılardan heç bir
zövq almırlar. O qədər həssasdırlar ki,
qovğa rubrikaları onlarda sadəcə, ikrah doğurur”.
Ümumi mənzərədən də
göründüyü kimi, bu intriqaların arxasında şəxsi
maraqlar durmayıb. Onlar, sadəcə, “Şərqi-Rus”un
tutduğu yolun yanlış olduğunu qeyd ediblər. Məqsəd
ancaq ümumi işə xidmət olub. Maraqlıdır ki,
sonralar hər şey qaydasına düşür.
M.Şahtaxtlı özü də ümummilli maraqlar naminə
şəxsi iddialarından çəkinib. Qəzet vasitəsilə
səhvini etiraf edib. Ə.Topçubaşov qələm
dostunun bu etirafını böyüklük bilib.
“Şərqi-Rus” qəzetinin sonuncu nömrəsi 15
yanvar 1905-ci il tarixdə çap olunub. Beləliklə də,
Azərbaycan mətbuatının Tiflis dövrü bu qəzetlə
başa çatmış olub...
Onu da deyək ki, M.Şahtaxtlı Rusiya imperiyası
daxilində yaşayan milyonlarla türkün milli-mədəni
inkişafında xüsusi xidmətləri olan
ziyalılarımızdandır. Böyük maarifçilərimiz
Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi
və İsmayıl bəy Qasprinskinin başladığı
yol Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Məhəmməd Şahtaxtlı və
başqalarının işıqlı əməlləri ilə
davam etdirilib. Bütün bunların nəticəsi olaraq sonda
milli ideologiya yaranıb...
M.Şahtaxtlı 1919-cu ildə Bakıya gəlir.
Bakı Dövlət Universitetinin yaradılmasında
yaxından iştirak edir. Sovet hakimiyyəti illərində ilk
professor adını alan azərbaycanlıdan biri olur. 12 dekabr
1931-ci ildə, ömrünün ixtiyar çağında – 85
yaşında vəfat edir.
Savalan Fərəcov
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.6.