Qarabəxtli
Qaragözün tanış taleyi
Qazaxıstan teatrının Bakıda tamaşası
Son aylar sənətsevərlərimiz Türk
dünyasının mədəniyyəti və incəsənəti
ilə tanışlıq baxımından özlərini
şanslı saya bilərlər. Əvvəlcə, Bakıda
keçirilən “Qorqud Ata” film festivalı, ardınca
TÜRKSOY teatr festivalı, bu günlərdə isə
Qazaxıstan Mədəniyyəti Günləri bizə
çağdaş qazax teatr və kinosu ilə də
tanışlıq imkanı verdi, təsəvvürümüzü
genişləndirdi.
Dünyanın ən nüfuzlu festivallarında
mükafatlar qazanan qazax filmləri kimi, teatr tamaşalarına
da baxmağa dəyər. Q.Mursepov adına Qazaxıstan
Dövlət Akademik Uşaq və Gənclər
Teatrının ötən həftəsonu (3 dekabr) Bakıda
nümayiş etdirdiyi “Qaragöz” tamaşası da bu qənaətimizə
əsas verir.
Qazax ədəbiyyatının klassiki Muxtar Auezovun
1926-cı ildə qələmə aldığı
“Qaragöz” pyesi bir əsrdir Qazaxıstan teatrlarının
repertuarından düşmür. Qardaş ölkəyə
aid internet resurslarını bir qədər incələmək
kifayətdir ki, gözəl Qaragözlə gənc el şairi
Sırımın nakam məhəbbət əhvalatına yerli
teatrların nə qədər maraq göstərdiyini görəsən.
Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının səhnəsində göstərilən
tamaşanın yeni səhnə variantının müəllifi
və quruluşçu rejissoru Fərhad Moldağalidir. Eyni
zamanda teatrın bədii rəhbəri olan 30 yaşlı
rejissor, əgər belə demək mümkünsə,
heç nədən tamaşa qurub. Yəni səhnədə
dekorasiya adına heç bir ləvazimat yoxdur. Sadəcə, səhnənin
arxa divarı boyunca iki paralel metal ştanq uzanır ki, bunun da
nəyə gərək olduğunu tamaşanın sonuna
yaxın biləcəyik. Tamaşanın musiqi və xoreoqrafik
həlli də maraqlıdır. Oljas Jakırbekin
yazdığı musiqi həm fonoqram olaraq səslənir, həm
də adını çəkdiyimiz ştanqların
arxasında əyləşmiş zəif
işığın altında yalnız silueti görünən
iki musiqiçinin canlı ifasını eşidirik.
Tamaşa saund dram janrında qurulub. Saund dram, yəni
dram və musiqinin birləşməsində bədii
sarsıntı yaradan ifadə vasitələrinin kompleksi tək
qavranılan səhnə janrıdır. Bu janrda qurulan
tamaşa rejissor, bəstəkar, xoreoqraf, səs rejissoru və
nəhayət, bütün ifası həm də vücud
plastikası üzərində qurulan aktyorların bir komanda
şəklində ərsəyə gətirdiyi əsərdir.
Bu üzdən xoreoqraf Şirin Mustafinanın da əməyi
böyükdür. Bütün aktyorlar balet artisti qədər
olmasa da, ən yaxşı pantomim teatrı aktyoru qədər
plastika nümayiş etdirdilər. Xüsusilə Qaragöz və
Akbala rollarının ifaçıları Mədinə
Öserbayeva və Anara Adilovanın ifasını qeyd etmək
gərəkdir.
Bəs nədir Qaragözün faciəsi? Niyə
sevgilisi Sırıma qovuşa bilmir? Üzdə görünən
səbəb budur ki, gənclər qohumdurlar və buna görə
də evlənə bilməzlər. Ailədə hər
şeyi həll edən və son qərarı verən
Qaragözün nənəsi Morjan (Saule Turdaxunova) nəvəsini
qonşu qəbilənin hörmətli və zəngin igidi
Narşaya (Nurjan Asılxan) ərə verməkdə
israrlıdır.
Qaragözün toyunda hər kəs sevinir, bircə gəlindən
başqa. Əslində gəlinin bu halı adaxlının
xoşuna gəlməsə də, o, fikrindən dönmür.
Sırım sevdiyi qızın toyuna gəlir, hətta poetik
deyişmə zamanı öz məhəbbətini qorumağa
cəhd göstərir. Morjan onu qovmaq istəyəndə
Sırım bu izdivacın əsl səbəbini üzə
çırpır: daha da varlanmaq üçün gözəl
qızların göz yaşına baxmadan onları başqa qəbilələrə
gəlin göndərib əvəzində çoxlu mal-qara
almaq!
Həyat yoldaşının məhəbbətinə
cavab verməyən, ondan qaçan Qaragöz Sırımla
görüşür. Onların eşqlə dolu
görüşü yazının əvvəlində
adını çəkdiyimiz metal ştanqların
arasında, sallanaraq keçir. Ola bilsin ki, rejissor baş qəhrəmanları
əsl akrobat kimi sınağa çəkməklə bu
sevginin çox təhlükəli olduğunu demək, hər
an ölümlə nəticələnəcəyinə
işarə etmək istəyir. Bu sevgiyə əvvəldən
qarşı çıxan gənclərin valideynləri
onları lənətləyir. Eşq iztirabından havalanan
Qaragöz ayrılığa, qınaqlara dözməyib
ölür. Sırım isə öz şeirlərində,
qoşmalarında köhnəlik və cəhalətlə
mübarizə aparan el şairi kimi məşhurlaşır və
ömrünün sonunadək tək yaşayır.
“Qaragöz” tamaşasını seyr etdikcə bəzi
səhnələrdə “Leyli və Məcnun” faciəsinə
oxşarlıqları da sezmək olar, hərçənd
Muxtar Auezovun “Qaragöz” faciəsindən bəhs edən
Qazaxıstan müəlliflərinin çoxu bu qəhrəmanın
taleyini “Romeo və Cülyetta” ilə müqayisə edirlər.
Çünki Qaragöz ilə Sırım kimi, Romeo və
Cülyetta da, Leyli ilə Qeys də təkcə öz sevgilərinə
qovuşmaq üçün yox, həm də onları
sıxan adət-ənənələrdən, cəhalətdən
qurtulmağa can atırdılar. Belə baxanda istər
Qaragöz olsun, istər Leyli, ya da Cülyetta – sonuc birdir:
sevgilisinə qovuşmayan qızların taleyi üzünə
gülməz.
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.3.