Mobil telefonla da filmlər çəkilir
“Yaradıcı həftə”də “CINEMO” festivalı
“Yaradıcı həftə”nin maraqlı tədbirlərindən
bir də dekabrın 1-də Nizami Kino Mərkəzində Azərbaycan
Respublikası Kino Agentliyinin dəstəyi ilə gerçəkləşən
“CINEMO” Mobil Film Festivalı idi.
Tədbirin aparıcısı Faiq Mirzəyev layihə
haqqında məlumat verdi. Diqqətə çatdırdı
ki, festivalın məqsədi Azərbaycanda gənclərin
yaradıcı fəallığının dəstəklənməsi,
onların arasında mobil telefon vasitəsilə film
istehsalının daha geniş tanıdılması, mobil
çəkiliş sahəsində biliklərinin
artırılması, istedadlı mobiloqraf və
kinematoqrafların üzə çıxarılması, mobil
filmin geniş imkanları vasitəsilə sosial dəyərlərin
təbliği və istedadlı gənclər arasında
yaradıcı əlaqələrin qurulmasıdır.
Sonra Azərbaycanda ötən əsrin 60-cı illərində
“Kino Həvəskarları Klubu”nun fəaliyyəti və
bugünkü mobil kino avadanlığının “əcdadları”
sayılan həvəskar kinokameralardan bəhs edən sənədli
film nümayiş olundu. Filmdə vaxtilə həmin klubun
üzvləri olmuş və hazırda Azərbaycan kinosunda
öz sözünü demiş kino xadimləri Oleq Səfərəliyev,
Mirsadıq Ağazadə, Tariyel Qasımov və Ələkbər
Muradovun xatirələri yer almışdı.
Filmin nümayişindən sonra Mədəniyyət
Nazirliyinin əməkdaşı Günay Rəhimova
çıxış etdi. Diqqətə çatdırdı
ki, “Yaradıcı həftə” çərçivəsində
müxtəlif mövzulu 20-dən çox layihə təqdim
olunur. “CINEMO” Mobil Film Festivalı da bu silsilədən növbəti
tədbirdir: “Mədəniyyətin təbliği
üçün kino çox güclü vasitədir. Kinonun
inkişafında, təbliğində müxtəlif
müsabiqələrin, festivalların rolu danılmazdır. Mədəniyyət
Nazirliyinin kino strategiyasına uyğun olaraq, Azərbaycan
kinosunun dünyaya inteqrasiyası üçün belə
müsabiqə və festivalların keçirilməsi prioritet
istiqamətlərdən biridir. Düşünürük ki,
bu festival yeni istedadların üzə çıxmasına təkan
verəcək”.
Əməkdar incəsənət xadimi, rejissor Elxan Cəfərov
layihənin əhəmiyyətini yüksək qiymətləndirdi.
Dedi ki, layihə gənc nəsildə bu sahəyə
marağı artıracaq. Cəmiyyət quruculuğunda gənclərin
yeni fikirləri çox vacib və dəyərlidir.
“CINEMO” Mobil Film Festivalının müəllifi və
rəhbəri, aktyor, prodüser Ruslan Sabirli layihənin məram
və məqsədindən danışdı, dəstək
olan təşkilatlara təşəkkürünü bildirdi.
O, müasir dövrdə mobil telefonlarla filmlərin, hətta
serialların çəkildiyini qeyd etdi. Bildirdi ki, son illər
mobil telefonların çəkiliş keyfiyyətinin
artması ilə mobil kinematoqrafiyanın inkişafı
üçün geniş imkan yaranıb. Bu sahədə
böyük işlər görülür, festivallar təşkil
olunur, müsabiqələr keçirilir.
Sonda mobil telefonla çəkilmiş və dünyada
böyük maraqla qarşılanan “Gəzinti” adlı
fransız filmi nümayiş olundu.
L.Azəri
Mədəniyyət .- 2023.-6 dekabr(¹90).- S.5.